(LAYİHƏ) “MTK-Ulduz” çempionluq hədəfində...

18:36 22-12-2017
(LAYİHƏ) “MTK-Ulduz” çempionluq hədəfində...

 

Hər fürsətdə Həvəskarlar Liqasının bölgə komandaları üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayırıq. Hətta məhz bu liqanın inkişafına ciddi nəzər yetirilməli, xüsusi diqqət verilməli olduğunu da dəfələrlə qeyd etmişik. Futbolun inkişafının yolu bölgələrdən keçdiyi də, hər birimizin ortaq məxrəcə gəldiyi nadir mövzulardan olub.
Həvəskarlar Liqası, əyalət təmsilçilərinin yeganə işildadığı məkandır. Burada hər komandanın bir hekayəsi, bir macərası vardır. Bəlkə də, bura futbolun necə bir qəribə oyun olduğunu tam əks etdirən bir yerdir. Həvəskarlar Liqası heç bir maddi qarşılıq olmadan, mənfəətsiz bir şəkildə komanda üçün əlindən gələn hər şeyi edənlərin bir yerə yığışdığı liqadır. Hətta işi-gücü bir kənara atıb, sırf futbol eşqi ilə alışıb yanaraq, sadəcə yaşadıqları o bölgənin adını ən zirvəyə daşımaq üçün bütün çətinliklərə sinə gələnlərin çempionatıdır desək də yanılmarıq. Bu turnir də çıxış edən adi bir bölgə komandasının, təkcə səfərə yollanarkən qarşılaşdığı çətinliklər belə, futbolun onlar üçün nə demək olduğunun ən bariz nümunəsidir. Sadəcə 4-5 həvəskarın ən çətin şəraitdə, ortaya çıxardığı bu iş, bəzən, minlərcə insanın stadiona axın etməsi ilə nəticələnir. Bir sözlə, futbolun niyə yüzminlərcə insanı birləşdirdiyini sözü gedən liqadakı komandaların, hekayəsi ilə daha yaxşı başa düşmək olar...
2013-cü il də yaranan Mingəçevirin "MTK Ulduz" komandasının da özünə məxsus bir hekayəsi var. Namiq İbrahimlinin, Mingəçevirin də Həvəskarlar Liqasında bir komandası olsun fikri, şəhərin veteran futbolçuları olan, Füzuli Bayramov, Rafael Abışov və bir vaxtlar Uşaq Gənclər Idman Məktəbinin müəllimi kimi çalışan,"Əməkdar Məşqçi" adına layiq görülmüş, uzun illər Mingəçevir futboluna xidmət etmiş Ənvər Nəsibovun da dəstəyi ilə həyata keçməyə başlayır. Uzun illərdən sonra "Nur şəhəri"nin bir komandası, Həvəskarlar Liqasında çıxış edəcək olması, həm təşşəbüskarları, həm də şəhər futbol sevərlərini həyəcanlandırmaya bilməzdi. Mingəçevir şəhərinin qədim futbol ənənəsinə malik olması da, əlbəttə ki, bu həyacanın əsl səbəblərindən idi. İstənilən halda qarşıya qoyulan bir məqsəd var idi... Və həvəskar səviyyədəki bir çempionata peşəkar kimi yanaşmaq, bu işlə tam ciddi şəkildə maraqlanmaq artıq bu insanların bir nömrəli vəzifəsi olmuşdur. Görüləcək işin çətinliyi əlbəttə ki, bu insanları öz hədəflərindən yayındıra bilməzdi. Çünki qarşıya qoyulan bir hədəf, məqsəd varsa, mütləq çətinliklər olacaqdı. Bunu başa düşmək üçün adı çəkilən insanlar, öz təcrübəlirindən də bilirdilər. Elə bu təcrübə də onlara hər çətinliyin öhdəsindən gələ biləcəkləri inamını aşılayırdı.
İlk olaraq komanda gücünü şəhər çempionatında sınamaq qərarına gəlir. Burada yaxşı oyun göstərək, iştirak etdikləri turnirlərin qalibi olurlar. Hər keçən gün biraz daha inkişaf edən komanda, sözü gedən liqa üçün bütün ciddiyəti ilə hazirlaşır. Həvəskarlar Liqasında maksimum nəticə göstərmək bu kollektivin əsl hədəfinə çevrilir. Və bu həyəcan 2013-cü il də Mingəçevir Turizim Kollecinin dəstəyi ilə start götürür. Komanda turnirə "MTK Ulduz" adı ilə başlayır...

On iki ildən sonra Mingəçevir şəhəri Həvəskarlar Iiqasında mübarizə aparacaqdı. Daha öncə 2001-2002 mövsümündə, şəhərlərini "Ulduz" komandası adı ilə təmsil edən mingəçevirlilər, olduqca uğurlu çıxış etmişdilər. O zaman da Ənvər Nəsibovun başçılıq etdiyi komanda həmin il Həvəskarlar liqasının qalıbi olmaqla yanaşı, Həvəskarlar kubokuna da yiyələnmişdilər.

Mövsümü iki kubokla bitirən komanda, o gündən sonra bir də bu liqada iştirak etməmişdi. Bu uzun fasilədən sonra, yenidən Həvəskarlar Liqasına qayıdan komanda, əlbəttə ki, yalnız çempionluq barəsində düşünə bilərdi.
Ənvər Nəsibovun rəhbərliyi altında çıxış edən komanda 2013-cü il mövsümünə də uğurla başlayır. Əvvəl mövcüd olduğu qrupdan növbətə mərhələyə yüksəlir. Daha sonra rəqiblərini bir-bir məğlub edən,"MTK Ulduz", finala qədər irəliləyir. Turnirin İsmayıllı rayonunda keçirilən final qarşılaşmasında isə, Masallının eyni adlı komandasını məğlub edərək çempionatın qalibi olur. Artıq komanda daxilindəki ab-hava tamam fərqli rəngə boyanır. Hədəflər biraz daha böyüyərək I divizionda çıxış etmək üçün təyin edilir. Komanda bu gücü özündə hiss etsə də müəyyən səbəblər bu hədəfin həyata keçməsinə mane olur. Ancaq bu istək olmasa da, "MTK Ulduz" fəaliyyətini yenidən Həvəskarlar Liqasında davam etdirmək istəyir. 2014-cü ilə də uğurlu çıxışla başlayan Mingəçevir təmsilçisi, yenə qrup mərhələsindən birinci çıxaraq növbəti mərhələyə vəsiqə qazanır.


Uğurlu çıxış davam etsə də, komandada yaranan maliyyə problemləri Mingəçevir təmsilçisini irəli getməyə qoymur. "MTK Ulduz" komandası həmin ilin 1/4 final mərhələsində mübarizəni dayandırmaq məcburiyyətində qalır.
Yalnız üç ildən sonra komanda yenidən Həvəskar Liqasına qayıtmaq niyyətindədir. Artıq növbəti mövsümün hazırlaqlarına başlayan "MTK Ulduz" komandası, yenidən köhnə uğurlarını təzələcəyinə şübhə etmir. Bunun üçün kifayyət qədər güclü heyyətə sahib olduqlarını da düşünürlər.

Bu barədə bizimlə söhbətində komandanın kapitanı, Namiq İbrahimli turnirdə çıxış etmələrinə artıq kifayyət edəcək maliyyə dəstəyinin də olduğunu bildirib. O, hədəflərinin nə olduğunu da söylədi: "Bizim üçün ayrılan vəsait bu liqada oynamağımıza yetəcək qədərdir. Güclü bir heyyətə sahibik. Hədəfimiz hər zaman olduğu kimi çempionluqdur. Özümüz də bu gücün olduğuna şübhə etmirik" deyə bildirib. İbrahimli, sözlərinə "Bu səfərki heyyətə kənar rayonlardan gələn oyunçular da cəlb olunacaq. Ağdaşdan və Qəbələdən bir neçə oyunçu ilə artıq danışıqlar aparmışıq, ümid edirik ki, hər şey bizim üçün uğurlu olacaq" deyə davam edib. O, hazırlıqlarını yüksək səviyyə də keçirməyə çalışdıqlarını bildirsə də, müəyyən problemlərin olduğunu da gizlətməyib. Kapitan məşq etmələri üçün yer problemlərinin olduğuna toxunaraq, "Bir çox sıxıntımız var. Məşq etmək üçün yer çətinliyimiz var. Amma o problemin də həll olunacağına söz veriblər. İstənilən çətinliyə baxmayaraq, biz yenidən bu çempionatda iştirak etmək istəyirik. Çünki hər zaman olduğu kimi yenə də qarşımıza məqsəd qoymuşuq" deyə fikirlərini tamamlayıb.

Əhalisinin sayına görə Azərbaycanın 4-cü böyük şəhəri olan Mingəçevirdə çoxsaylı futbol azarkeşi var. Kür çayının sahilində yerləşən bu şəhərin futbol tarixi ötən əsrin ortalarına gedib çıxır. 1966-ci ildə burada futbol "Neftçi"nin SSRİ birinciliyinin bürünc medal qazanması ilə kütləviləşməyə başlayıb. Hələ Sovetlər dönəmində də Mingəçevir futboluyla fərqlənməyi bacarıb. Tarixə ötəri nəzər saldıqda, hər şeyin istər Sovetlər dönəmində, istərsə də müstəqillik qazandığımız 90-cı illərdən fərqli olduğunu görürük. Mingəçevirin tarix boyu “Toxucu”, “Avtomobilçi”, “Kür”, “Kür-Nur”, “Ulduz” kimi adlı-sanlı komandaları olub. Bu komandalar müxtəlif müxtəlif dövrlərdə müəyyən uğurlar da qazanıblar. Lakin son illərdə “Energetik” adlı komandayla I divizionda təmsil olunan Mingəçevir artıq son mövsümdən çıxışını dayandırıb. Onsuz da autsayderlər sırasından qurtula bilməyən “Energetik” maliyya sıxıntısından çox əziyyət çəkirdi. Bu gediş belə mənfi nəticəyə gətirib çıxaracağını göstərirdi.

Şanlı futbol tarixi olan Mingəçevir hazırda ancaq Həvəskar Liqasında təmsil olunur. Bu şəhərin futbol azarkeşləri futbolla “alışıb-yanırlar”. Belə bir bölgənin hazırda peşəkar komandasının olmaması çox üzücüdü. Lakin həvəskar səviyyədə olan komandaları çox iddiialı görülür.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”

HƏSƏN

 


.
.
.