(LAYİHƏ) Həvəskar futbol və “Region Liqası” (II HİSSƏ)

23:16 22-11-2017
(LAYİHƏ) Həvəskar futbol və “Region Liqası” (II HİSSƏ)

Əvvəli var...

“Region Liqası”nın mövcüd olan çempionatlardan nə kimi fərqliliyi, yeniliyi və ən əsası nə cür faydalı olacağını dəyərləndirmək üçün, layihənin əsasnaməsinə diqqət yetirdik. Diqqətimizi çəkən bir neçə bəndi sizlərə təqdim edirik. 

• Turnirin qalibini müəyyən etmək
• Regionlarda futbola marağın artırılması
• Region komandalarının inkişafına dəstək 
• Region futbolçularının ustalığının yüksəldilməsi
• Sağlam həyat tərzinin təbliği
• Kütləviliyin artırılması
• Mövsümün yekununda komandaların tutduqları yerlərin müəyyən edilməsi


Bunlar yaranacaq olan “Region Liqası”nın əsasnaməsinin bir hissəsidi. Ancaq müəyyən məqamlar var ki, onlara mütləq toxunmalıyıq. Məsələn, əsasnamənin  içərisində  "Region komandaların inkişafına dəstək" bəndi əsaslardan biridir. Əslində bu, nə qədər qulağa xoş gəlsə də reallığa keçib-keçməyəcəyi şübhəlidi. Çünki buna şübhə etmək üçün kifayyət qədər əsas var. Misal olaraq buna neçə ildi ölkədə fəaliyyət göstərən Həvəskarlar Liqasını göstərmək olar.

Bu çempionatda saysız region komandası olsa da indiyə kimi hansının inkişafına dəstək olunub? Bugün I divizona, Premyer Liqaya nəzər yetirsək orada çıxış edən neçə komandanın Həvəskarlar Liqasından gəldiyini görərik. Üstəlik neçə illərdir davam edən bu liqada kifayyət qədər də region komandası olub. Əgər AFFA-nın niyyətində belə bir fikir var idisə niyə bunu mövcüd olan çempionatlarda həyata keçirməyib, yeni çempionata ehtiyyac duyur?  
Məgər, Həvəskarlar Liqasında çıxış edən komandalar dəstəyə layiq deyillər? Yoxsa, düşünürlər ki, “Region Liqası”na qatılacaq komandalar başqa yerdən gələcəklər? Əslində qeyri-adi olan region komandalarına dəstək olmaq fikri deyil. Tam əksinə qəribə olan hazırda çıxış edən komandaların diqqətdən uzaq qalmasıdı. Axı siz indiyə kimi onlarca region komandasını dəstəksiz qoyub dağılmasına səbəb  olmusunuz. İndi necə olur ki, region komandalarına dəstək üçün yeni liqa yaradırsınız? Və üstəlik kifayyət qədər region təmsilcisi olan bir turnir varkən.

Yeniliklər etmək istəyiniz, çalışmaq niyyətinizi göstərmək üçün yeni layihələr etməyiniz başa düşüləndi. Ancaq unutmayın ki, etdiyiniz işlərin heç bir faydası olmadığı təqdirdə heç kimə lazım olmayacaq. Lakin bu layihədə konkret hədəflər və inkişaf strategiyası varsa, o zaman hansısa müsbət nəticələr qazanmaq mümkün olacaq desək yanılmarıq.

Əsasnamədə diqqətdən uzaq qalmaması gərəkən digər bənd isə belədi.

Hakimlik və İnspeksiya

17.1 Oyunları Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası  idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Region Liqasının oyunlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat hakim)
17.2 Hakimlər briqadası oyundan 90 dəqiqə əvvəl oyunun keçiriləcəyi yerə gəlməlidir.
17.3 Hakimlər briqadası 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalı, təhlükəsizlik əməkdaşları, Təcili Tibbi Yardım nümayəndəsi, klub nümayəndələri və hakimlərlə birgə iclas təşkil etməlidir.
17.4  Baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlamasına kimi həll etsin.


Bu qaydalar onsuz da ölkədə fəaliyyət göstərən Həvəskar Liqasının əsasnaməsi ilə demək olar ki, eynidi. Ən çox problem yaranan , şikayət olunan məsələ yenə də öz aktivliyini qoruyacaq. Belə ki, hazırda mövcüd olan Həvəskarlar Liqasında hakimlərin oyunlarına qiymət vermək üçün AFFA heç bir inspektor təyin etmir. Oyunlara 4 hakim təyin olur (baş hakim,yan xətt hakimləri və dördüncü hakim) və onlar protokolu özləri hazırlayırlar. Və ya başqa formada desək özləri-özlərinə qiymət verirlər. Elə əsasnamə belə idisə daha bunun harası yenilik oldu? Sizin xəbəriniz var ki sözü gedən çempionatda nə cür hakim biabırçılıqları mövcüddu? O çempionatda çıxış edən komandaları nə vaxt dindirirsən hakimlərdən elə şeylər danışırlar ki insan heyrətə gəlir. Hər cür ədalətsizlik, biabırçılıq, özbaşınalıq nə desən var. Kim bilir hələ başqa nələr var! Əksinə bu cür halların olmamasının özü təəccüblü olardı. Nəzarətsiz, diqqət yetirilməyən, hakim olar? Necə ola bilər ki, hakim matçdan sonra özü-özünə qiymət versin? Bu dünyanın harasında var?  Və üstəlik bu biabırçılıq davam edərkən siz "yeni layihə" deyib ortaya atdığınız bu ideyada da bunu davam etdirirsiniz. Bəs o zaman intizam qaydaları nəyə lazımdı? Məsələn, deyək hansısa bir "A" komandasından bir oyunçu qırmızı vərəqə alıb, İntizam Komitəsi bu zaman nə edəcək? Həmin oyunçunu cəzalandırmayacaq? Əlbəttə ki, cəzalandıracaq. Bəs hakim necə? Hakimlər səhv edib kimlərinsə "evini yıxanda" necə olacaq. Onları kim cəzalandıracaq? Heç kim? Yoxsa hakimlərinizin səhv etməyəcəyinə bu qədərmi əminsiniz? Bunların  cavabı bizim üçün də maraqlıdı. 


Əslində maralı olan orasıdı ki, əgər hər şey mövcud turnirlərdə olduğu kimi davam edəcəkdirsə, niyə o zaman yeni bir liqaya ehtiyyac duyulur?  Onsuz da belə bir liqa var. Ondansa Həvəskarlar Liqasına diqqəti biraz da artırardınız, buradan çıxan perpektivli region komandalarına dəstək verərdiniz bu da olardı əsl yenilik. Yəni yaşaya biləcəyiniz bir ev varkən, niyə orada yaşamayıb gedib başqa yerdə heç bir dəyişiklik etməyərək eynilə o cür bir ev tikirsiniz? Həm vaxtınız gedir, həm də əlavə vəsait xərclənir.

Əlbəttə ki, bir çox çatışmayan cəhədlərin olacağı başa düşüləndir. Ancaq bütün hallarda nəzərə alsaq ki, bu yeni bir layihədi, o zaman gözləntilər böyük olur. Hazırda fəaliyyətdə olan Həvəskarlar Liqasının bir çox çatışmayan cəhədləri var. Heç olmasa oradakı axsaqlıqları təyin edib yeni yaranacaq olan “Region Liqası”nda təkrarlamamaq lazımdır. “Region Liqası”nın əhəmiyyətinin  daha böyük olduğunu göstərmək lazımdır.  Burada ən çox iş əlbəttə ki, təşkilatçılığa düşür. Çünki təşkilatçılıq nə qədər yüksək səviyyədə olsa, maraq bir o qədər çox olar. Ən əsas da yeni oyunçuların yetişməsində bir vasitə ola bilər. Hərçənd ki, biz Həvəskarlar Liqasında bu hallara çox rast gəlməsək də, yeni yaranacaq “Region Liqası”nı daha səviyyəli bir şəkildə keçirtməklə buna nail ola bilərik. Məsələn, bugünə kimi hansı bir Premyer Liqa komandamızın məşqçisi Həvəskarlar Liqasında hansısa oyuna baxmağa və ya orada yeni futbolçu kəşf etməyə gəlib? Demək olar ki, heç biri. Amma bunun vacibliyini xüsusi vurğulayırıq. Peşəkar və tanınmış məşqçilərin həvəskar futbolu izləməsi eyni zamanda həvəskar futbolçulara da bir motivasiyadı. İndi yaranacaq olan “Region Liqası”na klublarımızın nə qədər yönələcəyini söyləmək mübahisəlidir. Əgər AFFA-nın yeni futbolçuların kəşf edilib, klublarımıza eyni zamanda milli komandamıza xidmət etmək hədəfləri sırasında varsa, o zaman bu liqanın mövcüd olan Həvəskarlar Liqasından daha fərqli təşkil edilməsi lazımdır.

Yeni yaranacaq “Region Liqası”nın  əsasnaməsində turnirin  liqa şəklində keçirələcəyi yazılır. Komandalar əvvəlcə bölgələr üzrə bölünüb öz aralarında bir-birləri ilə qarşılaşacaqlar. Daha sonra isə  təyin edilmiş yeri tutanlar final mərhələsinə vəsiqə qazanacaqlar. Bu reqlament eynilə Həvəskarlar Liqasında olduğu kimidi. Əvvəlcə bölgələr öz aralarında oynayır sonra final mərhələsinə yüksəlir. Hərçənd, Həvəskarlar Liqasında bölgə komandaları “Region Liqası”nın əsasnaməsində olduğu kimi liqa şəklində yox, qrup mərhələsində mübarizə aparırdılar. Əvvəlcə bölgələrdən ibarət qrup mərhələsi olurdu, daha sonra isə  qrupda yer tutan komandalar final mərhəlisənə  vəsiqə qazanırdı. Bəzi hallarda isə, necə olurdusa qrupda mübarizə aparan komandalar tutduğu yerdən asılı olmayaraq, final mərhələsinə vəsiqə qazanırdı. Hətta bəzən hansısa bir komandanın həmin il  bu liqada mübarizə aparmayacağı söylənsə də, final mərhələsində rəqiblərinin qarşısına çıxırdı. Bu isə haqlı olaraq narazılığa səbəb olurdu. Necə ola bilər ki, qrup mərhələsində qrupu sonuncu və ya 5-ci bitirmiş bir komanda final mərhələsinə vəsiqə qazansın?  O zaman bu qrup mərhələsinin nə əhəmiyyəti qalır ki? Elə turnirdə iştirak edən komandalar birbaşa final mərhələsinə yollansın, vəssalam. Və əlbəttə ki, təşkilatçılıq belə olan təqdirdə çempionatda nə maraq qalırdı, nə səviyyə, nə də ciddiyyət.

Yeni yaranacaq liqanın da əsasnaməsi nisbətən buna bənzərdir. Əvvəlcə bölgələr arasında liqa şəklində oyunlar keçiriləcək sonra isə, təyin edilmiş yeri tutanlar final mərhələsinə vəsiqə qazanacaqlar. Ancaq onun da təşkilatçılığında bu kimi problemlər yaşanacaqsa, o zaman yaranmasının heç bir səbəbi olmayacaqdır.

Hər halda yazılanlara, verilən açıqlamalara baxsaq bu turnirə hazırlıqlar daha ciddi şəkildə gedir . Hətta öyrəndiyimiz məlumatlara əsasən hər rayonun İcra Hakimiyyətləri ilə hər bölgədə komanda hazırlanması yönündə danışıqlar gedir. Beləcə, futbolsuz bölgələrimizin də böyük futbolla təmin olunması nəzərdə tutulub. Ancaq bütün bunların hansı səviyyədə təşkil olunacağı, yeni yaranan “Region Liqası”nın futbolumuza nə kimi fayda verəcəyini zaman göstərəcəkdir.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

HƏSƏN

SPORTMEDİA.AZ

 


.
.
.
0.40168285369873