“Qəbələ”nin “Sürix”lə ikinci sınağı

21:46 16-01-2018
“Qəbələ”nin “Sürix”lə ikinci sınağı

Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.
Sportmedia.az xəbər verir ki, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsindəki 2-ci görüşdə rəqib İsveçrə təmsilçisi “Sürix” olacaq. Antalyadakı “Kaya Bələk” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
“Sürix” “qırmızı-qaralar” üçün tanış rəqibdir. Komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanıb. Həmin matçda Aleksey Antonov iki, Vadim Abdullayev və Samir Zərgərov hərəyə 1 dəfə fərqlənib. Hazırda “qırmızı-qaralar”ın şərəfini qoruyanlardan Dmitri Bezotosnı, Voislav Stankoviç, Asif Məmmədov, Vitali Vernidub, Ürfan Abbasov, Qismət Alıyev 728 gün öncə Roman Qriqorçukun şans verdiyi oyunçulardan olublar. Həmin matça Sami Hyuypiyanın rəhbərliyi altında çıxan “Sürix”də isə baş məşqçi artıq Ulrix Fortedir. Finlandiyalı mütəxəssisin postundan ayrılmasına isə enişli-yoxuşlu 2015-2016-cı illər mövsümü səbəb olub. Çempionatı sonuncu pillədə başa vuran “Sürix” Superliqanı tərk edib. Bundan cəmi 4 gün sonra isə komanda ölkə kubokunu qazanmaqla Avropa Liqasına yüksəlib. Əslində klubun aşağı liqa macəraları da uzun sürməyib. 2016-2017-ci illər mövsümündə Çelenc Liqanın çempionu olan komanda Superliqaya qayıdıb.
Ümumilikdə isə 1896-cı ildə yaranan Sürixin eyniadlı klubu 122 illik zəngin tarixə malikdir. 12 dəfə İsveçrə çempionu, 9 dəfə kubokun qalibi olan komanda avrokuboklarda da kifayət qədər uğurlu çıxış edib. “Sürix” 2 dəfə Çempionlar Kubokunun yarımfinalına qədər irəliləyib. “Qəbələ”nin rəqibinin son uğurları XXI əsrə təsadüf edib. 2005-2006, 2006-2007, 2008-2009 mövsümlərində çempion olan klub 2004-2005, 2013-2014, 2015-2016 mövsümlərində kuboka yiyələnib.
Bir illik fasilədən sonra yenidən Superliqada çıxış edən “Sürix”in işləri heç də pis getmir. Qış fasiləsinə qədər keçirilən 19 turda 28 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb. Düzdür, “Yanq Boyz”dan 12, “Bazel”dən 10 xal geri qalan Fortenin yetirmələri çempionluq mübarizəsindən uzaq düşüb. Amma rəqibimiz bürünc və avrokuboklara vəsiqəyə iddialıdır.
“Sürix”lə görüş “Qəbələ”nin 95-ci beynəlxalq yoxlama matçı olacaq. Bunadək 94 oyuna çıxan “qırmızı-qaralar” 42 qələbə qazanıb, 19 heç-heçə edib və 33 dəfə uduzub. Hesabında 154 qol olan komanda 100 top buraxıb.
Xatırladaq ki, Antalyadakı ilk sınağında Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdı.
Yoxlama oyunu
17 yanvar
16:30. “Qəbələ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
Antalya. “Kaya Bələk” otelinin meydançası


.
.
.
0.91238784790039