Həvəskar komandanın həvəssiz çıxışı

22:19 31-10-2017
Həvəskar komandanın həvəssiz çıxışı

“Həvəskarlar Futbolu” layihəsi istiqamətində növbəti yazımız “Ağdaş” həvəskar komandasından olacaq. Bu komandayla bağlı geniş reportaj hazırlamaq üçün həmin rayonun da futbolunu bir az araşdırdıq. Məlum oldu ki, rayonda yeganə böyük futbol komandası “Ağdaş”dı. Vaxtilə peşəkar komandaları olan bu bölgə hazırda ancaq həvəskar komanda səviyyəsində təmsil olunur. Öncə “Ağdaş”ın yaranmasından davamında isə hazırkı durumundan yazacağıq.
Ağdaşda hələ sovetlər dönəmində belə futbol olub. Müstəqillik illərində isə “Şirvan” adlı komanda fəaliyyət göstərib. Bu komanda uzun illər I divizion səviyyəsində çıxış edib. Lakin 1998-ci ildən 2001-ci ilə qədər klub yenidən “Şirvan” adı ilə Həvəskarlar Liqasında mübarizə aparıb.
2002-ci ildən rəsmən fəaliyyətini dayandıran “Şirvan” klubu uzun illər toparlana bilməyib. Tribunaları dolub-daşan o stadiondan əsər-əlamət qalmayıb. Stadion rayonun futbolsuz qalan illərində qapılarını futbol üçün yox, müğənnilərin konsertləri üçün açırmış. Tarix boyu bir çox oyunlara şahid olmuş şəhər stadionu xırda kəndlər arası yarışlardan başqa heç nəyə yaramırmış. Amma maraq o qədər idi ki, bu xırda yarışları belə izləmək üçün stadiona 200-300 azarkeş gəlirmiş.
Vəziyyət belə acınacaqlı durumda olduqda Ağdaşda yenidən komanda yaradılır və respublika səviyyəsindəki hər hansı bir yarışda mübarizə aparmaq istəyi yaranır. Futbola bu qədər həvəs, istək olan rayonun futbolsuz qalmasına dözməyən Ağdaş futboluna həyatını həsr etmiş İlfan İbrahimov və futbolla maraqlanan, tamamilə həvəskar olan iki-üç futbolçunun təşəbbüsü ilə 2013 ildə Ağdaş futbolunda yenidən canlanma yaranır. Bu dəfə “Ağdaş” adıyla yenidən Həvəskar Liqasında mübarizə aparan komandanın ilk mövsümü uğursuz alınır. Bu bir il müddətində komanda oyunçularının maddi dəstəyilə fəaliyyət göstərir, lakin növbəti il rayon rəhbərliyi komandanı öz himayəsinə götürür və “Ağdaş” yenə Həvəskar Liqasında çıxış edir. İllər sonra stadiona yenə azarkeş gəlir, rayonda futbol ab-havası bərpa olunur. Tək əksik nəticə olur. 2015-ci ildə “Ağdaş” komandası tamamilə yenidən qurulur. Komandaya 4-5 tanınmış futbolçu da dəvət olunur. Yenə də eyni liqada çıxış edən komanda yeni baş məşqçi Ruslan Hüseynovun rəhbərliyiylə iddialılar sırasında olur. Stadiona Premyer Liqa oyunlarında belə adət etmədiyimiz 1000-1200 nəfər azarkeş gəlir.


Bu qədər azarkeşin Həvəskar Liqasının oyununu izləməsi Ağdaşın futbol rayonu olduğunun göstəricisi idi. Hədəfi çempionluq olan komanda həm Həvəskar Kubokunda, həm də Həvəskarlar Liqasında mübarizəni yarımfinalda dayandırır. Məqsəd isə növbəti mövsümdən mübarizəni I divizionda aparmq idi. Hətta bu barədə müəyyən danışıqlar aparılmış və bəzi addımlar atılmışdı. Amma yaranan maddi problemlər bu istəyin həyata keçməsinə imkan vermir. Əlbəttə ki, “Ağdaş” klubu peşəkar komanda səviyyəsindən çox uzaqdı. Hazırda komanda öz varlığını qoruyur, bu mövsüm də Həvəskar Liqasında çıxış etmək istəyirlər, lakin maddi sıxıntılarının buna imkan verəcəyinə gümansızdılar. Komanda məşqləri və oyunları Ağdaş Şəhər Stadionunda keçirir.


“Ağdaş” komandasının hazırkı durumu ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Həsən Quluzadə ilə söhbətləşdik. O, bildirdi ki, hazırda komandasında maliyyə böhranı yaşanır:

"Bizim rayonda futbol həmişə olub. Ağdaş əsl futbol rayonudur. Komandanin yaranmağına səbəb 2-3 həvəskar oyunçu olub. Elvin Qənbərov, Sənan İsmayılov, Rəhman Əliyev kimi oyunçular həm də klubun təsisçiləri sayılır. Onlar 1-ci ili tamamən öz güclərinə oynayıblar. Səfərə getmək-gəlmək hamısı öz ciblərindən olub. Bu, artıq4-cü ildir. Amma ötən 3 ildə rayon rəhbərliyi - icra hakimiyyətinin başçısı şəxsən işi üstünə götürmüşdü. Eyni zamanda Ağdaş rayon İdman İdarəsinin rəhbəri Azad Gözəlov da köməyini əsirgəmirdi.3 il uğursuz çıxışdan sonra heyət tamamilə başdan yeniləndi. Komandaya Qəbələdən, Bakıdan oyunçu gətirdik. Qonşu Mingəçevir şəhərindən də futbolçular vardı. Lakin onlarla yollarımızı ayırmışıq. Baş məşqçimiz isə Qəbələdəndir: Ruslan Hüseynov. Hüseynov həm də Qəbələ Futbol Akademiyasında işləyir. Hazırda isə maliyyə məsələmizdə ciddi problemlər yaranıb. Əgər bu problem həll olunmasa, növbəti mövsümdən çıxış edəcəyimiz sual altında olacaq. İndiyə kimi Ağdaş Rayon İcra hakimiyyətinin köməkliyi ilə fəaliyyət göstərirdik. Xırda problemlərimizi isə ev oyunlarında biletlərin satışından əldə edilən maliyyə hesabına həll edirdik. Oyunlara ən azı 500-600 azarkeş gəlir, amma hamısı bilet almır. Məcbur etmirik ki, bilet alsınlar. Kim ki komandaya dəstək olmaq istəyir 1 manata bilet alırdı. Hər ev oyununda 100-150 manat pul yığılırdı.
Bizə yaxın yerlərdə komandalar olmadığı üçün zona yarışlarında iştirak etmirik, birbaşa ikinci tura qatılırıq. İkinci tur start götürəndə komandanın taleyi bəlli olacaq".


Ağdaş rayonu futbol üçün şəraitinə görə çox bərbad durumdadı. Stadionun vəziyyəti acınacaqlıdı. Ağdaş şəhər stadionu 2005-ci ildə əsaslı təmir olunub. 2500 nəfərlik tribunalar plastik oturacaqlarla yenilənib, soyunub-geyinmə otaqları bərpa edilib, hamam, iş otaqlar təmir edilib. Amma təəssüflər olsun, bu təmir uzunömürlü olmayıb. Hazırda stadionun tribunaları beton, soyunub-geyinmə otaqları yararsız, hamam və tualetləri isə baxımsız vəziyyətdədi. Arenada meydançanı işıqlandırma sistemi quraşdırılmayıb. Stadion təbii ot örtüklüdü.

Rayonun Təhsil Şöbəsinin balansında olan stadionun bərbad durumda olmasına baxmayaraq, qazonu normal vəziyyətdədi. Qazonun ümumiyyətlə, bu stadionun hələ də mövcudluğunu qoruması üçün Ağdaş futbolu İlfan İbrahimova minnətdar olmalıdı. Bu insan hər gün səhər mütləq stadiona gəlib baş çəkir,hər yerini yoxlayır və artıq-əskiyinə nəzarət edir. Gücü çatan qədər stadionu yararlı halda saxlamağa çalışır.
Həvəskarlar futbol federasiyaının baş katibi Füzuli Nəcəfov da həmişə bölgələrdəki meydança problemlərindən şikayətlənir. Lakin bu stadionda həvəskar səviyyədə olan komandaların oynaması üçün şərait yetərlidi.

Ağdaşda şəhər stadionunun o qədər də əlverişli olmamasına baxmayaraq, İlfan İbrahimovun böyük səyi nəticəsində az yaşlılar üçün də bir imkan var. Belə ki rəsmi olaraq 11,12,13,14 yaşlılardan ibarət komandaya sahib olan Ağdaş son illərdə üç-dörd yeniyetməni Qəbələ Futbol Akademiyasına göndərə bilib. Sözsüz ki, belə əlverişsiz şəraitdə bu da futbolun inkişafı üçün bir töhvə sayıla bilər.
Ağdaş rayonunun uşaq futbolundakı vəziyyəti öyrənmək üçün hazırda rayonda uşaq komandalarında məşqçilik edən veteran futbolçu İlfan İbrahimdan açıqlama adlıq. Ağdaşın “Fatih Terimi” adlandırılan İbrahimov şəraitsizlikdən şikayətləndi:

“Ağdaş rayonunda futbol həmişə olub. Baza və bünövrə olaraq futbol burda sevilib. Gənclərin və uşaqların da marağı həddindən artıq çoxdur. Atam uzun illər rayonun İdman İdarəsinə rəhbərlik edib. O vaxt İdman Komitəsi idi. Mən özüm 10 yaşımdan futbol oynamağa başlamışam. İndi də uşaq futbolunda məşqçilik edirəm. Həm uşaqlara dərs keçirəm, həm də stadiona baxıram. Neçə ildi çalışıram, stadiona əlavə işçilər götürə bilmirəm. Stadionun həm bağbanıyam, həm fəhləsiyəm, həm də müəllimiyəm. 4 yaş qrupu üzrə aşağı yaşlılardan ibarət komandamız var. 11,12,13,14 yaş qrupları üzrə ölkə yarışlarında çıxış edirik. AFFA-nın layihəsində də iştirak edirik. Təhsil Nazirliyinin də yarışlarına qatılırıq. Mən bəzi yerlərdəki kimi uşaqlardan pul alıb hazırlamıram. Əmək haqqını Təhsil Şöbəsindən alıram. Hazırda nə rayonun İcra Hakimiyyəti, nə də ki Bələdiyyəsi köməklik göstərmir. İnanırsınız ki, rayon çempionatı keçirtmək üçün bir dəfə Bakıya şikayət elədim. İdman İdarəsi yarış keçirtmir, onlar bu işləri görməlidirlər. İşləri ancaq şəkil çəkməkdi. Bir dəfə Futbol Veteranları İttifaqına yarış keçirilməsinə görə məktub yazdım, onlar təşkil elədilər, 1 il keçirildi, sonra yenə qaldı. Rayonda futbola həvəs böyükdü, amma rayon futbolu acınacaqlı durumdadı”.

4 Ildir davamlı həvəskarlar liqasında iştirak edən "Ağdaş" komandası, böyük ehtimal bu mövsüm çempionatdan kənar qalacaq. Buna səbəb komandada yaranan maliyə problemləridi. "Ağdaş" çıxış etdiyi dörd ildə iki dəfə dörddə birdə, iki dəfə isə yarim finalda mübarizəni dayandırıb. Qədimnən futbol ənənəsinə malik olan Ağdaş şəhəri, "Ağdaş" FK-nın yaranması ilə yenidən futbol ab - havasına bürünmüşdü. Lakin ötən mövsümün sonlarından başlayan maliyyə problemləri komandada kifayyət qədər problem yaratdı. Hətta fəaliyyətini ötən mövsüm davam edərkən dəyandarmağı planlayan həvəskar komanda, son anda bu fikirindən daşınmışdı. Yaranan bu problem bu il də davam etdiyi üçün "Ağdaş" həvəskar komandası maliyyə məsələsini tezliklə yoluna qoya bilməsə bu il Həvəskarlar Liqasından kənarda qalacaq. Hazırda komandada əhval-ruhiyyə çox aşağıdı. Komandaya başqa bölgələrdən də gələn fubolçular maliyyə yetərsizliyinə görə gələ bilməyəcəklərini bildirirlər.

P.S. Ağdaş kimi futbola marağı olan rayonun komandasının fəaliyyətini dayandırması çox üzücü haldı. Gözləntilər bu həvəskar komandanın peşəkar futbola keçid edəcəyi olduğu halda komandanın fəaliyyətini dayandırmaq istəməsi Ağdaşda əsl şok effekti yaradıb. Bu komandanın dağılmaması üçün rayon rəhbərliyi bu məsələyə biganə yanaşmamalıdı. Futbol ənənəsi olan, hətta futbol rayonu belə sayılacaq Ağdaşı idmanın bu şah növündən uzaqda qoymaq olmaz.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirirlir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 

 


.
.
.
0.4892201423645