Rəşad Sadıqov toplanışa gəlməyən futbolçular haqda

21:06 13-01-2018
Rəşad Sadıqov toplanışa gəlməyən futbolçular haqda

“Hazırda milli komandalar üçün rəsmi pəncərə olmadığına görə futbolçuların cəlb olunmasında çətinlik çəkirik”.
Sportmedia.az xəbər verir ki, bunu apasport.az saytına 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov deyib.
Antalyada təlim-məşq toplanışında olan yığmamızın çalışdırıcısı rəhbərliyi altında ilk hazırlığa bəzi futbolçuların qatıla bilməməsinin səbəblərini açıqlayıb. O bildirib ki, xüsusi ilə ölkə xaricində çıxış edən futbolçularımızla bağlı belə vəziyyət yaranır: “Məhz bu üzdən Budaq Nəsirov, Barış Ekincier və Fərid Nəbiyevi Antalyla toplanışına cəlb edə bilmədik. Özancan Kökcünun yeni transfer olunduğu “Valveyk” rəhbərliyi isə heyət açıqlanmazdan əvvəl futbolçunu milliyə buraxacaqları ilə bağlı razılıq vermişdilər. Ancaq dünənki oyundan sonra hollandiyalılar Özancanı milliyə buraxmayacaqlarını dedilər. Murad Xaçayevlə də bağlı problemimiz yaranıb. “Şaxtyor” toplanışın əvvəlindən Muradı buraxacağı haqda razılıq vermişdi. Ancaq sonradan onlar da fikirlərini dəyişdilər və Xaçayevi milliyə yanvarın 17-də göndərəcəklərini bildirdilər. Ümid edirik ki, fikirlərini bir daha dəyişməyəcəklər”.
Sadıqov bildirib ki, ilkin heyətdə adı olmayan Budaq Nəsirovla da bağlı “Sportinq”lə danışığımız davam edir: “Budağın ən azı bir oyunda iştirak etməsini istəyirik. “Sportinq”in yanvarın 20-də və 28-də çempionat oyunu var. Razılıq versələr ayın 23-də Gürcüstanla keçirəcəyimiz qarşılaşmada Budağın da oynamasını istəyirik”.
Qeyd edək ki, U-21 yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yanvarın 16-da isə millimizin rəqibi Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası olacaq. Bu matçın start fiti 17:00-da veriləcək.


.
.
.
0.67700505256653