Karambö: "Azərbaycan millisinin növbəti dünya çempionatına vəsiqə qazanmaq şansı var"

13:42 09-02-2018
Karambö: "Azərbaycan millisinin növbəti dünya çempionatına vəsiqə qazanmaq şansı var"

Futbol üzrə Dünya Kubokunun Azərbaycana gətirilməsi ilə bağlı brifinq keçirilib.
Sportmedia.az xəbər verir ki, "Hilton" otelində baş tutan tədbirdə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö və AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb.
Karambö Bakıya bir daha gəlməkdən məmnunluq ifadə edib: "Azərbaycan paytaxtı kifayət qədər müasir şəhərdir. Hər dəfə bura gəlməkdən məmnunluq duyuram. Bakı hər zaman idman tədbirlərinin keçirilməsi ilə fərqlənib. Azərbaycan millisi isə Robert Prosineçkinin rəhbərliyi altında yaxşı çıxış etdi. Növbəti mundialın seçmə mərhələsində daha yaxşı çıxış etmə şansınız var. Ümid edirəm ki, yığmanızı DÇ-2022-də görə biləcəyik. Çünki növbəti mundialda 48 ölkə iştirak edəcək. Dünya Kuboku bir çox ölkələri, uzun məsafələri qət edib. Azərbaycan 16-cıdır. Amma səfərlərin uzaqlığı bizi usandırmayıb. Kuboku bura gətirməkdən məmnunluq ifadə edirik".
Ötən illərin məşhur futbolçusu Fransa yığmasının DÇ-2018-dəki şanslarını da dəyərləndirib: "Bu il dünya çempionluğumuzun 20 illik yubileyidir. Braziliya, İngiltərə, Almaniya və bəlkə də Rusiyanı favorit saymaq olar".
Azərbaycan Kubokunu və Kristian Karambönü salamlayan Məmmədov isə bildirib ki, Dünya Kubokunu ölkədə görmək üçün 3 səbəb ola bilər: "Birinci səbəb, dünya çempionluğudur, ikincisi, ev sahibliyi, üçüncüsü isə hazırkı səbəbdir. Ümidvaram ki, gələcəkdə ilk 2 səbəbdən də yararlanacağıq".
Daha sonra Dünya Kuboku təqdim olunub.
Qeyd edək ki, kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Futbol azarkeşləri saat 13:00-dan 19:00-dək Dünya Kubokunu yaxından görə biləcəklər. Dünya Kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur. (Report)


.
.
.
0.44577503204346