(LAYİHƏ) Sportmedia.az-ın Şabran rayonundan reportajı (FOTOLAR)

18:36 17-03-2018
(LAYİHƏ) Sportmedia.az-ın Şabran rayonundan reportajı (FOTOLAR)
Layihə çərçivəsində bu dəfəki yazımızı Şabrana həsr etmişik. Bu rayonda futbola böyük maraq olsa da, ayrıca rayon komandaları yoxdu. Şabran futbol bölgəsi kimi tanınmır, amma buna baxmayaraq futboldan uzaq bölgə də olmayıb. Hələ Sovetlər donəmində belə Şabranın öz komandası olub və ölkədaxili yarışlarda iştirak edib. Həmin komanda “Ümid” adıyla çıxış edib. 1990-cı illərdə rayonun “Bərəkət” adlı komandası fəaliyyət göstərib. Hətta, bir müddət I divizionun ən iddiialı klublarından biri də olub. Lakin sonrakı illərdə maddi sıxıntılar ucbatından komanda Həvəskar Liqası səviyyəsində çıxış etməyə başlayıb. “Bərəkət”in yaradılması o dövrlərdə rayonun prokuroru olmuş Habil Qurbanovun təşəbbüsü idi. Qurbanov özü də vaxtilə futbolçu olmuşdu. Sonrakı illərdə Futzal Federasiyasının da prezidenti seçilmişdi. Lakin 2000-ci illərdə artıq komanda maddi sıxıntıları üstələyə bilmir və “Bərəkət” Həvəskarlar Liqası səviyyəsində də fəaliyyətini dayandırmalı olur. Beləliklə, o vaxtdan indi kimi rayonu təmsil edən bir futbol komandası yoxdu. 2010-cu illərdə yaradılan “Çıraqqala” komandası da uşaq futbolunun inkişafına xidmət etməyə çalışır. Şabranın böyük futbolu olmasa da, uşaq komandaları var. Hətta, U-14 və U-15 komandaları zona yarışlarında yüksək nəticə göstərərək AFFA-nın bayrağı altında keçirilən respublika yarışlarında iştirak etmək hüququna sahib olublar.  
Şabran rayonunun Azərbaycan futboluna verdiyi ən böyük töhfələrdən biri hazırda milli komandanın qapısını qoruyan Kamran Ağayevdi. Ağayevin atası Adil Əliyev də Şabranda məşqçi kimi çalışıb. Vaxtilə “Bərəkət” komandasının baş məşqçisi də olub. Kamranı Şabranda çox sevirlər.
Şabran rayonunda hazırda futbol üçün şərait və imkan çox aşağı səviyyədədi. Demək olar ki, futbol infrastruktoru bərbaddı. Rayonun əsas stadionu baxımsız və dağılmış vəziyyətdədi. Ot örtüyünə qulluq edilsə, bərpa etmək mümkündü. Lakin tribunalardakı skamyalar sökülüb, soyunub-geyinmə otaqları, su xətti və digər lazımlı otaqlar dağıdılıb. Stadionun hansı qurumun balansında olduğunu isə öyrənə bilmədik.
Uşaq komandaları məşq etmək və oynamaq üçün meydançaya görə əziyyət çəkirlər. Rayonda AFFA-nın inşa etdirkiyi süni örtüklü bir meydança fəaliyyət göstərir. Burada məşq etmək mümkün olur. 
 
 
Lakin rayonda müasir standartlara cavab verən stadion və bazanı isə “Əlincə” inşa etdirir.
“Əlincə”nin Şabranda inşa etdirdiyi baza müasir standartlara uyğundu. Bu baza demək olar ki, ölkədəki bazalar içində ən möhtəşəmi olacaq. Bazanı xüsusi edən cəhətlərdən biri də, içində müasir otelin inşa olunmasıdı. Xarici komandalar belə buranı düşərgə kimi istifadə edə biləcəklər. Burada hər bir şəraitin olması nəzərdə tutulub. 
 
 
Ölkə futbolunun inkişafına böyük diqqət ayıran "Əlincə" klubunun Şabran rayonundakı təlim-məşq bazasında hazırda 3 təbii və 1 süni məşq meydançası var. Daha 1 təbii örtüklü meydança da inşa olunur.  Təbii örtüklü əsas stadionun uzunluğu 120, eni isə 80 metrdir.  Digər  böyük təbii örtüklü meydançanın uzunluğu isə 100, eni 60 metrdi . 
 
 
Süni örtüklü məşq meydançasının isə uzunluğu 50, eni isə 25 metrdir. 
 
 
 
Burada komandaların təlim-məşq toplanışları keçirmək üçün istənilən şərait yaradılıb. Futbolçuların qalması üçün 6 mərtəbəli, 80 otaqlı otel inşa olunur. Otelin inşası hələ başa çatmayıb. Başa çatdıqdan sonra burada 200-300 uşağın qalmasına imkan yaranacaq.
 
 
Rəhbərlik bazanı inşa etdirərkən burada futbol akademiyasının yaradılmasını nəzərdə tutub. Kiçik yaşlı uşaqların təhsil alacağı bu akademiyada Şabrandan və digər rayonlardan istedadlı uşaqlar seçiləcək. Burada yetişdirilən uşaqlar “Əlincə”yə məxsus olacaq. 
Sırf təlim-məşq üçün nəzərdə tutulmuş bazada tribunalar mövcud deyil. Amma layihədə işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulub. Bazanın hazırda 3 soyunub-geyinmə otağı var, gələcəkdə artırılacağı gözlənilir. Stadiona mütəmade olaraq baxılır, bunun üçün xüsusi işçilər qulluq edirlər. Qazon ideal vəziyyətdədi.  
Bu bazadan istər ölkə klubları, istərsə də xarici klublar təlim-məşq bazası kimi istifadə edə biləcəklər. 
 
 
Otel hazır olduqdan sonra eyni vaxtda 2-3 klub burada təlim-məşq toplanışı keçirə biləcək. Futbolçular asudə vaxtlarını keçirmək üçün oteldə hər şərait yaradılacaq. Stolüstü oyunlar və digər əyləncəl məşğuliyyətlər otelin mərtəbələrində yerləşdiriləcək. 
Bazada koteclər, restoran və meyvə bağı da futbolçuların ixtiyarına verilib. 
 
 
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
 
 
İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
/ ŞABRAN

.
.
.
0.69460701942444