“Komandam bu oyundan həzz alırdı” - Ştefan Kunts

21:25 09-11-2017
“Komandam bu oyundan həzz alırdı” - Ştefan Kunts

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində səfərdə Azərbaycan yığmasını darmadağın edən (7:0) Almaniya millisinin baş məşqçisi Ştefan Kunts oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportmedia.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- İlk oyunda da böyük hesabla məğlub etməyimzə baxmayaraq, bu oyuna ciddi hazırlaşmışdıq. Azərbaycan millisi öz meydanında yaxşı oynayır. Bu oyunda xal itirə bilərdik. Buna görə, bu matça yaxşı köklənmişdik. Məşqçi kimi komandamın böyük hesablı qələbə qazanmasına görə şadam. Oyunun ilk dəqiqələrində qol vurduq. Komandam verdiyim tapşırıqları tam yerinə yetirdi. Futbolçularmın oyunundan tam razı qaldım. Komandam bu oyundan həzz alırdı.
- Futbolçu kimi karyeranız ərzində ən böyük uğuru 21 il əvvəl, Almaniya millisinin heyətində Avropa çempionu olarkən qazanmısız. Həmin vaxt baş məşqçiniz olan Berti Foqts uzun müddət Azərbaycan yığmasına rəhbərlik edib. O, ölkəmizdə çalışdığı zaman tez-tez Azərbaycanın futbol yox, şahmat ölkəsi olduğunu deyirdi. Millimizə 2 oyunda 13 top vurduqdan sonra sabiq baş məşqçinizə haqq qazandırırsız?
- Mən şahmat oynaya bilmirəm. Ona görə, deyə bilmərəm burda necə şahmatçılar var (gülür). Hər bir rəqibə hörmətlə yanaşıram. Buna görə, rəqibin oyununu qiymətləndirmək istəməzdim.
- Bu gün Azərbaycan millisindən nə gözləyirdiz?
- Azərbaycan millisi bu gün ürəklə mübarizə apardı. Əsasən, standart vəziyyətlərdə təhlükə yarada bilirdilər.
- İlk oyunda 6:1 hesabıyla qalib gəlmişdiz. Adətən, belə oyunlardan sonra futbolçular matça köklənmədə əziyyət çəkirlər. Bu oyundan sonra komandanızı Bakıdakı qarşılaşmaya necə kökləyə bildiz?
- Komandamın üzvlərinin çoxu peşəkar futbolçulardı. Məsələn, Dahud “Borussiya”da tez-tez şans qazanır. Onların bir çoxu 80 min azarkeş qarşısında oynayıblar, 100 azarkeş qarşısında da eyni mübarizə aparmalıydılar. Buna görə, futbolçuları bu oyuna kökləmək üçün xüsusi nəyəsə ehtiyac olmadı.
- Stadiondan razı qaldız?
- Meydança əla vəziyyətdə idi. Paltardəyişmə otaqları da təmiz və yaxşı vəziyyətdə idi. Dünən məşqdən əvvəl meydançanın sulanmasını xahiş etmişdim. Dərhal yerinə yetirdilər. Buranın insanları çox gülərüzlü və səmimidilər.
- Sizcə, Renat Dadaşov Almaniyanı Azərbaycana dəyişməklə səhv etməyib ki?
- Renat barəsində məlumatım azdı. Onu bu gün ilk dəfə gördüm. Belə oyundan sonra onun barəsində nə isə fikir bildirmək çətindi.(komanda.az)


.
.
.
0.33304715156555