Telez Tiaqo Bolinya: "Artıq üzərimizdə təyiq hiss etməyəcəyik" - Müsahibə

15:26 30-03-2018
Telez Tiaqo Bolinya: "Artıq üzərimizdə təyiq hiss etməyəcəyik" - Müsahibə

“Öhdəliyimizi sona qədər yerinə yetirəcəyik”
Cari mövsümün başa çatmasına 6 tur qalmış çempionluğu təmin edən “Araz”ın bu uğurunda Bolinyanın zəhməti də danılmazdı. Millinin də formasının geyinən “stolba” arxada qalan 19 oyunda 30 qol vurub və hazırda bombardirlərin yarışına başçılıq edir. EKOL-la matçdakı het-trikdən sonra tribunanı ona vermək qərarına gəldik.
Sportmedia.az Telez Tiaqo Bolinyanın AFF-nin mətbuat xidmətinə müsahibəsini təqdim edir:
- EKOL-la oyunun xüsusilə birinci hissəsində çətinlik çəkməyinizi çempionluğu erkən təmin etmək istəyi ilə bağlamaq olarmı?
- Bu oyuna qədər təxminən 10 gün istirahət etdik. Demək olar, məşqlərimiz yox idi. Hamı bayram tətilində idi. Yüngül məşqlərlə tonusda qalmaq mümkün deyildi. Oyunu bizim üçün çətinləşdirən məqam daha çox bununla bağlıdı. Sualda qeyd etdiyiniz məqamın da təsiri yox deyil. Bu dueldə bizə yaxşı, baxımlı oyun nümyiş etdirməkdən çox, nəticə qazanmaq vacib idi ki, çempionluğu təmin edək. Bunun da öhdəsindən gəldik. EKOL-un da əziyyətini qiymətləndirməmək olmaz. Onlar xüsusilə də birinci hissədə çox yaxşı oynadılar. Qol vurmaq üçün imkanları çox oldu, ancaq realizə edə bilmədilər. Biz artıq çempion olduq. Qarşıya qoyulan hədəfə çatdıq. Ancaq “Neftçi” ilə vacib oyunumuz var. Hansı ki, cari çempionatda bizə xal itkisini yaşadan onlardı.
- Hədəfə çatdığınıza görə, qarşıdakı oyunlara daha rahat çıxacağınızı gözləmək olarmı? Motivasiyanız nə olacaq?
- Belə deyək də, artıq üzərimizdə təyiq hiss etməyəcəyik. Ancaq bu meydana rahat çıxmağımıza, istədiyimiz kimi oynamağımıza əsas verməyəcək. Biz peşəkar oyunçularıq. Çempionluğu təmin etmişik, amma çempionat hələ başa çatmayıb, mübarizə davam edir. Sona qədər oynamalı, hər gün məşqlərimizi etməliyik. Əlbəttə, meydana çıxmaq üçün motivasiyamız olacaq. Yenə deyirəm, peşəkar oyunçunun digərlərindən fərqi belə anlarda görünür. Klubla müqaviləmiz varsa, öhdəliyimizi sona qədər yerinə yetirməyə borcluyuq.
- EKOL-la oyunda het-trik etməklə aktivindəki qolların sayını 30-a çatdırdın. Qarşıdakı oyunlar sırf sənin üçün bombardir olmaq baxımından əhəmiyyət kəsb edəcəkmi?
- Açığı, bu haqda düşünmürdüm. Çünki birinci yerdə hər zaman komandanın uğur qazanması dayanıb. Komandanı bir maşına bənzətsək, hər birimiz onu hərəkətə gətirən hissələriyik. Ona görə də şəxsi uğurları deyil, çətiri altında birləşdiyimiz komandanı zirvəyə qaldırmağı düşünürdük. Aydın məsələdir ki, belə şans yaranıbsa, istifadə etməyə çalışacam. Məşqlərimi edəcəm, oyunlara ciddi hazırlaşacam. Hər bir oyunda çalışacam yenə qollar vurum. Əlbəttə, bunu tək bacarmağım mümkün deyil, komanda yoldaşlarımın köməyinə ehtiyacım olacaq. Onların bunu edəcəklərinə inanıram. Çünki futzal fərdlərin yox, komandanın oyunudu.
- Mayın sonunda müqavilən başa çatacaq. Gələcək karyeranla bağlı qərar vermisənmi?
- Bəli, müqaviləm başa çatacaq. Artıq iki ilə yaxındı Bakıda yaşayırıq. Həm özüm, həm də ailəm burda olmaqdan məmnunuq. Çempionat başa çatmayıb, ona görə də heç kimlə danışığımız olmayıb. Ancaq mayda danışıqların olacağına inanıram. Burda qalmağın tərəfdarıyam.
- İkinci mövsümdü ki, ölkəmizdə çıxış edirsən. Ötənilki çempionatla hazırkı mövsümü müqayisə edə bilərsənmi? Dəyişən nəsə varmı, yoxsa eyni ssenaridi, davam edir?
- Dəyişən çox nüanslar var. Hazırkı çempionat daha maraqlı, rəqabətli keçir. Düzdü, sona 6 tur qalmış çempionluğu təmin etdik, ancaq oyunların nəticəsinə baxsanız, çətinlik çəkdiyimiz qarşılaşmaların çox olduğunu görərsiz. Legionerlərin dəvət edilməsi sanki Yüksək Liqaya rəng qatdı, rəqabət yaratdı. EKOL, “Marafon Futsal”, “Neftçi” yaxşı komandalardı, “Yasamal” da düzəlməyə başlayıb. “FK.İD.Futsal”la oyunlar da gərgin və çətin keçir. Adətən debütantlar bir qədər zəif olur, ancaq biz çempionatda bunun əksini gördük. Demək, düzgün seçim edilib. Qəti deyirəm, cari çempionat daha gərgin və maraqlı keçdi. Fikrimcə, növbəti mövsüm daha yaxşı keçəcək, komandalar bir qədər də güclənəcəklər. Bu, bizim xeyrimizə işləyəcək. Həm UEFA kubokunda, həm də millinin oyunlarında bu rəqabətin bəhrəsini görəcəyik. Yeniliklərdən biri də oyunların canlı yayımlanması oldu. İstər futzalın təbliği, istərsə də insanların çempionatla bağlı informasiya alması baxımından vacib addımdı. İndi jurnalistləri də oyunlarımızda görürük. Halbuki əvvəllər çempionat sanki yaddan çıxmışdı. Çatışmayan cəhətlərin isə növbəti mövsümə qədər aradan qaldırılacağına inanıram.


.
.
.
0.43875002861023