Futbol üzrə 2018-ci il dünya çempionatının püşkü atılır 

12:36 01-12-2017
Futbol üzrə 2018-ci il dünya çempionatının püşkü atılır 

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi baş tutacaq.
Sportmedia.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada, Dövlət Kreml Sarayında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Tədbirin aparıcıları ingiltərəli veteran futbolçu və ekspert Qari Linekerlə rusiyalı telejurnalist Mariya Komandnayadır. Onlara mundiala vəsiqə qazanmış 8 ölkənin nümayəndələri – Dünya Kubokunu səhnəyə gətirəcək Miroslav Kloze (Almaniya), Dieqo Maradona (Argentina), Qordon Benks (İngiltərə), Loran Blan (Fransa), Fabio Kannavaro (İtaliya), Kafu (Braziliya), Karles Puyol (İspaniya) və Dieqo Forlan (Uruqvay) assistentlik edəcəklər.
Püşkatmada Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək. Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.
Rusiya millisi meydan sahibi qismində püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər:
A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.


.
.
.