Elxan Məmmədov: "Azərbaycan millisi üçün yoldaşlıq görüşlərinin harada olmasının fərqi yoxdur"

14:30 09-02-2018
Elxan Məmmədov: "Azərbaycan millisi üçün yoldaşlıq görüşlərinin harada olmasının fərqi yoxdur"

AFFA-nın Baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının Makedoniya ilə yoldaşlıq görüşünün neytral meydanda keçirilmə səbəbini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, milli assosiasiya rəsmisi martın 27-də Türkiyənin Antalya bölgəsində təşkil olunacaq qarşılaşmanın bir növ səfər oyunu xarakteri daşıyacağını bildirib.
O deyib ki, Makedoniya yığması martın sonlarında Antalyada təlim-məşq toplanışında olacağından, Azərbaycan millisi belə fürsətdən yararlanmağı məqsədəuyğun sayıb: "Əsas odur ki, görüş səfərdə olsun. Çünki UEFA Millətlər Liqasında oyunlar arasındakı fasilə 3 günü əhatə edəcək. Buna görə də baş məşqçimizin də dediyi kimi, oyunların harada olmasının fərqi yoxdur. Makedoniya millisi martın sonlarında Antalyada təlim-məşq toplanışında olacaq. Biz də fürsətdən yararlanaraq, onlarla yoldaşlıq görüşü keçirəcəyik. Hesab edirəm ki, bu da Millətlər Liqasına hazırlıq mərhələsində milli komanda üçün bir fürsətdir".
Baş katib sentyabrda start götürəcək Millətlər Liqasınadək rəqib qismində Makedoniya ilə yanaşı, Belarus və Latviyanın seçilməsini hər 3 komandanın D Liqasında çıxış etməsi ilə əlaqələndirib: "Bu rəqiblərin seçilməsi potensial rəqibləri tanımaq məqsədi daşıyır".
Qeyd edək ki, Belarusla qarşılaşma martın 23-də Bakı Olimpiya Stadionunda, Latviya ilə görüş isə iyunun 9-da Riqadakı "Skonto" stadionunda təşkil olunacaq. (Report)


.
.
.