“Güclü rəqiblərlə oyunlar bizə fayda verəcək” - Joze Alesio Da Silva

22:42 30-11-2017
“Güclü rəqiblərlə oyunlar bizə fayda verəcək” - Joze Alesio Da Silva

Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək “4 Top Nations” beynəlxal turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silvanın və kapitan Rizvan Fərzəliyevin iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.
Sportmedia.az xəbər verir ki, Joze Alesio Da Silva bunları söyləyib:
“Hazırlığa 3 gün əvvəl başlamışıq. Bu az müddətdir, amma turnirə yaxşı hazırlaşmaq üçün səylə çalışırıq. Bilirik ki, bizi çətin sınaq gözləyir. Millinin əksər üzvləri “Araz”ın heyətində yer aldığından işimiz nisbətən yüngüldür.
Məşqlərə 17 futzalçı dəvət edilib, amma turnirə 14 oyunçu ilə yollanacağıq. Səfərə aparacağım oyunçuların adlarını sabah keçirəcəyimiz məşqdən sonra açıqlayacam.
Hazırkı heyətdə yer alan futzalçılardan yalnız Vassoura karyerasını ölkə xaricində davam etdirir. Onun yığmanın düşərgəsinə yaxşı vəziyyətdə qoşulduğunu qeyd edə bilərəm. Vitali Borisovun yığmadan kənarda qalması isə onun öz istəyi ilə bağlıdır. Bir neçə gün əvvəl öz klubu ilə UEFA kubokun elit-raundunda çıxış edib, gərgin çempionat oyunları keçirib. Buna görə milliyə çağırılmamasını istəyib.
Turnir çərçivəsində İran, Rusiya və Qazaxıstan kimi güclü rəqiblərlə qarşılaşacağıq. Rusiya dünya çempionatının finalçısı, İran isə bürünc medalçısıdır. Qazaxıstan da mundialda iştirak edib, üstəlik ötən il keçirilən Avropa çempionatında bürün medal qazanıb. Güclü rəqiblərlə oyunlar bizə böyük fayda verəcək”.
Rizvan Fərzəliyev: “Noyabrın 28-dən milli komanda təlim-məşq toplanışına başlayıb. Həmin gün iki, qalan günlərdə bir dəfə olmaqla məşqlər keçirik. Əsasən taktiki planda çalışırıq. Sabah gecə saatlarında İrana yola düşəcəyik. Təşkilatçı ölkə ilə bərabər, güclü Rusiya və Qazaxıstanla oyunlar keçirəcəyik. Bu yarış bizim üçün çox vacibdir. Çünki bir aydan sonra Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Həmin yarışöncəsi bu turnir sonuncu sınağımızdır. Çalışacağıq ki, layiqli oyun göstərib yüksək nəticə ilə qayıdaq və Avropa çempionatına hazırlığımızı major notlarda davam etdirək. Qitə birinciliyində böyük yarışların daimi favoritlərindən hesab edilən İspaniya və Fransa kimi maraqlı komanda ilə qarşılaşacağıq. Əlbəttə, ən azı ¼ finala yüksəlmək üçün mübarizə aparacağıq”.


.
.
.
0.52296710014343