Rəşad Sadiqov: "Heç bir məşqçi öz ayağının altını qazmaq istəməz" - Müsahibə

20:30 10-04-2018
Rəşad Sadiqov: "Heç bir məşqçi öz ayağının altını qazmaq istəməz" - Müsahibə

"Neftçi" klubunun futbolçusu Rəşad Sadiqovun "Report"a müsahibə verib.
Sportmedia.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ" ilə qarşılaşacaqsınız. Baş məşqçinin şans verəcəyi təqdirdə, sabiq klubuna qarşı oynayacaqsınız. Qarşıdakı kubok oyunları barədə nə deyə bilərsiniz?
- "Qəbələ" ilə görüşlərin çətin olacağını bilirik. Hər iki komanda finala vəsiqə qazanmaq istəyir. Kim daha çox istəsə, o da qələbə əldə edəcək. Əlimizdən gələni edəcəyik ki, finala çıxan tərəf biz olaq. "Qəbələ"də də uğurlarım az olmayıb. Buna baxmayaraq, hər bir futbolçu hansı komandada oynayırsa, orada geydiyi formanın haqqını verməlidir. Qələbə qazanmağa çalışacağıq.
- Son turda da sizi meydanda görə bilmədik. Bunun səbəbi nə ilə bağlı idi?
- Baş məşqçi kubok oyununu da fikirləşir. Yarımfinal mərhələsinə hazırlaşırıq. İki gün fasilə ilə oyunlar var. Bunu hər futbolçu çatdıra bilməz.
- Premyer Liqanın XVI turunda "Sumqayıt"la matçdan sonra 3 oyunluq cəzalandırılmışdınız. Cəzadan sonra isə Sizə az şans verilib...
- Cəzanı başa vurandan sonra bir oyunda start heyətdə yer aldım. Bu, təbii haldır. Çünki cəzalı olduğum vaxt "Neftçi" yaxşı nəticələr əldə edirdi. Baş məşqçi qələbə qazanan heyəti dəyişə bilməzdi.
- Ruslan Abışov da cəzə səbəbindən bu matçda iştirak etməyəcək. Bu halda demək olarmı ki, bütün yük Sizin üzərinizə düşəcək?
- Ruslan "Neftçi"nın aparıcı futbolçularındandır. Hazırda futbolçu itirmək komanda üçün çətindir. 2 günlük fasilə ilə oyunlarımız olacaq. Ağır qarşılaşmalarda çox iştirak etmişəm. Başqa komandalarla oyuna necə çıxırdımsa, bu görüş də elə olacaq. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komandamız qələbə qazana bilsin.
- Ruslan Abışovun yoxluğunda yəqin ki, mərkəz müdafiəçisi mövqeyində oynayacaqsınız?
- Düzü, bu, hələ bəlli deyil. Qərarı komandanın baş məşqçisi oyun günü açıqlayacaq.
- Ümumiyyətlə, hansı mövqedə özünüzü daha rahat hiss edirsiniz?
- Mənim üçün fərqi yoxdur. Komandanın baş məşqçisi hansı mövqeyə qoysa, orada da çıxış edəcəyəm. Sol cinahda və mərkəzdə də yer ala bilərəm. Bütün mövqelərdə oynamağa hazıram.
- Kapitan sarğısı da sizdə olacaq...
- Belə bir hal ola bilər. Amma mən hər şeyi kapitanlıqla ölçmürəm. O sarğının kimin qolunda olması önəmli deyil. Futbolçuların hamısı bir-birinə hörmət etsə, qardaş kimi olsaq, hamı kapitan kimi sayılar.
- Kubok mübarizəsinin "Neftçi" üçün Avropa Liqasına vəsiqə baxımından son şans sayırsınız?
- Xeyr, bu, son şans deyil. Çempionatda da 6 oyunumuz var. Rəqiblərdən 4-5 xal geridəyik. Onlara çata və hətta keçə də bilərik. Azərbaycan Kubokundan avrokuboklara getmək daha rahatdır. Yarımfinalda iki oyunu sərfəli nəticə ilə başa vurduqdan sonra finalda da bir oyunu udub Avroliqaya vəsiqəni təmin etmək olar. Kuboku qazanmaq həm də bir prestij olduğundan, daha vacib sayılır. Bu titulu əldə edərək, çempionatda da 3-4-cü pillərə sahib olmaq istəyirik.
- Son turda "Sumqayıt"ı məğlub edə bilmədiniz. Bu heç-heçə avrokuboka vəsiqə şansınızı çətinləşdirmədi?
- Kubok və çempionat fərqli turnirlərdir. Çempionat 28 oyundan ibarətdir. Qarşıda çətin görüşlər də var. Kubokda isə bir dəfə səhv etsək, bu yarışla vidalaşacağıq. Bu heç-heçə bizə heç bir çətinlik yaratmayacaq. Əvvəlki kimi çıxış etməyə çalışacağıq.
- "Neftçi" kubokda nəyin hesabına "Qəbələ"ni məğlub edə bilər?
- Hansı komanda daha çox istəyəcəksə, hansı daha çox əzmkarlıq göstərəcəksə, o da finalı təmin edəcək. Komandamız çox istəklidir. "Neftçi" nə vaxtdan acdır: titul götürə bilmirik. Buna görə də futbolçularla hər zaman danışırıq. Hər kəsin istəkli olmasına şahidlik edirik. Bu istəyi itirməməliyik.
- Növbəti mövsüm də Sizi "Neftçi"də görə bilərik? Nəzərə alaq ki, bu il 35 yaşınız tamam olacaq...
- Bu, baş məşqçidən asılıdır. Yaşla heç bir əlaqəsi yoxdur. Məni komandada görmək istəsələr, qalıb oynayacağam. Can-başla "Neftçi"yə kömək etməyə hazıram. Yaş önəmli deyil. Bəzi futbolçular var ki, 37-38 yaşlarında da meydanda olurlar. Özümdə güc hiss edirəmsə, niyə də oynamayım?!
- Hələ bundan sonra neçə il oynaya bilərsiniz?
- Düzü, bilmirəm. Nə vaxt hiss etsəm ki, gücüm çatmır, o zaman karyeramı yekunlaşdıracağam.
- "Qəbələ"də də çıxış etmisiniz. Bu komandanın baş məşqçisi Roman Qriqorçukun sanki yerli futbolçularla problemi var. Heyətdə yerlilərə az şans verir...
- "Qəbələ"nin yaxşı əcnəbi futbolçuları var. Ona görə də Qriqorçuk məcburən onları oynada bilər. Komandada azərbaycanlı oyunçular da çıxış edir. Yerlilərin az şans qazandığını deməzdim. Ola bilər ki, hər hansı futbolçuya az şans versin. Reqlamentə görə, 5 azərbaycanlı oyunçu meydana start heyətdə çıxmalıdır. Kim yaxşıdırsa, baş məşqçi onu da meydana buraxır. Futbolçular şans vermək baş məşqçidən asılıdır.
- Demək olar ki, əksər yerli futbolçular "Qəbələ"də sabit çıxış edə bilmirlər...
- Mən "Qəbələ"də çıxış edəndə, yaxşı formada olan vaxt hər zaman meydanda olurdum. Baş məşqçi hazırda Cavid Hüseynov, Urfan Abbasov, Ruslan Qurbanov və Asif Məmmədovu müntəzəm oynadır. Kim yaxşı formada olursa, ona da şans verir. Kiməsə qəsdən şans verməmək isə bir az çətin məsələdir. Çünki heç bir məşqçi öz ayağının altını qazmaq istəməz. Futbolçunu yaxşı formada ola-ola oynatmamaq inandırıcı görünmür.
- "Qəbələ"nin hazırda yaxşı formada olmaması "Neftçi" ilə oyuna təsir edə bilərmi?
- Yenə qeyd etmək istəyirəm ki, çempionat və kubok oyunları tam başqadır. Ola bilsin, çempionata köklənmirlər, bütün güclərini kuboka saxlayıblar.
- Premyer Liqada isə növbəti oyununuz daha bir sabiq klubun "Zirə"yə qarşı olacaq...
- Sözün düzünü demək istəyirəm: "Zirə" ilə oyunu heç fikirləşmirik. Həmin matç haqqında düşünsək, "Qəbələ" ilə görüş yadımızdan çıxar. İlk növbədə, kubok oyununu düşünürük. Ondan sonra "Zirə" ilə bağlı fikirləşmək olar. Həmin qarşılaşmaya da qələbə əzmi ilə çıxacağıq. Hazırda "Zirə" "Neftçi"dən 4 xal irəlidədir. Bu rəqibi də keçmək istəyirik. Qələbə qazanmalıyıq, başqa şansımız yoxdur.


.
.
.
0.48446083068848