(LAYİHƏ) Həvəskar futboldan peşəkar futbola keçid 

21:03 18-12-2017
(LAYİHƏ) Həvəskar futboldan peşəkar futbola keçid 



Futbol dünyada digərlərinə nisbətən ən çox sevilən və izlənilən idman növüdür. Milyonlarla insan idmançı kimi və ya tamaşaçı kimi bu idman növünə qatılır. Futbol gənclərin mənəvi və fiziki cəhətdən sağlam yetişməsi üçün ən önəmli vasitələrdən biri kimi qəbul olunur. Bəs futbol nə vaxt və harada yaranıb? Futbolun tarixi qədimdir. Lakin, müasir futbolun qaydaları 19-cu əsrdə İngiltərədə yaranmışdı. İngiltərə ən qədim futbol klubuna (“Şeffild”), ən qədim peşəkar futbol klubuna (“Notts Kauntri”), ən qədim milli komandaya (İngiltərə Milli Komandası), ən qədim çempionat və turnirə (İngiltərə Premyer Liqası və İngiltərə Federasiya Kuboku) sahibdi.

  

İngiltərə həmçinin dünyada ən çox futbol klubuna sahib ölkədir. Hazırda bu ökədə 40 mindən çox futbol klubu var. Bu ölkənin ən yüksək səviyyəli çempionatı Premyer Liqadır (EPL). Daha sonra Çempionşip və digər aşağı liqalar gəlir. Ən aşağı səviyyəli liqalardan biri də Həvəskarlar Liqasıdı (Amateur League). Həvəskar Liqası bütün ölkələrdə ən aşağı səviyyəli liqalardan olsa da, bu çempionatın İngiltərə üçün önəmi böyükdür. Çünki, bir çox məşhur futbolçular əvvəllər həvəskar liqalarda çıxış ediblər. Bir zamanlar həvəskarlar liqasında oynamış məşhur futbolçulardan Miroslav Klose, Riyad Mahrez, Ceymi Vardinin adlarını çəkmək olar. Buna görə də, hər zaman peşəkar klublar həvəskarlar liqasını diqqət mərkəzində saxlayır, fərqlənən futbolçuları transfer etməyə çalışırlar. İngiltərədə həvəskarlar liqası olan Şimal Həvəskarlar liqası 1923-cü ildə qurulub. İlk vaxtlar bu çempionatda yalnız Böyük Belfast bölgəsinə məxsus 16 klub iştirak edirdi. Bu dövrlərdə liqada ictimai qurumlardan, özəl assosiasiyalardan, məktəb firmalarından yaranan komandalar iştirak edə bilərdilər. Hazırda liqada 171 komanda iştirak edir. Çempionat 3 bölümdən və hər bir bölüm də 13 hissədən ibarətdir.

İngiltərə Premyer Liqası bu gün dünyada ən çox izlənilən futbol çempionatıdır. Bəs nəyə görə Ronaldo və Messinin İspaniya La Liqasında oynadığı bir vaxtda İngiltərə çempionatına maraq bu qədər böyükdür? Bununla bağlı bir çox amil göstərmək mümkündür. Lakin bu sıxıcı olar. Onun əvəzinə 4 il əvvəl İngiltərə Premyer Liqasına yüksəlmiş və 2 il əvvəl sözü gedən liqada çempion olmuş "Lester Siti" və onun möcüzəvi oyunçusu, bir zamanlar həvəskarlar liqasında oynamış və indi dünyanın ən məşhur oyunçularından olan Ceymi Vardidən bəhs etmək daha məqsədə uyğun olar.

Ceymi Riçard Vardi 1987-ci ilin yanvar ayının 11-də İngiltərənin Şeffild şəhərində anadan olub. Onun uşaqlıqdan futbola böyük marağı var idi. Vardi futbolçuluq karyerasına 16 yaşında, "Şeffild Vensdey" klubunun uşaq məktəbində başlayıb. Lakin buradakı karyerası çox da uğurlu olmayıb. Həmin dövrdə gənc futbolçunun oyunu klub tərəfindən bəyənilmirdi. İngilis oyunçu bir müddət matçları ehtiyat skamyasından izləmək məcburiyyətində qalırdı. Klubun məşqçilər heyəti onun çəlimsiz və zəif bir futbolçu olduğunu düşürnürdülər. Vardinin "Şeffild Vensdey"dəki karyerası uzun çəkmədi. O, komandaya gəlməyindən 1 il keçməmiş rəhbərlik tərəfindən klubdan göndərildi. Bu hadisə 16 yaşlı Jarmi üçün böyük xəyal qırıqlığı idi. Lakin o, israrla müxtəlif klublarda özünə şans axtarırdı. Amma istədiyinə nail ola bilmədi. Vardi uzun müddət heç bir peşəkar komanda tərəfindən qəbul edilmədi. Ceymi bu dövrdə maddi sıxıntlar içində idi. Beləliklə futbol aşiqi bu gənc bir karbon fabrikində işçi olaraq çalışmağa başladı. Artıq futbol Ceymi Vardinin həyatında ikinci planda idi. Futbol onun üçün bir hobbi idi.

Komandadan qovulması Vardinin futbol sevgisini heç bir zaman azaltmadı. O, fabrikdə işlədiyi dövrdə - 2005-ci ildən həvəskarlar liqasında "Stokbric Park Stils" adlı klubun heyətində oyanamağa başladı. Hər həftənin sonu Vardi sözü gedən çempionatda top qovmağa başladı. Burada Ceymi Vardi oyunu ilə diqqət mərkəzinə düşməyi bacarmışdı. Həm məşqçilərin, həm oyunçuların, həm də azarkeşlərin rəğbətini qazanmışdı. Gənc Ceymi 2005-2010-cu illər arasında həvəskarlar liqasında çıxış edib.

O, DÇ-2010-u televizordan izləyərək, yaşıdları Co Hart, Aron Lennon İngiltərə millisinin forması ilə mundialda çıxış etdiyi zaman Vardi həftədə 30 funt-sterlinq qazandığı həvəskarlar liqasında oynayır və fabrikdə çalışırdı. Ceymi Vardi müsahibələrinin birində həvəskarlar liqasında oynayan vaxt çox üzüldüyünü, lakin burada keçirdiyi 5 ilin onun həyatında mühüm rol oynadığını bildirmişdi. Vardinin sözlərinə görə, həvəskarlar liqası nə qədər aşağı səviyyəli çempionat olsa da, sözü gedən liqa onun peşəkar bir futbolçu kimi yetişməsində böyük amil olub.

Artıq həvəskarlar liqasında hər kəsin diqqət mərkəzinə düşən Vardi zaman keçdikcə İngiltərənin aşağı liqalarında çıxış edən klubların diqqətini cəlb edirdi. 2010-cu ildə Ceymi Vardi aşağı liqa komandalarından "Halifaks Taun"a, 2011-ci ildə isə “Flitvud Taun”un heyətinə transfer oldu. Jarmi Vardinin həyatının dönüm nöqtəsi isə 2012-ci ildə Çempionşipdə mübarizə aparan “Lester Siti” klubuna transfer olması oldu.

“Lester Siti”nin heyətində 2015/2016-cı il mövsümündə İngiltərə Premyer Liqasının çempionu oldu və bu nailiyyətdə hücumçunun böyük pay sahibi olduğunu xüsusi qeyd etmək lazımdı. Vardi 2015-ci ildən İngiltərə millisinin heyətində oynayır. Bir zamanlar həvəskar liqasında top qovan və heç bir klubun qəbul etmədiyi oyunçu artıq dünyanın tanıdığı və bir çox uğuru olan məşhur futbolçudu. Həmçinin, Ceymi Vardi öz həyat hekayəsindən yola çıxaraq yeni ulduz futbolçular tapmaq və onları inkişaf etdirmək üçün futbol akademiyası da qurub. Bu akademiyada kifayət qədər şans verilməyən həvəskar futbolçular qəbul edilir.

Vardinin həyat yolundan qısa yazmağımızda məqsəd həvəskarlar liqasının nə qədər önəmli olduğunu və İngiltərədəki bu çempionatın xüsusi seçildiyini qeyd etmək idi. Bu qabaqcıl futbol ölkəsində həvəskarlar futboluna çox önəm verirlər. Çünki həvəskarlar futbolu İngiltərə fubolunun inkişafında böyük əhəmiyyət kəsb edir, bir növ baza rolunu oynayır. Peşəkar futbolçuların çoxusunun yolu məhz buradan keçir. Həvəskarlar futbolunda sırf bu işlə məşğul olan seleksiyaçı-məşqçilər var. Seçdikləri gənc futbolçuları bir az da təkmilləşdirərək peşəkar klublara satırlar. Bununla da peşəkar klublar üçün seçim geniş olur və həvəskar futbolla məşğul olan istedadlar önə çıxarılır.

Lakin Azərbaycanda həvəskarlar futboluna “barmaqarası” baxırlar. Həvəskarların oyunlarında hansısa seleksiyaçı məşqçimizin stadionlardan bu oyunlara baxıb seçim etdiyini demək çox çətindi. Həvəskarlar futbolundan peşəkar futbola keçid edən azsaylı futbolçularımız isə əsasən tanışlıq və şəxsi münasibətlər əsnasında bunu edə bilir. Acı olsa da bu, həqiqətdi. Çünki klublarımız əsasən hazır, yetişmiş təcrübəli futbolçulara üstünlük verirlər. Lakin bir qisim həvəskar futbolçu isə I diviziona cəlb edilir. Bunun da əsas səbəbi I divizionda olan futbolçu qıtlığıdı.

Əgər futbolumuzun inkişafını istəyiriksə peşəkar liqalarla yanaşı həvəskarlar futboluna da diqqət ayrılmalıdı. Və seleksiyaçı məşqçilərimiz həvəskarlar futbolunda olan gənc istedadları üzə çıxarmaq üçün səy göstərməlidi. Bunun üçün klubların da istəyi önəmlidi. Klublarımız tək bugünü yox, gələcəyi də düşünsələr inkişaf olar. Həvəskar klublarla peşəkar klubların əsas fərqlərindən biri də budur – perspektivə düşünülmüş gələcək.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

FƏRİD BAXIŞOV
SPORTMEDİA.AZ


.
.
.
0.61138510704041