(LAYİHƏ) Şəmkirdə uşaq futbolu – Tarixin yandırdığı ümid çıraqları - FOTOLAR

22:16 28-03-2018
(LAYİHƏ) Şəmkirdə uşaq futbolu – Tarixin yandırdığı ümid çıraqları - FOTOLAR

Layihə çərçivəsində Şəmkirdən hazırladığımız reportajın II hissəsində rayonun uşaq futbolunun durumu ilə bağlı araşdırmalarımızı təqdim edirik. Futbol ənənəsi olan Şəmkirin uşaq futbolunun vəziyyəti böyük futbola nisbətən daha yaxşı vəziyyətdədi. Bu rayon ölkə futbolunda sözünü demiş bir çox futbolçular bəxş edib. Elə məhz bu səbəbdən də reportajımızın davamını Şəmkirin uşaq futboluna həsr etdik. 

İgid ölər adı qalar

Nəzərə alsaq ki, Azərbaycanda hazırkı vəziyyətdə “igidlik” Premyer Liqada oynamaqla ölçülür, bu misalı əslində Şəmkir futboluna aid etmək olar. Çünki birinci divizion elə çoxlarının dediyi kimi “bataqlıq”dı. İndi təsəvvür edin, belədə Azərbaycanda keçirilən “Region Liqası” və Həvəskarlar Liqasında vəziyyət necə olar? Bu sözlərlə nəyə işarə etdiyimizi anlayanlar anladı. Bir qədər açıq desək, Şəmkir kimi ənənəsi olan futbol bölgəsinin nəinki Premyer Liqada, hətta birinci divizionda belə komandası yoxdu. Sadəcə, AFFA-nın yeni təsis etdiyi, Həvəskarlar Liqasının bir başqa forması olan “Region Liqası”nda çıxış edirlər. Təbii ki, bununla Şəmkirə böyük futbolun qayıtdığını demək hələ tezdi. Nəticələrdən asılı olmayaraq. Əlbəttə, təəssüfləndirici haldı. Halbuki yaxın keçmişdə heç olmasa birinci divizionda çıxış edən “Şəmkir” vardı. Yaxşı-pis oynayırdılar, qələbələr də olurdu məğlubiyyətlər də. AFFA-nın cüzi maliyyə dəstəyi ilə ayaqda qalmağa çalışan “Şəmkir” birinci divizionda oynadığı son iki ildə heç də pis təsir bağışlamadı, hətta iddialı oldu desək yanılmarıq. Hər halda son iki ildə 5 və 6-cı yerləri tutması dediklərimizə əsas verir. Təəssüf ki, klub 2017/18 mövsümündə birinci diviziondan çəkilməli oldu və çıxışını AFFA-nın təsis etdiyi “Region Liqası”nda davam etdirməyə başladı. Qısaca bildirək ki, hazırda “Region Liqası”nın qərb zonasında mübarizə aparan şəmkirlilər 9 xalla qrup lideridi.

“Nə kimdənsə geri qalırıq, nə də super vəziyyətdəyik”

Şübhəsiz, ölkəmizə neçə-neçə futbolçu bəxş etdiyini nəzərə alsaq, bu bölgədə istedadların üzə çıxarılmasına, yetişdirilməsinə davam olunmalıdı. Son vaxtlar Şəmkir Rayon İcra Hakimiyyətinin bu sahəyə diqqət artırması bölgə futbolunda müəyyən canlanma yaradıb. Rayondaxili yarışlar keçirilir, stadionlar təmir olunur UGİM-in nəzdində olan komandalara dəstək göstərilir. Şəmkir futbol bölgəsi olduğundan bu idman növünə maraq göstərənlər çoxdu. Bir qədər sonra bu haqda praktiki cəhətdən tanış olacaqsız. Bu mənada UGİM-in və ümumiyyətlə Şəmkirdə uşaq futbolunun durumunu öyrənmək üçün müəyyən şəxslərlə söhbətləşdik. Hazırda Şəmkirdə UGİM-ə Namiq Mahmudov rəhbərlik edir. Elə son durumla bağlı suallarımıza onun dilindən cavab aldıq. Namiq bəy ilk öncə bizi, belə desək, məktəbin daxili ilə tanış etdi: “Hazırda UGİM-də vəziyyət yaxşıdı. Allahın köməkliyi ilə normal şəkildə davam edirik. AFFA-nın bayrağı altında keçirilən yarışlarda, Tovuzda, yəni qərb zonasında 9 komandamız çıxış edir. U-10, U-11, U-13 və U-14 komandalarımız var. Ümumilikdə 8 müəllim və komandaların 15 nəfərdən ibarət olduğunu nəzərə alsaq təxminən 200-ə yaxın uşaq var. Təbii ki, hamısını izləməyə imkan heç kimdə ola bilməz. Həftədə 2 dəfə, şənbə və bazar günləri yarışları olur. Hansına imkanımız çatır, gedib baxırıq. İzləməsək olmaz. Çünki onlara biz cavabdehik”.


Namiq bəy komandaların nəticələri və məşqçilərin gördüyü işləri qiymətləndirdi. Onun sözlərindən belə qərara gəlmək olar ki, hər şey qənaətbəxşdi: “Əsas məşqçilərimdən Əli müəllimi qeyd edərdim. 3 komandası oynayır. Seymur, Şöhrət, Nemət müəllimləri də misal çəkə bilərəm. Hamısı yaxşı iş görürü, pis demək olmaz. Biri var heç olmaya, biri də var normal. Hələ ki, narazılığımız yoxdu”.
Əlbəttə, futbolçulara məşq üçün təkcə meydança kifayət etmir. Onlar müxtəlif avadanlıqlarla, inventar və digər ləvazimatlarla da təmin olunmalıdı. Bəs bu mənada vəziyyət nə yerdədi? UGİM-in tmaterila təminatı ilə bağlı problemləri yoxdu ki?: “Məndə olan məlumata görə əvvəllər AFFA təmin edirdi. Sonradan dayandırdılar. İndi bunları özümüz edirik. Nəyə gücümüz çatırsa alıb veririk. Az da olsa edirik. Allah canını sağ eləsin, idarənin rəisi də dəstəyini əsirgəmir. Birləşib müəyyən işlər görməyə çalışırıq. Nə kimdənsə geri qalırıq, nə də super vəziyyətdəyik. Orta səviyyədə, müəllimlərlə də bir yerdə əlimizdən gələni edirik. UGİM-in öz büdcəsi hesabına lazım olanları alırıq. AFFA isə yalnız yolpulunu verir. Bir də ki, yarışlarda iştirak edirik”.

“Çətinliyimiz ondan ibarətdi ki...”

Maraqlıdı bir rəhbər olaraq Namiq bəyin UGİM-lə bağlı gələcək planları nədi. Təbii ki, söhbət inkişafdan gedir: “İnkişaf baxımından deyəndə, 1-ci sinifdən başlayıb, 7-ci sinfə qədər davam edirlər. Çətinliyimiz ondan ibarətdi ki, uşaqlar yetişir, bəzilərini klublar götürür. Qalanı da bitirəndən sonra kənarda qalır. Biz nə edə bilərik? Məktəbdi, müqavilə filan yoxdu ki, uşaqlar bitirəndə hamısı gedib idmançı olsun. Kimin bacarığı var gedir. O qədər uşağın hamısın da aparıb klublara verə bilmərik axı, yalançı olarıq”.
Ümumiyyətlə il ərzində UGİM-dən neçə uşaq klublara gedir? Namiq bəy bu sualımızı belə cavablandırdı: “Əli müəllim 3 futbolçu vermişdi. Gəncəyə göndərdiyimiz şərait yaxşı olmadığından geri qayıtdı. 2-ni Nemət müəllim aparmışdı. Birini bəyəndilər digərini yox. Bir qapıçı da Seymur müəllim aparmışdı. Onu da geri qaytarmışdılar. Klubların işinə qarışa bilmərəm, mənim səlahiyyətim yoxdu axı. Hər nə götürürlər, Allah canlarını sağ etsin”

“Uşaqları qovmağa ürəyim gəlmir”

Əli Əhmədov Şəmkirdəki UGİM-in əsas məşqçilərindən sayılır. Sərəncamında Namiq bəyin dediyi kimi, 3 yaş qrupu olan mütəxəssisin yetişdirdiyi futbolçular heç də pis çıxış etmir. Ona görə də məhz bu məşqçi ilə danışdıq: “UGİM-də 10 yaşdan 14 yaşa qədər qruplarımız var. AFFA-nın yarışlarında iştirak edir. Elə qrup var ki, bir neçə komandamız var. Hazırda 9 komandamız yarışlardadı. Mən 10-11, 12-13 və 14-15 yaşlılara məşq keçirəm. Hər 3-ü qərb zonasındadı. Mən Kür qəsəbəsində məşq keçirəm. İcra Başçımız cənab Alimpaşa Məmmədov gələndən sonra bizə stadion tikib verdi. Daha doğrusu stadion var idi, sadəcə yaxşı təmir etdilər və sərmayə yatırdılar. Meydançaya qazon səpib yüksək səviyyəyə gətirdilər. Hazırda həmin stadionda məşq keçirəm. Hər şey normaldı, məşq üçün şəraitimiz var”.

sportmedia.az


Əli bəy perspektivli uşaqlar olduğunu və onların klublar tərəfindən cəlb edildiyini söylədi: “Hazırda 14 yaşlılardan ibarət komandamızın hücumçusu Cavid Hüseynov “Vətən” futbol klubuna düşüb. Peşəkar futbola doğru ilk addımlarını atır. Daha bir qapıçımız da “Vətən”dədi. Başqa perspektivli uşaqlarımız da var ki, onları da baxışa göndərəcəyik. Komandalarımızın nəticələri qənaətbəxşdi. Düzdü bəziləri zəifdi. Amma məqsəd uşaq yetişdirmək, futbola cəlb etməkdi. Sağ olsunlar, canla-başla çalışırlar”.


Bəs çətinliklər nədən ibarətdi? Düzdü müəyyən mənada diqqət ayrılsa da problemlər olmamış olmaz. Amma Əli bəy ciddi problemlərin olmadığını bildirməklə yanaşı məşq prosesi, uşaqların hazırlığı ilə bağlı da danışdı: “Hazırda elə də çətinliklərimiz yoxdu. Sağ olsunlar forma və digər ləvazimatlarla təmin olunuruq. Məşqlə bağlı problemlərimiz olmur. Uşaqlar səhər təhsil aldıqları üçün, məşqlərimiz saat 2-dən 9-a 15 dəqiqə işləmişə qədər davam edir. İlk məşqimiz saat 3-ə 15 dəqiqə işləmiş bitir və az fasilədən sonra digəri başlayır. 5-in yarısı bir, 7-yə 15 dəqiqə işləmiş başqa məşqimiz başlayır. Sual verə bilərsiz ki, gecə vaxtı necə məşq keçirik. Şükür Allaha işıqlandırma sistemi var. Lazım olanda işıqları yandırırıq və problem yaşamırıq. Uşaqları hardan toplayırıq? Kür böyük qəsəbədi. Qışda yox, amma yay aylarında loru dildə desəm, uşaqların qarşısını ala bilmirəm (gülür). 3 qrupumda ümumilikdə 45 uşaq olur. Amma yayda gəlib məşqlərimə baxsaz yanımda 90 uşaq olduğunu görərsiz. Yəni, gələnləri də geri qaytarmıram. İdmanla məşğul olmaq fikri ilə gələn uşağı necə geri qaytarmaq olar? Bu mümkün deyil. Bu gün geri itələsən, sabah başqa yollara düşə bilər. yayda istirahət günlərim olur. Amma həmin günlərdə də stadionda oluram. Məşq keçirəm ki, sentyabrın əvvəllərində uşaqlar yarışa hazır olsunlar və meydana məşqsiz çıxmasınlar. Tam səmimi deyirəm, 12 ayın hamısında meydandan çıxmırıq, uşaqlarla məşğul oluruq. Uşq özü getməyənə qədər heç vaxt onu meydandan kənarlaşdırmıram. İstəsəm 45 nəfər saxlayıb qalanını qovaram. Amma bu düzgün deyil, sabah çayxanaya və ya başqa pis yollara qurşana bilər. Bunu etməyə ürəyim gəlmir. İstəsəz gəlib baxıb qiymət verə bilərsiz. Düzdü uşaq çox olanda seçim də çətinləşir. Məşqçi yoldaşım var vaxtilə futbol oynayıb. Sağ olsun yayda boş vaxtlarında gəlib mənə kömək edir. Xəyyam İsgəndərovdu adı. Yayboyu köməyini əsirgəmir, o olanda işlərim asanlaşır”.

 

“Komandaya dəstək üçün uşaqları aparırıq ki, top daşısınlar”

Yuxarıda qeyd etdiyimiz kimi Şəmkirin nə Premyer Liqada nə də birinci divizionda təmsilçisi var. Şübhəsiz, hər hansı bölgənin peşəkar futbolda komandası olmursa bu inkişafı ləngidən faktor sayılır. Yəni orda futbola maraq azalır, bu sahədə boşluqlar yaranır. Bəs Şəmkirdə durum necədi? Əvvəlki illərə nisbətə maraq azalmayıb ki?: “Bilirsiz hər hansı rayonda futbola maraq böyük komandalardan başlayır. Premyer Liqada, ən azı birinci divizionda komanda olsa maraq artar. Keçən il birinci divizionda komandamız oynayırdı, amma müəyyən səbəblərə görə dağıldı. Şəmkirdə futbolsuz qalmasın deyə bu il İcra Hakimiyyətinin dəstəyi ilə yüksək səviyyəli iclas təşkil etdik. Böyüklər arasında rayon çempionatı keçirdik. Çox uğurlu alındı. Keçən ilin avqustunda çempionat başladı. Dekabrın 26-da isə bitdi. Uzun məsafədi, mükafatlar da qoyulmuşdu. Bunun da nəticəsi kimi böyük futbolda oynamaq üçün komanda seçdik. “Şəmkir”i yenidən yaratdıq. Hazırda da “Region Liqası”nda “Şəmkir” turnir cədvəlində birinci yerdədi. Sözümü ona gətirirəm ki, uşaqda futbola sevgi onun böyüyündən yaranır. Böyük komandaya baxıb deyir ki, “mən orda oynamalıyam”. Biz də çalışırıq ki, böyük futbolu qaytaraq ki, uşaqlarda maraq artsın. müəyyən mənada istəyimizə yaxınlaşmışıq. Oyunlar zamanı uşaqlardan tutmuş məşqçilər hamısı stadionda olurlar. Hətta komandaya dəstək üçün uşaqları aparırıq ki, top daşısınlar”.


Əli bəy Şəmkirin “Regional Liqa”da oynayan təmsilçisi ilə yaxın əlaqələrinin olduğunu bildirdi. Təbii ki, bu şəkildə çalışmaq bölgə futboluna yalnız fayda verə bilər: “U-14-də elə uşaqlar var ki, onları gələn ildən böyük futbola cəlb edəcəyik. Eyni zamanda adları UGİM-də də gedəcək. Elə edəcəyik ki, uşaq məktəbi bitirəndən sonra peşəkarlığa doğru getsin. Böyük futbolu da məhz bunun üçün təşkil etmişik. Başqa klublarda oynayan o qədər futbolçularımız var. Niyə gəlib “Şəmkir”də oynamasınlar? 4 aylıq turnir rayon üçün böyük şeydi. Uşaqlarımız da hər oyun baxıb həvəslənir. Düzdü bir neçə il əvvəlı zəif idik. Getdikcə görürəm ki, nəsə alınır. Əlbəttə, əlaqələrimiz yaxşıdı. Hazırda “Region Liqası”nda iştirak edən komandamızın məşqindən gəlirəm. Digər məşqə başlayacam. Ümidlərimiz var. Perspektivli futbolçular yetişir. U-14-də bir nəfər vardı, əmin idim ki, peşəkar futbolçu olacaq. Apardım, bəyəndilər və müqavilə bağladılar. Hazırda həm orta məktəbdə təhsil alır, həm də futbola davam edir. Bu il 2 nəfər vermişəm. Daha iki nəfər də nəzərimdədi. Hazırda “Vətən”lə əməkdaşlıq edirik. Çünki Təhsil Nazirliyinin nəzdindədi, uşaqlara hər cür şərait yaradılır. Nə qədər olmasa da, paytaxtda komandalara düşmək həm uşaq, həm də onun müəllimi üçün qürurvericidi”.


“Məşq keçirəm, boş vaxtlarımda da meydançanı suvarıb, otu biçirəm”

Mütəxəssis UGİM-dəki şəraitdən də danışdı. O maraqlı məqamlara toxundu: “UGİM rəhbərliyi otbiçən maşına qədər hər şeylə təmin edib. Təsəvvür edirsiz bu nə deməkdi? Otbiçənin biri 1000 manatdı. Sağ olsunlar bir kəlmə dedim, alıb gətirib qoydular stadiona. Hətta bağban da işə götürmüşdük. Qəsəbə adamı idi, dəstək olurduq. Sonradan, yazıq səhhəti ilə əlaqədar gələ bilmədi. Hələlik bu işləri də özüm edirəm. Məşq keçirəm, boş vaxtlarımda da meydançanı suvarıb, otu biçirəm. İnandırım ki, belədi. Yayda başıma silindir, ağzıma da toz udmamağım üçün maska keçirirəm. Çəkələkdə ot biçirəm. Biri var uşaq daşın üstündə, biri də var otun üzərində məşq keçsin. Bunu kişiliyimə sığışdıra bilmərəm. Ot biçiminə günyarım, iki gün vaxt gedir. Sağ olsunlar məşqç keçdiyim uşaqlar da mənə kömək edirlər. Biçilən out daşıyırlar. Yolunuz düşəndə gəlin, həm çəkdiyim əziyyətə, həm də şəraitə baxın. Başqa nə deyə bilərəm?


Yeri gəlmişkən, mütəxəssis əziyyətinin bəhrəsin nə dərəcədə görürü. Aldığı maaş onu qane edirmi? Hər halda özünün dediklərindən sonra bu mənada “havaların heç də xoş keçmədiyi” qənaətinə gəldik: “Sağ olsunlar maaş verirlər. 3 qrupum var, buna uyğun maaş alıram. Qane etməsə də birtəhər sürünüb vəziyyətdən çıxıram. Tam səmimi deyirəm, qane etməsə də sənətim budu. Futbolu sevmişəm, onunla yatıb dururam. Atıb gedib alver edəsi deyiləm. Ona görə də qane etdi-etmədi çalışırıq. İstəsək də ata bilmərik. Hər kənddə UGİM-in meydançaları var. Bu kənddə mən, o birində məsələn Nemət müəllim məşq keçir. Seymur müəllim Təzəkənddə, Şöhrət Dəllər Cəyir kəndində məşq keçir. Demək olar hamısının şəraiti var. Stadionların hamısının meydançası təbii ot örtüyündən ibarətdi. Süni meydança yoxdu”.

“PRO-ya qədər bütün kateqoriyaları oxumaq fikrim var”

Yeri gəlmişkən Əli bəylə də yaxından tanış olduq və məşqçilik karyerasıl ilə bağlı gələcək planlarını öyrəndik. 40 yaşlı mütəxəssis arzularının olduğunu dilə gətirdi: “Gəncə Regional kollecindən məşqçi-müəllim kimi diplomum var. Amma kateqoriya oxumağa hazırlaşıram. Yaxın günlərdə kurslara gedəcəm. “C”dən başlayacam. PRO-ya qədər bütün kateqoriyaları oxumaq fikrim var. UGİM-də 3-cü ildi işləyirəm. Bura gələndən sonra qarşıma futbolda irəliləmək məqsədi qoymuşam. Elə də çox yaşım yoxdu, canımda enerji var. Allah nəsib eləsə oxuyacam. Ən azından “B” və “A”nı alıb böyük futbolda çalışa bilərəm. Allah bütün məşqçilərə PRO-nu almağı nəsib etsin. Böyük nailiyyətdi. İdmana az da olsa fayda versəm türk demişkən “nə mutlu bana”.

Tarix varsa, ümid çıraqları da yanır

Göründüyü kimi Şəmkirdə futbolla bağlı bir sıra işlər görülməkdədi. Bölgənin böyük futbolla ayaqlaşmağa çalışan komandası, uşaqları yetişdirən UGİM-i mövcuddu. Amma peşəkarlıq üçün zaman lazımdı. Hələ ki, birvaxtlar böyük futbolda at oynadan, iki dəfə ölkə çempionu titulunu qazanan “Şəmkir” o günlərindən və durumundan çox-çox uzaqlardadı. Təbii ki, bunda yaranan boşluqların, futbolsuzluq illərinin də “əməy”I az deyil. Amma bir məsələni də yaddan çıxarmayaq. Tarixi silmək olmaz. Bir bölgənin futbol tarixi varsa deməli orda hələ də ümid çıraqları yanır və öz vaxtını gözləyir. Sadəcə dəstək vermək, dirçəliş üçün heç bir əməyi əsirgəməmək vacibdi. “Şəmkir”in əzəmətinin qaytarılması üçün çalışanlar var və ümid edək ki, onların əziyyəti yerdə qalmayacaq…

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ//
ŞƏMKİR


.
.
.
0.68533778190613