"Qarabağ" Roma səfərində

09:48 05-12-2017
"Qarabağ" Roma səfərində

Bu gün “Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son matçını keçirəcək.
Sportmedia.az xəbər verir ki, “köhlən atlar” qrup mərhələsinin VI turu çərçivəsində “Roma”nın qonağı olacaq.
Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən “Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub. Ağdamlılar İngiltərə çempionu “Çelsi”yə həm evdə, həm də səfərdə (0:6, 0:4), “Roma”ya isə Bakıda məğlub olub (1:2). Təmsilçimiz yalnız “Atletiko”(Madrid) klubuna hər iki qarşılaşmada gücünü göstərə bilib. Buna rəğmən, artıq “Qarabağ”ın qrup sonuncusu olması dəqiqləşib.
Bu gün baş tutacaq olan görüş Ağdam klubu üçün formal xarakter daşısa da, imic baxımından önməlidir. “Köhlən atlar” ilk dəfə mübarizə apardıqları turnirdən müsbət təəssüratlarla ayrılmaq istəyirlər. Meydan sahiblərinin durumu isə fərqlidir. “Canavarlar” qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. “Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər. Bunun üçün “Atletiko”nun Londonda “Çelsi”yə qalib gəlməməsi şərtdir.
Çempionlar Liqası
VI tur, C qrupu
5 dekabr
23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Ştiler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
Xal durumu: “Çelsi” – 10, “Roma” – 8, “Atletiko” – 6, “Qarabağ” – 2.


.
.
.
0.32261109352112