(LAYİHƏ) Həvəskar futbol və “Region Liqası” (I HİSSƏ)

20:43 19-11-2017
(LAYİHƏ) Həvəskar futbol və “Region Liqası” (I HİSSƏ)

“Həvəskarlar futbolu” layihəsi çərçivəsində bu dəfəki yazımızı əsasən həvəskar futbolun ölkəmizdəki fəaliyyətinə və yeni yaranan “Region Liqası”nın nə dərəcədə əhəmiyyət kəsb etdiyinə həsr etdik.

Böyükdən balacaya ölkə futbolunun inkişafı barəsində kimnən soruşsan,hamımız bir ağızdan eyni şeyləri təkrar edərik. "Futbolu bölgələrə yaymaq lazımdır".
Əlbəttə ki , rayonlarda, qədim futbol ənənəsi olan bölgələrdə idmanın bu növünə diqqət daha ciddi  olsa ölkə futbolunun inkişafına daha tez nail olarıq. 
Amma bu işi necə etmək lazımdır? Bunün üçün hansı cəhdlər edirik? Əvvəlcə bunlara baxmaq lazımdır.
Premyer Liqamızda cəmi səkkiz komanda olmağı əslində hər şeyi çox gözəl şəkildə izah edir. Və üstəlik bunların altısı paytaxt komandasıdır...

Futbolu  əyalətə yaymağın yolları alt liqalardan və həvəskar futboldan keçir. Ölkədə  peşəkar səviyyədə cəmi iki liqa fəaliyyət göstərir. Adətən bölgə komandalarını I divizonda görürük. Nə qədər ürək açan səviyyədə olmasa da hərdən "I divizon Premyer Liqadan daha maraqlıdır" fikirlərini eşidirik, çünki I divizionda əyalət komandaları var. Ən azından çempionatda çıxış edən komandalar sözün əsl mənasında səfərə yollanırlar. Yollandıqları səfərdə əla vəziyyətdə  olan meydança, baza, soyunub-geyinmə otağı görməsələr də, heç olmasa az-çox azarkeş görürlər. Paytaxtdakı oyunlarda bu görüntüyə həsrət qalsaq da bölgələrdə nisbətən  bu cəhətdən vəziyyət ürək açandır. 
Ümumiyyətlə, azarkeşsiz futbol həqiqətən alınmır. Boş tribunalara oynamaq nə futbolçuya, nə də mavi ekranlardan baxan  izləciyə maraq vermir. Bəzən insan Avropa ölkələrinin  ikinci, üçüncü divizionlarına baxıb həsəd aparır. Heç baxırsan meydan da doğru-düzgün deyil, baxımlı oyun da olmur, lakin azarkeşlər tribunada  elə bir atmosfer yaradırlar ki, sanki Çempionlar Liqasının qarşılaşmasını izləyirsən. Yəni futbolda azarkeşin önəmi bu qədər çoxdur. Dolu tribunalar həm azarkeşlərə, həm də meydanda mübarizə aparan oyunçulara müsbət təsir edir. Əslində insanları stadiona dəvət etmək üçün nə hər hansısa bir lotereya oyununa, nə də hansısa bir tanınmış müğənninin konsertinə ehtiyyac olmamalıdır. İnsanlar özləri həftə sonlarını daha dəyərli, rəngli, maraqlı etmək üçün stadiona üz tutmalıdır. Bunun üçün isə sadəcə təşkilatçılıq və oyunlara maraq yaratmaq lazımdı...

Əslində məsələ bir təşkilatçılıq qədər sadə kimi görünsə də, əsas çətin olan təşkilatçığın hansı səviyyədə olmasıdı. Ən önəmlisi də görülən bu işdə şəffaflıq və ədalət birinci sırada yer almalıdı. Bu isə ancaq təbliğatla olmur, azarkeş bunu hiss etməlidi. Çünki boş təbliğatla, bəzəkli sözlərlə buna nail olmaq mümkün deyil. Ədaləti, düzgünlüyü, inkişafı ancaq görülən işlərlə sübut etmək lazımdı. Bugün ölkə futbolunun istənilən səviyyədə olmadığı mübahisəsizdir. Çünki futbol qurumlarımız turnirlərin, çempionatların qarşıya çıxan problemlərini həll etməkdə çətinlik çəkirlər. Ölkədə cəmi iki əsas çempionat fəalliyət göstərir, lakin bunlarla yanaşı əslində AFFA-nın nəzarət etdiyi daha bir çempionat var. O da Həvəskarlar Liqasıdı.
Bu liqanın bir çox müsbət cəhətləri var. Əgər bu liqaya daha güclü diqqət ayrılsa Premyer Liqadan daha maraqlı etmək mümkündü. Xüsusilə də bəzi bölgələrimiz var ki, burada iştirak etmək üçün həddindən artıq maraq göstərirlər. Ancaq yarışa o qədər ögey münasibət göstərilir ki, heç elə bil belə bir liqa mövcüd deyil. Halbuki, orada olan  rəqabət, azarkeş sayı təsəvvür edilməyəcək qədər yüksəkdi. Bu çempionatda çıxış edən  bir neçə bölgələrimizə səfər etmişik. Həmin bölgələrdə insanların stadionlara necə gəldiyinə, stadionlarda oyun vaxtı əsl bayram ab-havasının yarandığına şahid olmuşuq. Üstləlik əksər bölgələrdə biraz orta yaşlı insanların fərəhlə bu oyunları rayonlarının komandalarının illər əvvəlki oyunları ilə müqayisə etmələri insanların futbolu necə sevdiyini, necə həsrətində olduğunu göstərir. Yuxarıda qeyd etdiyimiz kimi əksəriyyət bölgələrin futbol üçün şəraitləri də normal səviyyədə deyil. Əslində bu məsələ bir çox bölgələrimizin bilinən problemidi. Demək olar ki, bəzi bölgələrimizdə ancaq stadionun quru adı və şəraitsiz ərazisi var.

Həvəskarlar Liqasında olan rəqabətdən əbəs yerə söz açmadıq. Gördüklərimiz, bildiklərimiz bizi bu qənaətə gətirib. Onlardan birini misal olaraq yazaq...

Təxminən iki il  bundan öncə Həvəskarlar Liqasının qrup mərhələsindən növbəti tura yüksələn iki bölgə komandamız 1/8 final mərhələsində qarşı-qarşıya gəldilər.  Bir-birlərinə bu qədər yaxın (məsafə olaraq), qonşu olan bu iki rayon arasında sən demə tarixə keçəcək futbol rəqabəti var imiş. Söhbət "Ağdaş"  və "Göyçay" komandalarından gedir. Düz iki həftə hər iki rayonda da yalnız bu qarşılaşma barəsində danışılırdı. İnanın ki, oyuna iki-üç gün qalmış oyunçular, məşqçilər öz rayonlarında ancaq bu sözləri eşidirdilər " Kimə uduzursunuz uduzun, amma bunları udun". Sanki neçə illərdir davam edən əzəli bir rəqabət varmış kimi, hər iki rayon da bu qarşılaşmaya xüsusi diqqət yetirirdi. İnsan bir anda bu iki komandanı Ppremyer Liqada olduğunu fikirləşib oradakı rəqabətin necə olacağını düşünəndə həqiqətən qəribə olur. Bəlkə də bütün ölkəyə səs salacaq bir rəqabət neçə illərdir hər kəsdən xəbərsiz kölgədə qalıb. Hər iki qarşılaşmada stadionlar tamam dolu vəziyyətdə idi. İki rayonda da səfər komandasını dəstəkləməyə kifayyət qədər azarkeş gəlmişdi. Yəni sözün açığı iki bölgədə də paytaxtdan və digər bölgələrdən "xəbərsiz" əsl futbol bayramı yaşanırdı. Bəli, bu bayramdan heç kimin xəbəri yox idi. Nə TV-lərin, nə qəzetlərin, ümumiyyətlə medianın...
Hər iki qarşılaşmada da "Ağdaş" komandası qalib gələrək növbəti mərhələyə yüksəldi. Ancaq nəticədən asılı  olmayaraq burada məğlub olanın Azərbaycan futbolu olduğunu görmək çox acı idi. 


Belə qarşılaşmalarımız çoxdu. Sadəcə birini misal çəkdik. Bu oyunları izlədikdən sonra dərhal ağıla gələn o olur ki, həvəskar futbolun inkişafı üçün nə etməliyik? Bunun üçün ilk növbədə inkişaf konsepsiyası hazırlanmalı və proqram tərtib edilməlidi. Əgər belə olsa, bu işə ciddi yanaşılsa o zaman həvəskar futbolun inkişafında böyük uğurlara nail olarıq. İşə inkişaf müstəvisindən baxsaq futbolumuzdakı rəqabətlər daha çoxalar və bu da ölkə futbolunun inkişafı üçün bir töhfə olar. Buna böyük misal olaraq son illərdə gördükləri işlərlə bütün Avropanı özlərinə heyran qoyan İslandiya ölkəsidi. Qısa bir vaxt ərzində hardan hara gəldikləri nə təsadüfdür, nə də şansdı, bu, sırf düzgün istiqamətdə çalışmağın nəticəsidi . Özü də necə çalışmaq bilirsiniz? Planlı, proqramlı, məqsədli və hədəfli bir şəkildə çalışmaq. Nə futbolu inkişaf etdirmək üçün , nə də futbolçu yetişdirmək üçün inanın ki, dahi olmaq lazım deyil. Bütün bunlar əlçatmaz deyil. Çünki artıq bütün işlərin bəlli bir sistemi var. O sistemi öyrənib gətirib ölkədə tətbiq etmək lazımdı. Bütün problemlərin hamısı düzgün olmayan təşkilatçılığın və bəlli strategiyayla hərəkət etməməyin nəticəsidi.

Son günlər ölkənin idman mətbuatında AFFA-nın “Region Liqası” yaratmasıyla bağlı çoxsaylı xəbərlər yer alır. Yaranacaq olan bu yeni liqa normal olaraq bölgə komandalarını həvəsləndirmək, özlərini göstərmək üçün yeni bir fürsət olaraq gözlənilir. Ancaq bu layihənin nə cür fayda verəcəyini əlbəttə ki, indidən təxmin etmək olmaz...

Yazının davamında “Region Liqası” haqqında məlumat verəcək və mövcud Həvəskar Liqayla müqayisə edəcəyik. Yeni yaranan bu liqanın müsbət və mənfi cəhətlərini təhlil etməyə çalışacağıq.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

Həsən

Sportmedia.az


.
.
.
0.39637398719788