(LAYİHƏ) Həvəskar futbol nədir və qabaqcıl futbol ölkələrində həvəskar futbolun fəaliyyəti…

22:38 28-11-2017
(LAYİHƏ) Həvəskar futbol nədir və qabaqcıl futbol ölkələrində həvəskar futbolun fəaliyyəti…

“Həvəskarlar futbolu” layihəsi çərçivəsində növbəti yazımızda həvəskar futbol anlayışının mənasını öyrənməyə və qabaqcıl futbol ölkələrində həvəskar futbolun necə fəaliyyət göstərdiyini təhlil etməyə çalışacağıq.

Həvəskar futbol nədir?

Azərbaycanda işlədilən “Həvəskar” sözü Fransız sözü olan “Amateur” sözündən götürülüb. Mənasını daha geniş ifadə etsək istəkli, arzulu anlamına gəlir. Yəni futbol oynamaq istəyi, futbolçu olmaq arzusu. Hamıda bu arzu və istəyin olduğunu iddia etməsək də dunyada çox az insan tapılar ki futbol oynamaq istəməsin. Doğrudur, bu istək, arzu və daha sonra çox çalışmaq onları futbolçu kimi formalaşmasına gətirib çıxarır, amma bu hər kəsə nəsib olmur...
O zaman neyləmək lazımdır? Çünki futbol oynamaq istəyi insanı həyatı boyu tərk etmir. Məhz bu arzu və istəkdən mütləq yararlanaraq həvəskar futbolçuları idmana qazandırmaq və bununla da bu insanların futbol sevgilərini və arzularını gerçəkləşdirmək lazımdır.
Bəs bunu necə həyata keçirməliyik? Nədən başlamalıyıq? Əlbəttə ki, işi və planlamanı düzgün quraraq daha çox fayda götürə bilərik.

Əgər faydaları nə olar soruşsanız aşağıdakıları saya bilərik.

1. Futbolun ictimailiyini artırmaq
2. Kutləviliyi çoxaltmaq
3. İnsanların asudə vaxtlarını daha səmərəli şəkildə keçirməsinə şərait yaratmaq
4. Cəmiyyətin hər bir fərdinə üzvünə bu şəraiti yaratmaq
5. Çox nadir hallarda olsa da aralarından perspektiv vəd edən istedadlı olanlarını böyük futbola, yaxud futzala qazandırmaq
6. Həvəskar yarışlar, turnirlər, çempionatlar təşkil edərək bu insanların öz ambisiyalarını həyata keçirməsinə şərait yaratmaq
7. Küçə futbolunu stadionlarda təşkil edərək onları yaşıl meydanlara yönləndirmək

Bu siyahını daha çox uzatmaq olar, amma mahiyyətcə dediklərimizdən çox da fərqlənməyəcək. Amma sadaladıqlarımızın fərqinə varsaq görərik ki, bu, çox böyük zəhmət və əziyyət tələb edən bir yoldur. Öncə yazdığımız kimi bu işi doğru və planlı şəkildə görsək effekti daha çox ola bilər.


Dünyada bir çox ölkələrdə olan sistemin və inkişaf planını sizlərə misal olaraq göstərək.
Məsələn, Almaniya bu istiqamətdə ən qabaqcıl ölkələrdən biridir. Bü ölkədə rəsmi qeydiyyatdan keçmiş 3 milyon həvəskar futbolçu var. Bu hələ rəsmi qeydiyyatdan keçmiş və rəsmi həvəskar liqalarda oynayan futbolçulardır.
Sadə insanların futbol oynaması üçün dövlət ölkə daxilində fəaliyyət göstərən hər bir yerli və xarici şirkət və müəssisələrə tələb irəli sürür ki, öz işçilərini idmana cəlb etsinlər və onlar üçün şərait yaradtsınlar. İdman növünün seçimi həmin təşkilatların özlərindən asılıdır. Məhz buna görə Almaniyada az qala bütün təşkilatların idman qurğuları var.
Böyük Britaniyada daha fərqli sistem mövcuddur. Orada hər bir şəhərdə daxili həvəskar çempionatlar təşkil olunur və qalib komandalar artıq ölkədaxili həvəskar çempionatlara vəsiqə qazanır. Buna görə də belə çempionatlarda bir çox tanınmış şirkətlərin adlarını görə bilərik. Böyuk Britaniyada bu sistem elə dəqiqliklə işləyir ki sadə insanların və işçilərin demək olar ki 70 faizi futbol oynayır. Bu da 5 milyondan çox həvəskarın oynaması anlamına gəlir. Ancaq həvəskar liqalarında oynayan komandaların sayı 600-ə yaxındır.
Həvəskar komandaların sayı digər ölkələrdə - Rusiyada 450, Braziliyada 350, Avstraliyada 300, İtaliyada 250, İspaniyada 220, İsveçdə 150, Hindistanda 125, Çində 100, Yaponiyada 100-ə çatır. Bu rəqəmlər həmin ölkələrin futbol federasiyalarının rəsmi qeydiyyata aldığı komandaların saylarıdır. Adları çəkilən ölkələrdə qeyri-rəsmi komandaların da olduğunu nəzərə alsaq futbol oynayan həvəskar insanların saylarının inanılmaz dərəcədə çox olduğunu görərik.

Həvəskar futbol bütün dünyada insanların həvəskar səviyyədə oynadığı futboldur. Milyonlarla insanın oynadığı həvəskar futbolun müxtəlif növləri mövcuddu.

1. Həvəskar böyük futbol
2. Həvəskar futzal
3. Həvəskar mini futbol
4. Futbolun digər növlərində həvəskar fəaliyyət

Həvəskar futbolun bütün növlərində hər ölkədə müxtəlif növdə yarışlar keçirilir. Elə ölkələr var ki, orada həvəskar turnirlər və çempionatlar çox yüksək səviyyədə təşkil olunur, çünki bu ölkələrdə həvəskar futbol cəmiyyət tərəfindən çox sevilir və oynanılır.
Qabaqcıl futbol ölkələrində təşkil olunan bu yarışların təhlilini edək.

Çexiya... Bu ölkə həvəskar futbolda ən qabaqcıl ölkədir desək yanılmarıq. Burada futbolun bütün növlərində həvəskar liqalar var. Bu ölkədə böyük futbolda 3 həvəskar liqa var və hər liqada 24 komanda mübarizə aparır. Həmin liqalar Həvəskar, Super həvəskar və Yarıpeşəkar adlanır. Futzalda 2 həvəskar liqa fəaliyyət göstərir və hər birində 18 komanda çıxış edir. Mini futbolda isə 3 liqa və toplamda 128 komanda var. Mini futbol yarışları 6 bölgə üzrə təşkil olunur. Komandalar həm təşkilatları, həm də idman cəmiyyətlərini təmsil edirlər. Bu ölkədə həvəskar komandalara sponsorluq edən təşkilatlar 20 faiz dövlət büdcəsinə ödənən vergidən azad olunurlar.

Türkiyədə 8 bölgədə 156 komandanın iştirakı ilə 2 liqada həvəskarlar arasında çempionat təşkil olunur. Sadəcə bu çempionatların məqsədi komandaların addım -addım peşəkarlığa gedən yolunu təşkil etçəkdi. Qaliblər növbəti səviyyəyə yüksəlir və bununla da həvəskar və gənclərin böyük və peşəkar futbola gedən yolları açılır. Türkiyədə əsasən həvəskar komandaları bələdiyyələr maliyyələşdirir. Universitet və cəmiyyətlərin və bəzən də şirkətlərin komandaları burada təmsil olunur. Maliyyələşdirmə bələdiyyələrin topladığı vergilər və şirkətlərin vergidən azad olunmuş hissəsi ilə ödənilir. Ona görə də Türkiyə dunyada həvəskar futbolçuların ən çox oynadığı ölkələr siyahısında yer alır. Bu ölkədə futzal üzrə peşəkar liqa olmadığı üçün futzal çempionatları 4 bölgə üzrə 80 komanda arasında keçirilir. Mini futbol isə demək olar ki oynanılmır.

Rusiya da həvəskar liqa və komandaların sayına görə dünyada ön sıralarda yer alır. Rusiyada həvəskar komandalar arasında 12 bölgə üzrə 8 liqa və toplam 250 komanda futbol oynayır. Bu yalnızca böyük futbolda çıxış edən komandaların sayıdır. Universitet komandalarının sayı 60-dır. Futzalda həvəskar komandaların sayı isə 120-ə yaxındır. Mini futbol üzrə isə 4 liqada 80 komanda 3 bölgə üzrə mübarizə aparır. Rusiyada sistem tam başqadır. Əgər həvəskar komanda peşəkarlığa doğru irəliləmək istəyirsə, Rusiya Futbol İttifaqında rəsmi qeydiyyatdan keçməli və ən yünkək həvəskar liqadan fəaliyyətinə başlamalıdır. Komandaların maliyyələşməsi sponsor vasitəsilədi, amma burada sponsor olan təşkilatlara əyalət meriyaları tərəfindən məbləğlər ayrılır. Əgər bir universitet komandası daha yüksək liqaya vəsiqə qazanarsa onda komandanın maliyyələşməsi şəhər, yaxud əyalət təhsil şöbələri tərəfindən ödənilir.

İsveçdə həvəskar futbola baxış müstəvisi tamam başqadır. Həvəskar futbol liqalarında top oynayan bütün komandalar dövlət tərəfindən maliyyələşir. Əgər komanda peşəkarlığa doğru irəliləmək istəyirlərsə, o zaman dövlət özü həmin komandaya sponsor tapır. İsveçdə həvəskar futbolçulara aylıq maaş ödənilir və maaşlar İsveç Futbol Federasiyası tərəfindən təyin olunmuş xüsusi ödəniş sistemi ilə aparılır.
Norveçdə də demək olar ki eyni sistem tətbiq olunur. Bu ölkələrdə həvəskar futbolun inkişafı sistemi demək olar ki eynidir. Liqalarda, hətta komandaların sayında belə fərq yoxdu.

Almaniyada isə sistem daha fərqlidir. Dövlət demək olar ki, həvəskar komandaların təşkili üçün şirkətlərə və idman cəmiyyətlərinə, hətta klublara böyük imtiyazlar və imkanlar yaradır. Şirkətlər 30 faiz vergidən azad olunur. Komandalara geyimləri və idman ləvazimatlarını Almaniya Futbol Federasiyası verir. Bölgə və şəhər hökumət nümayəndələri hər bir komandaya tam dəstək verir. Buna görə də bu ölkədə komandalar həvəskar statusu daşısalar da peşəkar formada idarə olunur. Həvəskar komanda üçün büdcə elə bir səviyyədə olur ki, buna başqa ölkələrdə olan peşəkar komandalar belə həsəd apara bilər. Burada 4 həvəskar liqa, 8 bölgə üzrə 180 komanda fəaliyyət göstərir. Sadəcə möhtəşəmdir.
Futzal üzrə isə 3 bölgə üzrə 90 komanda 4 liqada mübarizə aparır. Və bu siyahıya mini futbol komandalarını da əlavə etsək gözümüzün önünə ağılasığmaz bir tablo gəlir.

İspaniya mərkəzi Avropa ölkələri arasında həvəskarların ən çox futbol oynadığı ölkələr siyahısında yer alır. İspaniya Futbol Federasiyasının rəhbərliyi altında 120 həvəskar komanda daha yüksək liqalara yüksəlmək üzrə mübarizə aparır. Futzalda 6 bölgə üzrə 90 komanda, mini futbolda isə 4 bölgə üzrə 60 komanda mübarizə aparır. Amna ən maraqlısı bu liqalarda oynayan komandaların maliyyələşməsi ilə bağlıdır. İspaniya Futbol Federasiyası hər bir kluba məcburiyyət şəklində 1 həvəskar və 1 futzal komanda saxlamağı tələb edir. Həmin komandaların üzvləri maaşlarını komandalardan alsalar da onların oyunlara getməsi üçün transport və yemək xərcləri federasiyanın bölgə təmsilçiləri tərəfindən ödənilir. Təbii ki federasiya həvəskarları tam geyim və avadanlıqlar ilə də təmin edir.

ABŞ-da daha maraqlı sistemlə həvəskarlar arasında çempionatlar keçirilir. Burada Həvəskar Futbol Cəmiyyəti var ki, bu cəmiyyət bütün həvəskar futbolçuları öz ətrafında birləşdirir və futbol federasiyasından ayrı olaraq öz yarışlarını təşkil edir. Burada 110 komanda mübarizə aparır. Futbol federasiyasının təşkil etdiyi həvəskar futbol liqasında isə yalnız universitet və idman cəmiyyətlərinin komandaları iştirak edir.

Saydıqlarımız həvəskar futbol üzrə inkişaf etmiş ölkələrdi. Növbəti yazılarımızda digər qabaqcıl futbol ölkələrindən də nümunələr təqdim edəcəyik və çalışacağıq Azərbaycan üçün uyğun həvəskar futbol modelini araşdıraq.
Sadəcə informasiya üçün bildirək ki dünyanın bir çox ölkələrində məsələn, Çexiyada, Meksikada, Tunisdə, Liviyada, Çilidə, Avstraliyada, Hindistanda, Livanda və başqa ölkələrdə həm həvəskar, həm də mini futbol federasiyaları həmin ölkələrin futbol federasiyalarından ayrı, yəni müstəqil olaraq fəaliyyət göstərir. Özlərinin ayrıca büdcələri, çempionatları, liqaları və hakimləri vardır.

Növbəti yazılarımızda bu liqalarda olan idarəçilik, hakimlik və inspektorluq sistemindən nümunələr və müəyyən araşdırmalar təqdim etməyə çalışacağıq.
Bunlarla yanaşı Azərbaycanda gələcəkdə yaranacaq Mini futbol Federasiyası və mini futbol haqqında da geniş məlumat verəcəyik.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ


.
.
.
0.48256993293762