Masallının “Ümid”i – LAYİHƏ

19:40 09-03-2018
Masallının “Ümid”i – LAYİHƏ

Məlum olduğu kimi, Azərbaycanda cari mövsümdən Region Liqası keçirilməyə başlandı. 3 regiona bölünən komandalar 2 qrupda mübarizə aparır. Bunlardan paytaxt zonasında yeni komandaların mübarizə aparması diqqətimizdən yayınmadı.

Məsələn, Bakının “Ümid Masallı” komandası. Deyəcəksiniz ki, Masallı hara, Bakı hara? Elə bu sual ətrafında çox fikirləşməyərək bu komandanı yaxından tanımaq qərarına gəldik.

Klubun 2 təsisçisi var. Bunlardan biri Şahin Rəhmanlıdır. O, “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun doğulduğu Masallıdandır. Elə özü də “Ümid” komandasından əvvəl “Xəzər Lənkəran”ın oyunlarına çox gedib. Digər təsisçi isə Seymur Mənsimovdur. Onun da Mübariz Mənsimovla uzaq qohumluğu var.

Şahin Qaraçuxurda yaşayır. Dediyinə görə, son 2 ildir ki, Qaraçuxurun komandası ilə Həvəskarlar Liqasında çıxış ediblər. Azərbaycan kubokunda 1/4 finaladək irəliləmiş “Qaraçuxur” FK ötən mövsüm finalda çempion “Uğur”a (xatırlatma: bu komanda da hazırda Region Liqasında çıxış edir) uduzub.

“Əvvəldən məqsəd doğulduğum cənub zonasını təmsil etmək olub. Sadəcə olaraq, ilkin olaraq Qaraçuxurda yaşadığım üçün bu formatda komanda yaratdıq. Region Liqası başlayandan isə həmin komandanın bazası əsasında “Ümid”i yaratdıq. Adın “Ümid” qoyulması da Seymur müəllimlə bağlıdır. Çünki onun “Ümid Masallı” adında komandası 2016-cı ildən MFL Liqasında çıxış edir. Elə indinin özündə də orda mübarizə aparır. Məqsədimiz bu adı qoymaqla Masallıdan olan oyunçuları heyətə cəlb etmək idi. Həvəskarlar Liqasında kubokun finalına kimi irəliləmiş “Masallı” adında komandanın üzvlərini də heyətimizə cəlb etmək istəyirdim. Ancaq onları axtarıb tapa bilmədim... Heyətimizdə hazırda 5 futbolçu cənub zonasındandır. Məsələn, onlardan Siyavuş adlı futbolçumuz əvvəl “Bakı” komandasında peşəkar futbolçu olub. Özüm isə oyunçu çatmayanda, futbolçumuzun işi çıxıb gəlməyəndə meydana çıxıram. Çox vaxt oynamıram, komandanın digər işlərini görürəm”, – deyə müsahibimiz bildirir.

Komandanın Masallıda yox, Bakıda fəaliyyət göstərməsinin də öz səbəbi var. Hazırda “Ümid”in hər həftə Masallıya gedib oyun keçirməyə maddi durumu imkan vermir. Buna görə də AFFA-dan xahiş edilib ki, Bakıda çıxış etsinlər. Düzdür, AFFA əvvəl buna müsbət yanaşmayıb. Lakin sonradan paytaxt zonasında az sayda komandaların müraciətini görən qurum “Ümid”in bu təklifinə “hə” deməli olub.

Şahin Rəhmanlı AFFA-nı buna necə razı etməsindən də danışıb: “Təklifimizi əvvəl qəbul etməyəndə demişdim ki, birdən komandanın adını “Ümid Masallı” yox, “Real Madrid”qoysam, necə olacaq? Deyəcəksiniz ki, gedin, Madriddə oynayın? Bu da həmin şeydir. Bizim komandanın adı “Ümid Masallı”dır. Özü isə Bakıda çıxış edəcək. Bundan sonra gördülər ki, hardasa düz deyirəm. Əvvəl komandanın adı “Ümid” kimi qeydiyyatdan keçirilmişdi. Lakin biz AFFA-da adın “Ümid Masallı” adına dəyişdirilməsini xahiş etdik. Sağolsun ki, bu məsələdə AFFA-da Region Liqasının İşçi Qrupunun üzvlərindən olan Yusif Vəliyev çox köməklik etdi. Hazırda “Ümid Masallı” adı ilə çempionatda çıxış edirik”.

Kluba sponsorluğu bir daşımaçılıqla məşğul olan şirkət boynuna götürüb. Şahin Rəhmanlının özü də orda işləyir. Şirkət sahibi özü də Masallıdan olduğundan, bu liqada bir komanda ilə təmsil olunmaqda maraqlıdır. Rəhmanlı inanır ki, uğurlu nəticələr qazansalar, başqa sponsorların diqqətini cəlb edə bilərlər. Buna nümunə kimi əvvəllər Həvəskarlar Liqasında çempion olmuş “Binə” komandasını göstərir. Deyir ki, onlar məhz orda özlərini tanıtdıqdan sonra sponsor tapıb I divizionda yarışmaq hüququ əldə etdilər.

“Ümid Masallı” Regional Liqada artıq 5 oyun keçirib. 5 oyuna 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət. Topların fərqi 10:4-dür. Qrupda III yerdə olmasına baxmayaraq, komanda qrup lideri “Şağan”ı 3:0 məğlub etməyi bacarıb. Bu komandaya 2:4 hesabı ilə uduzduqları oyunda isə ehtiyat oyunçuları olmadığından, məğlubiyyətlə barışmalı olublar. Digər bir yenilgi isə tələb olunan 3 polisin gəlməməsi üzündən olub. Belədə qonaq sayılan “Tufan” komandasına texniki qələbə verilib. Halbuki “Tufan” şikayət etməsəymiş, oyun keçiriləcəkmiş.

Komanda turnirə ciddi yanaşmağı qarşısına hədəf kimi qoyub. Əvvəl həftədə 1 dəfə toplaşan komanda indi 3 dəfə məşqlər edir. Komandaya ötən həftə baş məşqçi də təyin olunub. Bu, “Xəzər Lənkəran”ın və “Neftçi”nin sabiq məşqçisi Tofiq Mustafayevdir. Ona köməkçiliyi isə son iş yeri Mustafayev kimi “Neftçi” olmuş Rəşid Tağıyev adlı məşqçi yerinə yetirir. Tağıyev də, Mustafayev də Tərlan Əhmədovun gəlişindən sonra klubdan göndərilən məşqçilər sırasına düşüb.

“Bizim əsas problemimiz futbolçularımızın eyni zamanda bir neçə turnirdə çıxış etməsidir. Belə olanda onları bir araya gətirmək də çətin olur. İlk turlarda yarışa qeyri-ciddi yanaşdıq. Bu üzdən “Şıxlar”la oyunda 1:1 oynayıb, xal itirdik. Ancaq məqsədim 2-3 ilə bu komandanı peşəkar kluba çevirməkdir. Bir ölkənin cəmi 18 peşəkar futbol klubu var. İnanmıram ki, UEFA da bu məsələdə AFFA-ya təsir edir. Düşünürəm ki, yaxın zamanda Premyer Liqa və I divizionda klubların sayı artırılar, biz də orda iştirak edərik. Komandanın adında Masallını saxlamaqda da məqsədimiz budur ki, cənub zonasından olan iş adamlarının diqqətini cəlb edə bilək. Güclü sponsorumuz olsa, Masallıda – Olimpiya İdman Kompleksində oynaya bilərik. Oranın ot örtüyü Banişevski adına Masallı rayon stadionundan qat-qat yaxşıdır. Ancaq hələ ki Region Liqada olduğumuz müddətdə oyunlarımızı Bakıda keçirəcəyik”, – deyə Rəhmanlı bildirir.

“Ümid Masallı”nın ən yaşlı oyunçusunun 28 yaşı var. Komandada təcrübəli oyunçular da var. “Şəmkir”də oynamış Əfqan Pirquliyev, Türkiyənin “Orduspor”klubunda, eləcə də “Səbail”də çıxış etmiş Taleh Balayev belələrindəndir. İlqar Qazıyev adlı futbolçu isə məhz I dövrədə bu komandada oynayıb, daha sonra Türkiyənin həvəskar çempionatı sayılan BAL Liqasına yollanıb.

Həvəskar futbolçulardan qurulmuş komandada maaş sistemi olmasa da, mükafat var – 50 manat. Yalnız maaş məşqçilərə veriləcək. Tofiq Mustafayev gələnədək isə baş məşqçi funksiyasını Şahin Rəhmanlının özü yerinə yetirib.

Komandanın vahid forması da mövcuddu. Ancaq “Kappa” firmasından yeni forma dəstləri götürülməsi nəzərdə tutulub. Komandanın loqosu isə yenilənəcək. Belə ki, AFFA yeni loqo tərtib olunmasında kömək edəcəyinə söz verib.

“Ümid Masallı” məşqlərini “Rəvan” klubunun bazasında keçirir. Oyunlar isə əvvəl “İnter Arena”da keçirilsə də, hazırda komanda qonaq futbolçuları “Dalğa Arena”da qəbul edir. Təbii ki, AFFA yenə bu məsələdə “Ümid Masallı”ya güzəştə gedir. Komandanın pulu yalnız polis və həkim çağırılmasına gedir. O da cəmi 100 manat. Şahin Rəhmanlı onu da bildirir ki, əvvəl “Bayıl Arena”da oynamaq, orda biletli sistem qurmaq istəsələr də, stadion xərcinin 300 manat çıxması orda oynamaq fikirlərindən vaz keçməsinə səbəb olub.

Maliyyə durumları o qədər də ürəkaçan olmasa da, fəaliyyət göstərmələri üçün hələlik yetərlidi. Lakin bu komandada olan həvəs və istək onların oyunlara yaxşı motivasiya olmalarına kömək edir. Normal heyəti olan “Ümid Masallı” peşəkarlıq istiqamətində bir az da inkişaf etsə özlərinin də əsas məqsədi olan I diviziona yüksəlmək şansını artırmış olar.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyləşdirlir”

Səbuhi


.
.
.
0.46304202079773