Rauf Əliyev: “Qəbələ”yə keçidimin karyeramda dönüşə səbəb olacağına inanıram.

18:44 28-03-2018
Rauf Əliyev: “Qəbələ”yə keçidimin karyeramda dönüşə səbəb olacağına inanıram.

“Qəbələ”dən gələn təklifi müsbət qarşıladım. Çətin durumumda məni komandaya götürdüyü üçün bu kluba təşəkkür edirəm”.
Sportmedia.az xəbər verir ki, bunu “report.az”a açıqlamasında “Qəbələ” klubu ilə 2019-cu ilin yayına qədər müqavilə bağlayan futbolçu Rauf Əliyev deyib.
29 yaşlı hücumçu bildirib ki, artıq yeni komandası ilə məşqlərə başlayıb: “Cari mövsümdə iki klubda çıxış etdiyim üçün üçüncü komandada oynaya bilmərəm. Növbəti mövsümdən rəsmi matçlarda iştirak edəcəyəm. Lakin bu gündən məşqlərə qoşuldum. “Qəbələ”yə keçidimin karyeramda dönüşə səbəb olacağına inanıram. Burada çıxış etməklə yenidən milliyə dəvət almaq imkanım olacaq”.
Başqa təkliflərinin də olduğunu söyləyən Əliyev “Qəbələ”ni seçməsinin səbəbini açıqlayıb: “Yerli kulblardan, eləcə də Asiya ölkələrindən təkliflərim vardı. Orada gedib oynaya da bilərdim. Çünki Asiyada çempionatlar mart ayında başlayır. Lakin bu variant daha yaxşı idi. “Qəbələ”ni böyük klub olduğu üçün seçdim”.
Forvard hələlik nömrə seçmədiyini, bunu cari mövsüm başa çatandan sonra edəcəyini deyib.
Qeyd edək ki, Rauf Əliyevin son iş yeri ötən ilin sonlarında ayrıldığı Albaniyanın “Kukesi” komandası olub. O, karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi” və “İnter”in də formasını geyinib.


.
.
.