“Bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik” - Yunis Hüseynov

16:43 14-12-2017
“Bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik” - Yunis Hüseynov

“Oyuna istəkli başlamışdıq. Amma birinci hissədə gözləmədiyimiz halda qol buraxdıq”.
Sportmedia.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.
Ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində “Keşlə”ni qəbul edən gəncəlilər ilk matçda (0:2) olduğu kimi, yenə məğlubiyyətlə üzləşiblər – 2:3.
Görüşlə bağlı fikirlərini bildirən Hüseynov kubokda mübarizəni dayandırdıqları üçün məyus olduğunu deyib: “Hesabda önə keçdikdən sonra oyunu xilas etmək istəyirdik. Bizə yenə qollar lazım idi. Komanda istəyinə çatmaq üçün son dəqiqələrdə daha böyük qüvvə ilə irəli atıldı. Rəqib də bundan yaxşı istifadə etdi. Dediyim kimi, uşaqlarda istək var idi. Qalib gəlmək üçün oynadılar, amma alınmadı”.
Hüseynov bundan sonra çempionatda yuxarı pillələrə qalxmaq haqda düşünəcəklərini qeyd edib: “Kubokda mübarizəni dayandırdıq. Qış fasiləsindən sonra bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik. İnşallah, yaxşı toplanış keçib, qarşıdakı oyunlara baxacağıq. Yaya kimi əsas məqsədimiz güclü komanda formalaşdırmaq və bacardıqca yuxarı pillələrə qalxmaq olacaq”.
52 yaşlı çalışdırıcı “Kəpəz”in heyətində dəyişikliklər olacağını təsdiqləyib: “Kimlərin qalıb, kimlərin gedəcəyini özüm üçün müəyyənləşdirmişəm. Bu günlərdə adlar açıqlanacaq. Yeni oyunçularla danışıqlar aparılır. Amma danışıqların nə dərəcədə alınacağını, kimləri transfer edəcəyimizi bu dəqiqə deyə bilmərəm”.(apasport.az)


.
.
.
0.33842802047729