Futzal üzrə Yüksək Liqanın qalibi erkən bəlli oldu

17:49 28-03-2018
Futzal üzrə Yüksək Liqanın qalibi erkən bəlli oldu

Futzal üzrə Yüksək Liqanın 22-ci turunda “Araz” EKOL ilə qarşılaşıb. “Araz” üçün bu oyun xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, Alesionun yetirmələri qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi ilə xal fərqini 18-ə çatdıracaqdı ki, bu da “Araz”a çempionluğunu erkən rəsmiləşdirməsi üçün yetəcəkdi. Çünki “Marafon Futsal”la arxada qalan hər 3 oyunda qələbə qazandığına görə, mümkün xal bərabərliyində üstünlük “Araz”ın tərəfində olacaq.
Oyuna EKOL fəal başladı. Hətta dəqiqənin tamamında künc nöqtəsindən ötürməni qapıdan keçirmək üçün Namiq Məmmədkərimova topa toxunmaq lazım idi ki, kapitan gözləniləni edə bilmədi. Lider isə əks hücumda az qalsın hesabı açacaqdı. Eduardonun ötürməsindən sonra Bolinyanın sevinməsinə Kürdov mane oldu. Buna baxmayaraq, hesabı lider açdı. Qalo qüvvətli zərbə ilə yaxın küncü dəqiq nişan aldı. Ancaq “Araz”ın üstünlüyü 1 dəqiqə çəkmədi. Atakişiyev qarşılıq verərək tablodakı rəqəmləri eyniləşdirdi. EKOL sonrakı dəqiqələrdə də təzyiqi davam etdirdi. Komanda sanki arxada qalan 3 dövrədəki yenilgilərin əvəzini çıxmağa çalışırdı. 8-ci dəqiqədə Xətai topu boş qapıdan çıxarmaqla rəqibin hesabda önə keçməsinə imkan vermədi. Ardınca Namiq dirəyi nişan almaqla son çempionu bir qədər də həyəcanlandırdı ki, nəticədə Alesio “time out” hüququndan istifadə etməli oldu. 10-cu dəqiqədə nəzarətsiz qalan Rizvanın zərbəsini Emin əla reaksiya nümayiş etdirərək kornerə çıxardı. Sərxanın toru silkələməsinə isə Rövşən barmaqlarının ucu ilə toxunmaqla mane oldu. Məstiyevin növbəti zərbəsi isə qapı çatına dəyib geri qayıtdı. Növbəti dəfə sükutu Bolinya pozdu. Çempionatın hazırkı bombardiri rəqib müdafiəçilərinin səhvindən maksimum istifadə etdi və hesabı komandasının xeyrinə dəyişdi. Ancaq Atakişiyev yenə sevincin uzun çəkməsinə imkan vermədi və “doqquzluq”u dəqiq nişan aldı. Hissənin başa çatmasına 3 dəqiqə qalmış Xətainin effektli zərbəsini son anda Emin kornerə çıxardı.
İkinci hissədə də ilk qolu “Araz” vurdu. Bolinya adını tabloya yazdırmaqla mövsümdəki qollarının sayını 29-a çatdırdı. Son turlarda yaxşı formada olan və vurduğu qollarla diqqəti cəlb edən Oktay Rüstəmli 25-ci dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırdı. O, qapıçının qaytardığı topu tora qovuşdurdu. Çovdarovun 30-cu dəquqədə qapıya düşməsinə üst çat mane oldu. EKOL cavab həmləsində yüzfaizlik qol imkanını qaçırdı. Həmzəyev Rövşənlə üzbəüz qaldığı epizodda qol vurmaq əvəzinə ötürmə etdi. Halbuki özü qapını nişan almalı idi. Sonrakı dəqiqələrdə oyunda gərginlik artdı, həttə oyunçular bir-birinə qarşı aşkar kobudluq etməkdən belə çəkinmədilər ki, referi tərəfləri sarı vərəqə ilə sakitləşdirməyi lazım bildi. EKOL fərqi azaltmağa çalışdığı bir vaxtda Bolinya 5-ci qolu vurdu. O, Qalonun zərbəsindən sonra başqa topu tora qovuşdurmaqla fərqi artırdı.
“Araz” – EKOL 5:2 (2:2)
28 mart. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Anar Fərəcov
Hakim-inspektor: Aslan Həsənov
Qollar: Qalo, 2:49, Bolinya, 13:38, 22:29, 35:59, O. Rüstəmli, 24:24 // F. Atakişiyev, 3:36, 14:24
Sarı vərəqə: İ. Atayev, 12:06, Bolinya, 17:52, X. Bağırov, 29:57 // N. Məmmədkərimov, 29:57
1. Rövşən Hüseynli (q), 3. Teles Thaqo Bolinya, 6. Eduardo Borges, 13. Kardosa Everton Qalo, 17. İsa Atayev, 19. Anar Məmmədov (q), 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 10. Reza Tolouei, 18. Adil İsmayılov
Baş məşqçi: Joze Alesio da Silva
EKOL
99. Emin Kürdov (q), 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q, k), 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli
Baş məşqçi: Radik Əhmədov
“Neftçi”İK – “Yasamal” FK
30 mart. Olimpik Star. Saat 16:00
“FK.İD.Futsal” – “Marafon Futsal” dueli ikincilərin xahişi əsasında qeyri-müəyyən vaxta təxirə salınıb.
№ Komanda O Q H/H M T/F X
1 Araz 19 18 1 0 125-24 55
2 Marafon Futsal 18 12 1 5 69-37 37
3 EKOL 19 10 2 7 82-56 32
4 FK.İD.Futsal 17 6 4 7 72-61 22
5 Neftçi İK 16 5 4 7 40-42 19
6 Yasamal 17 4 0 13 54-113 12
7 Xəmsə 18 0 2 16 42-151 2
Bombardir: Thiaqo Telez (“Araz”) – 30 qol


.
.
.
0.41585993766785