(LAYİHƏ) Peşəkar şəkildə idarə olunan həvəskar futbol növü – Mini-futbol

23:16 26-12-2017
(LAYİHƏ) Peşəkar şəkildə idarə olunan həvəskar futbol növü – Mini-futbol

Bu reportajımızda həvəskar futbolun bir qolu olan mini-futbol haqqında yazacağıq. Mini-futbol həvəskar futbolun ən geniş yayılmış növüdür desək yanılmarıq. Həvəskar mini-futbol oyunu futbolun ilk növüdür? çünki ilk topla oynanılan zamanlar insanlar məhz mini-futbol oynayırdılar. Daha sonralar bu idman növü təkmilləşərək futbola çevrildi. Qaydalar yazıldı, hakim təyin olundu, say çoxaldıldı və beləliklə futbol 11-in təməli qoyuldu.
Mini-futbol hələ 130 il bundan öncə oynanılmağa başlanılıb. Bu növ İngiltərədə fəhlələrin ən çox sevdiyi oyun olub. Qısa müddət sonra sürətlə dünyaya yayılan mini-futbol artıq milyonlarla insanın əyləncəsinə çevrilir. Mini-futbol Almaniya, İtaliya, Fransa, Çin, Yaponiya, Mərakeş, Misir, ABŞ, Braziliya və başqa ölkələrdə demək olar ki xalqın tək əyləncəsinə çevrilir.
Mini-futbol üzrə ilk rəsmi yarış 1891-ci ildə Birmingem şərab zavodunun fəhlələri arasında təşkil olunmuşdur. Hər komandanın heyətində 9 nəfər idmançı olub və oyun bir komandanın daha tez 3 top vurması ilə başa çatıb.
Mini-futbol üzrə ilk beynalxalq görüş 1927-ci ildə İngiltərə və Almaniya arasında Berlində keçirilib.
Bu idman növü həvəskar futbolun lokomotividir desək yanılmarıq, çünki bu idman növünü dünyada milyonlarla futbolçu oynayır və sevir. Məhz bu futbolda karyeralarına başlayan gənc futbolçular böyuk futbol ailəsinə qədəm basırlar. Belələrinə misal olaraq Puşkaşı, De Stefanonu, Qarrinçanı, Vavanı, Boneki, Kolleri, Zikonu, Ronaldunu, Markesi, Ronaldiniyonu, Altobellini, Buryaki, Belanovu və başqa minlərlə tanınmış futbolçuları misal gətirə bilərik. Onlar böyük futbola mini-futboldan gəliblər.
Mini-futbol sırf həvəskar futboldur. Cəmiyyətin hər bir üzvü asanlıqla mini-futbol oynaya bilər. Həkim, müəllim, mühəndis, bank işçisi, fəhlə və başqa peşə sahibləri asudə vaxtlarını məhz mini-futbol oynamaqla keçirə bilirlər. Beləliklə həm idmanla məşğul olur, həm də futbol oyunundan zövq alırlar.


Mini-futbolu çox insan futzal ilə qarışdırır, halbuki bunlar tamamilə fərqlidirlər. Mini-futbolda meydanda 6 nəfər, futzalda isə 5 nəfər oyunçu olur. Meydan ölçüləri və qapının ölçüləri də fərqlidir. Qaydalarda da fərqlər kifayət qədərdir. Hər iki növ öncələr həvəskar futbol sayılsa da, daha sonralar yəni təxminən ötən əsrin 70-ci illərindən sonra FİFA futzalı öz sıralarına daxil etməklə bu futbol növünü inkişaf etdirməyə başladı. Və məhz bundan sonra futzalda həvəskarlıqdan peşəkarlığa keçid baş verdi. Amma milyonların sevimlisi mini-futbol həvəskar olaraq qaldı.
Müasir mini-futbol artıq kifayət qədər təkmilləşmiş beynalxalq federasiyası olan bir idman növüdür. Mini-futbol üzrə Dünya və Avropa çempionatları təşkil olunur. Mini-futbol üzrə Çempionlar Liqası, Biznes Liqa və bir çox beynalxalq turnirlər keçirilir. Dunyanın 78 ölkəsində rəsmi mini-futbol federasiyası vardır. WMF-Dünya Minifutbol Federasiyasıdır. Bu təşkilat düz 15 il bundan öncə yaradılıb və ildən ilə sıraları artmaqda davam edir.
Azərbaycanda bu idman növü ilə hələ ötən əsrin əvvəllərində Bakıda oynamağa başlayıblar. Maştağa kəndi bu işdə öncül rolunu oynayıb. Burada da məhz bu idman növü vüsət alaraq bütün Azərbaycana yayılıb.
Bizdə bu idman növünü minlərlə həvəskar oynasa da, rəsmi növ kimi futzalı AFFA öz sıralarına qəbul edib. Lakin bu mini-futbol oynamaq həvəsini azaltmayıb. İndi az qala Azərbaycanın hər bir rayonunda, şəhərində mini-futbol oynayırlar. Bütün bunlaı nəzərə alaraq “Azfar” şirkəti Azərbaycanda bu idman növünün inkişafına başlayıb. Bu şirkətin rəhbərliyi Azərbaycanda olan bütün mini-futbol həvəskarlarını öz ətrafında toplayaraq Dünya və Avropada olduğu kimi ölkəmizdə də bu idman növünü rəsmiləşdirir. Buna görə də ilk olaraq rəsmi Mini-futbol assosasiyası yaradaraq bu növdə xalqımızı və dövlətimizi xarici yarışlarda layiqincə təmsil etməyə çalışır.


Mini-futbol tarixən qədim oyun olsa da, ölkəmizdə yenicə təşkilatlanmağa başlayan bir idman növüdür. Mini-futbolun futzaldan fərqli 4 cəhəti var. Birincisi futzal Fifa tərəfindən qəbul edilmiş peşəkar idman növüdür, amma mini-futbol həvəskar idman növü. İkincisi oyun qaydaları, üçüncüsü meydanın ölçüləri və dördüncü fərqli cəhəti isə oynanılan meydanın örtüyüdür. Mini-futbol dedikdə ağıla ilk gələn şey hər yerdə və hər kəs tərəfindən oynanılan bir idman növü olur. Bu idman növü cəmiyyətin bütün fərdləri tərəfindən sevilir və oynanılır.
Dünyada bu idman növü həvəskar idman növü kimi tanınsa da WMF yəni Dünya Minifutbol Federasiyası mövcuddur. Onun tərkibində bütün ölkələrin mini-futbol federasiyaları fəaliyyət göstərir. Mütəmadi olaraq mini-futbol üzrə Dünya və Avropa çempionatları keçirilir. Çempionlar Liqası və müxtəlif kubok yarışları da təşkil olunur. Yəni qisacası həvəskar idman peşəkarcasına idarə olunur. Dünyada 96 həvəskar futbol federasiyaları vardır. Deməli dünyanın 90-dan yuxarı ölkəsi bu idman növü ilə məşğul olur. Dünya üzrə rəsmi olaraq 2500-dən çox mini-futbol komandası var. Bu idman növünü oynayan futbolçuların sayı isə 1 milyondan çoxdur.

Azərbaycanda Mini-futbol Assosasiyası

Azərbaycanda bu idman növünə maraq daha böyük olduğundan “Azfar Group” şirkəti Azərbaycan Mini-futbol Assosiasiyası yaratmaq fikrinə düşdü və buna nail oldu. Həvəskar futbola peşəkar yanaşma devizini özünə rəhbər tutan “Azfar Group”un bu addımı təqdirəlayiq və alqışlanasıdır. Məhz bundan sonra Azərbaycanın hər bir guşəsində və hər bir kəs rahatca bu idman növü ilə peşəkarcasına məşğul ola biləcək. Bunun üçün “Azfar Group” əlindən gələni edəcəkdir. Təkcə Bakı şəhərində 27 mini-futbol stadionlarına malik olan “Azfar Group” bu işi bütün Azərbaycana yaymağı planlaşdırır. Buna nail olunarsa, o zaman futbolla daha çox insan məşğul ola biləcək.
Məlum olduğu kimi, “Azfar Group” şirkəti hazırda Bakı və Sumqayıt şəhərlərində 30-dan artıq stadionla həvəskar futbolçulara xidmət göstərməkdədir. Şirkətin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilmiş “Azfar Business League-ABL Cup 2017/18” çempionatı, futbol ictimaiyyətinin və işgüzar dairələrin böyük marağına səbəb olmuş, eləcə də, mini-futbolun korporativ məkanda təbliğ edilməsinə şərait yaratmışdır.


Məhz bu tədbirlərin məntiqi davamı olaraq, ölkəmizdə həvəskar futbolçuları bir araya gətirmək və mini-futbol idman növünü peşəkar müstəviyə çıxarmaq məqsədilə belə bir Assosiasiyanın yaradılmasına qərar verilmişdir. Müasir standartlara cavab verən mini-futbol meydançalarının və həvəskar futbolçularla qurulmuş sıx əməkdaşlığın mövcudluğu, öz növbəsində “Azərbaycan Mini-Futbol Assosiasiyası”nın gələcək uğurlu fəaliyyəti üçün fundamental rol oynayacaqdır.
Assosiasiyanın əsas hədəfi ölkədə futbolun inkişaf səviyyəsinin yüksəldilməsi, əhalinin müxtəlif kateqoriyaları arasında mini-futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği, habelə peşəkar futbolçuların hazırlanmasına nail olmaqdır.
Assosiasiyanın qarşısında duran əsas məqsədlərdən biri də mini-futbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə mini-futbolunun beynəlxalq mini-futbol ailəsinə inteqrasiyasını həyata keçirməkdir. Təcrübə mübadiləsinin aparılması məqsədilə artıq Avropa və Dünya Mini-Futbol Federasiyaları ilə sıx əməkdaşlığa başlanılmış, Azərbaycanın sözügedən təşkilatlara üzv qəbul olunması məsələsi ətrafında aktiv müzakirələr aparılır. Nəticə etibarilə AMFA Azərbaycanda ilk dəfə olaraq həvəskarlar arasında mini-futbol üzrə milli yığmanı formalaşdıraraq, beynəlxalq yarışlarda millimizin iştirakını təmin edəcəkdir. Habelə AMFA bayrağı altında həvəskarlar arasında mini futbol liqası yaradılaraq, qaliblərin mini-futbol üzrə Dünya və Avropa çempionatlarına getmək şansını yaradacaq.
Bunların hamısı gələcəkdə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq mini-futbol arenasında təşviq olunması, eləcə də, yeni inkişaf mərhələsində həvəskarların daha çox mini-futbola cəlb olunması üçün şərait yaradacaqdır.


Bir sözlə, Assosiasiya ölkəmizdə sosial statusundan, peşəsindən və yaşından asılı olmayaraq bütün həvəskarları mini-futbol bayrağı altında birləşdirməklə, həvəskar futbolla peşəkar futbol arasında körpü rolunu oynayacaqdır.
Bu idman növünün inkişafı və infrastrukturka yanaşı hakimlərin hazırlığı da önəmlidir. Çünki yeni idman növü olduğu üçün hakimlərin hazırlanması prosesi çətin olacaqdır. Amma “Azfar Group” da çalışan insanların biliyi, bacarığı və futbol sevgisi, hər bir şeyə peşəkar yanaşmaları bu çətin işin öhdəsindən gələcəklərinə əminlik yaradır. Bir oyunda 4 hakimin iş başında olduğunu nəzərə alsaq onda hakimlərin sayı və iş prosesinin çox da asan olmayacağı göz önündədir.
İnspektorluq sistemini də yaradılmasını qarşılarına məqsəd qoyan şirkət bu işə də peşəkar yanaşacaq. Beləliklə biz gələcəkdə peşəkar bir işin şahidi olacağıq.

Mini-futbolda hakimlik və hakim-inspektorluq sistemi

Dünya mini-futbolu və həvəskar futbol haqqında hazırladığımız bu yazıda dunya həvəskar mini-futbolu və orada hakimlik və inspektorluq sistemi haqqında da məlumat verəcəyik.
Mini-futbolda hakimlik və inspektorluq sistemi ölkələrə görə dəyişir. Elə ölkələr var ki onlar hakimlik və inspektorluq üçün yerli futbol federasiyalarına, ya da assosiasiyalarına müraciət edirlər və həmin qurumlarla əlbir işləyirlər. Elə ölkələr var ki onlarda mini-futbol yerli federasiyanın tərkibində fəaliyyət göstərir. Belə ölkələrə Çexiyanı, Macarıstanı, Almaniyanı, Rusiyanı misal göstərmək olar.
Amma elə ölkələr də var ki orada mini-futbol yerli federasiyalardan ayrıca fəaliyyət göstərdiyi üçün hakimlər də tam fərqli fəaliyyət göstərir. Buna misal olaraq İtaliya, İspaniya, Meksika, Amerika, Braziliya, Qazaxıstan, Ukrayna, Liviya, Tunis və başqa ölkələrin adlarını çəkmək olar.
O ölkələrdə ki mini-futbol yerli federasiyaların tərkibindədir onların çempionatlarında əsasən futzal hakimləri hakimlik edirlər, çünki futzal və mini-futbol oyun qaydalarında çoxlu oxşarlıq var. Amma o ölkələrdə ki mini-futbol federasiyaları ayrıca fəaliyyət göstərir həmin ölkələrdə hakimlik və inspektorluq sistemi də ayrıdır.
Mini-futbol oyun qaydaları həm böyük futbol, həm də futzal oyun qaydalarından fərqlidir. Amma futzala yaxınlığı ilə seçilir. Oyunda 4 hakim olur. Ehtiyat oyunçular skamyası tərəfdə xətt üzrə hərəkət edən hakim oyunun baş hakimi hesab olunur. Paralel xətt üzrə oyun meydanının digər xətti üzrə hərəkət edən hakim isə oyunun 2-ci hakimi sayılır. Oyunun 3-cü hakimi ehtiyat oyunçular skamyasına nəzarət edir - ehtiyat hakim adlanır. Əgər meydanda hər hansı hakimdən biri zədə alarsa ehtiyat hakim onu əvəz edir. Oyunun 4-cü hakimi isə oyunun vaxtına nəzarət edir və protokolu doldurur.
İnspektor oyunda fəaliyyət göstərən hər bir hakimə vizual şəkildə qaydalara uyğun qiymət verir. Maksimum bal 9.0 (bu əla hakimlik sayılır) və minimum bal 4.0 (bu çox pis hakimlik sayılır) olur.
Komandalar oyunun protokoluna maksimum 15 oyunçunun adını yaza bilərlər. Bunlardan 2-si mütləq qapıçı olmalıdır. Amma ümumilikdə komanda oyunun rəsmi protokoluna 20 nəfərin adını daxil edir.15 oyunçu və 5 rəsmi şəxs. Rəsmi şəxslərin biri mütləq tibbi personal olmalıdır.
Mini-futbol meydanının uzunluğu 40 metr, eni isə 30 metr olmalıdır. Bu ölçülər beynalxalq standartdır. Qapının ölçüləri 2.2×4 metr olur. Texniki zona meydana 1.5 metr məsafədə olur. Reklam şitləri meydandan ən azı 2 metr aralı yerləşdirilməlidir.


Oyunçuların sayı meydanda 1 qapıçı və 5 oyunçu olmaqla 6 nəfər olur.
Oyunda komandadan oyunçu qırmızı vərəqə alırsa komanda 3 dəq azlıqda oynamalıdır. Daha sonra başqa oyunçu oyuna daxil olur.
Mini-futbol topunun ölçüsü N5, çəkisi isə 0.420-0.450 kq olmalıdır.

Federasiyanın və hakimlərin ayrı olduğu ölkələrdə hakimlər xüsusi təlimlərlə oyunlara hazırlaşırlar. Onların geyimləri belə yerli futbol federasiyasının hakimlərindən fərqlənir. Onların və inspektorların hazırlığında mini-futbol oyun qaydalarından və minifutbol əsasnaməsi və nizamnaməsindən istifadə olunur.
Hakimlərin fiziki hazırlıqlarından sonra onlardan fiziki testlər götürülür. Bu 3 fiziki test sistemindən ibarətdir. Birincisi 4×4 dəfə olmaqla 40 metrəyə sürətli qaçış, ikincisi 2 dəfə olmaqla Aquility test və sonuncu üçüncü test isə 10 dövrə 50 metəyə cəld qaçış yəni dözümlülük testindən ibarətdir.
Xüsusi seminar keçən hakim və inspektorlar sonda mini-futbol oyun qaydalarından imtahan verirlər. Sadəcə bu imtahan yazılı şəkildə yox birbaşa meydanda əyani şəkildə cavab verməklə baş tutur.
Beləliklə həvəskar futbolun növü olan mini-futbol haqqında ətraflı məlumat verməyə çalışdıq. Növbəti yazılarımızda ölkəmizdə yenicə yaranan Minif-utbol Assosiasiyası və onun gələcək fəaliyyəti haqqında geniş söhbət açacağıq.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 


.
.
.
0.34057188034058