(LAYİHƏ) Həvəskar futbolçu olmaq üçün nələr lazımdı?

15:57 30-12-2017
(LAYİHƏ) Həvəskar futbolçu olmaq üçün nələr lazımdı?

 

Ölkəmizdə futbola maraq olduqca böyükdür. Futbolçu olmaq istəyənlərin də sayı çoxdur. Ona görə də bu yazımızda həvəskar futbolçu olmaq istəyənləri bəzi texniki və praktiki bilgilərlə məlumatlandırmağa çalışacağıq. Yazımızda həvəskar futbolçu olmaq üçün lazım olanlar, minimum bədən ölçüləri və həvəskarlar liqasında həmin futbolçunun gələcək qarantiyası haqqında danışılacaq.

Həvəskar futbolçu bunları bilməlidi...

Çox güman ki, futbol oynamağa məhəllənizdə, dostlar arasında keçirilən matçlarla başlamısınız. Futbolçu olmaq üçün ilk olaraq oynamaq istədiyiniz mövqeyi müəyyən etməlisiniz. Bir çox futbolsevərin ən böyük xətası oynaya biləcəyi mövqe ilə istədiyi mövqeyin ayrı olması və bunu bilməməsidir. Bunun üçün bütün mövqelərdə özünüzü sınamalısınız. Oynaya biləcəyiniz mövqeyi müəyyən etdikdən sonra yaşadığınız yerdə olan klublara, uşaq futbol məktəblərinə müraciət etməlisiniz. Əgər hər hansı bir uşaq məktəbinə qəbul olunsanız, öncə sınaq matçlarında, məşq proseslərində iştirak edəcəksiniz. Əgər bu mərhələni keçsəniz, komandanın ilk "18"liyinə düşmək üçün müəyyən yarışmalarda iştirak etməli olacaqsınız.

Bunun üçün siz çox çalışmalısınız. Həm fiziki, həm də psixoloji cəhətdən hazır olamalısınız. Çünki sizin yüzlərlə rəqibiniz olacaq. Futbol üçün erkən yaş yoxdur, gec yaş vardır. Məsələn, 18 yaş iş həyatı üçün erkən olsa da, futbola başlamaq üçün xeyli gecdir. Bir çox peşəkar futbolçu 7-8 yaşlarında həvəskar klublarda tər töküblər. Buna görə də, hədəfinizi müəyyən etməli və gec olmadan klublara müraciət etməlisiniz. Ətrafınızda istedadı üzə çıxmamış bir çox insanlar var. Bunun üçün qarşınıza hədəf qoymalı, çox və sürətli olaraq çalışmalısınız.

Çoxlu matç izləyin. Sadəcə azərkeşi olduğunuz yaxud oynamaq istədiyiniz komandaların matçlarını deyil, digər komandaların da matçlarını izləyin. Müasir dövrdə məşqçilər, oyunçular sırf analiz aparmaq üçün gündə 2-5 arası oyun izləyir. Siz də yaxşı bir futbolçu olmaq istəyirsinizsə, çoxlu sayda matç izləyin və analiz aparmağa çalışın. Oynadığınız mövqedə çıxış edən futbolçuları araşdırın. Yalnız müasir dövrdə oyanayan futbolçuları deyil, karyerasını başa vurmuş futbolçular haqqında da məlumat toplamağa çalışın. Araşdırdığınız futbolçuların necə qidalandıqlarını, özəl həyatlarında nələrə fikir verdiklərini, məşq prosesində necə çalışdıqlarını, fiziki və psixoloji olaraq necə hazır olduqlarını əzbər bilməlisiniz. Beləliklə, hədəfiniz daha aydın və tempiniz daha canlı olacaqdır. Əlinizdən gələni deyil, daha artığını etməyə çalışın. Futbolçu olmaq məşhur olmaq, möhtəşəm və rahat həyat yaşamaq deyil. Futbol ən çox nizam-intizamın olduğu iş sahələrindən biridir. Bəzən gündə iki dəfə məşq etməli olacaqsınız, buna hazırlıqlı olun. Heç vaxt deyinməyin və bədəninizə yaxşı baxın. Fiziki cəhətdən daha yüksək səviyyədə çıxış edəcəyinizi unutmayın. Futbola həvəskar klublarda başlasanız da, həmişə idealist olun. Bu gün heyranlıqla izlədiyimiz oyunçuların da bir zamanlar sizin kimi ən aşağı səviyyədən başladığını unutmayın.

 

Həvəskar futbolçu olmağın fiziki xüsusiyyətləri nələrdir?

Əvvəla bilmək lazımdır ki, futbol fiziki gücə və fiziki uğurlara əsaslanan bir idman növüdür. Buna görə boy və çəki mütləq bir-birinə uyğun olmalıdır. Bu, çox önəmli bir faktordu. Hər nə qədər oynanılan mövqeyə və oyun tərzinə görə bu göstəricilər dəyişsə də, bu uyğunluq müəyyən statistik göstəricilərə əsaslanır. Hər kəsin bildiyi və tez-tez vurğulanan məlumatlardan biri də odur ki, çəki boydan 110 kilo aşağı olmalıdı. Məsələn, hər hansısa bir şəxsin boyu 1.70 metrdisə, çəkisi 60-70 kiloqram arasında dəyişməlidi. Bu ümumi olaraq düzgün məlumat və dərəcələndirmə metodudur. Lakin bəzən bu faktor qulaqardına vurulur. Çünki, futbol sadəcə riyaziyyata, statistikaya əsaslanan oyun deyil.

Mövzu ilə əlaqədar misal göstərək: Türkiyənin “Fənərbaxça” klubunda eyni mövqedə - hücum mövqeyində oynayan iki oyunçunun fiziki xüsusiyyətləri aşağıdakı kimidi: Xose Fernando – Boy: 1.92 – Kilo: 102; Robin Van Persi - Boy: 1.83 - Kilo: 71 Gördüyünüz kimi, iki oyunçunun da fiziki xüsusiyyətlərinin göstəriciləri bir- birinə tamamilə ziddir. Fernando fiziki gücə əsaslanan, daha sərt oyun oynayır. Van Persi isə daha sürətli və ağılla futbol oyanayan bir forvarddır. Buna görə də, siz sürətli və atletik olmağa fikir verməlisiniz. Bəzi futbolçuların qarınlı olduğunu görürük. Buna görə də, fit qalmağa diqqət edin, futbolun sürətə əsaslanan bir oyun olduğunu unutmayın və özünüzə, bədəninizə yaxşı baxın. Daha sonra bunlar vurduğunuz qollar, məhsuldar ötürmələr və əgər qapıçı olsanız, qurtarışlar ilə sizə uğur olaraq geri qayıdacaq.

Həvəskar futbolçuların gələcək qarantiyası varmı?

“Var” ya da “yox” demək səhv istiqamətləndirmə olar. Misal üçün, Türkiyədə bölgələrin həvəskar liqasında 136 komanda var. 18 yaşlıları nəzərə alsaq, ən azı 2800 oyunçu var. Onu da nəzərə almaq lazımdır ki, həvəskarlar liqasında forma şansı əldə etmək üçün on minlərlə futbolçu var. Belə vəziyyətdə rəqabətin və sərtliyin pik nöqtəsi yaşanır. Əgər yaxşı bir həkimsinizsə, hər hansı bir xəstəxanada və ya səhiyyə müəssisəsində işə başlaya bilərsiniz. Lakin forma şansı əldə etmək və maaş almaq üçün yalnızca yaxşı bir futbolçu olmaq kifayət etməz. Eyni zamanda bir neçə rəqibinizi də mübarizədən kənarlaşdırmalısınız. Çünki futbolda hər şeydən əvvəl kontingent problemi var. Buna görə də, yüksək səviyyəli futbolçu olmaslısınız və bunu meydanda da göstərməlisiniz. Sizdən daha yaxşıları hər zaman olacaq. Siz də bəzilərindən daha yaxşı futbolçu olacaqsınız. Bütün bunları nəzərə alıb uzun müddət ərzində yüksək nizam-intizamla çalışmalısınız. Təbii ki, bu yolda sizə şans da lazım olacaq. Heç vaxt demək olmaz ki, futbolda gələcək qarantiyası var. Alacağınız gözlənilməz zədələr, 3-4 aylıq qısa bir müddət ərzində edəcəyiniz səhlənkarlıqlar futbolçu karyeranızın başlamadan sona çatmasına səbəb ola bilər.

Cəmiyyətdə danışılan mövzulardan biri də, həvəskarlar liqasında nepotizmin pik nöqtədə olmasıdı. Baş məşqçilərə, məşqçilər heyətinə və ya rəhbərliyə əl altından verilən pullar, “tanışlıqlar” bəzi futbolçuların layiq olmadığı halda forma şansı əldə etməsinə, bəzi futbolçuların isə layiq olmadığı halda mübarizəni dayandırmasına səbəb olur. Çünki, hər hansı bir nəzarət mexanizmi mövcud deyil. Buna görə, bir çox gənc futbolçumuz futbola, komadalara küsür və gələcək qarantiyası yüksək olan digər iş sahələrinə yönəlirlər. Lakin idealist olanlar, heç vaxt mübarizəni dayandırmayanlar ya da gələcək qayğısı olmayanlar forma şansı əldə edənə qədər meydanda tər tökməyə davam edirlər. Nəticədə, hər hansısa bir gələcək qayğınız varsa və həyatınızda tələsik qərarlar verməyə məcbursunuzsa, deyə bilərik ki, həvəskar futbolçuluq sizlik deyil.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ


.
.
.
0.34160017967224