Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulur

11:13 11-04-2018
Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsi başa çatacaq.
Sportmedia.az xəbər verir ki, son matç günündə biri İspaniya, digəri isə Almaniyada olmaqla iki oyun baş tutacaq.
İspaniyanın "Real Madrid” komandası öz meydanında İtaliya "Yuventus”u ilə qarşılaşacaq. Madrid təmsilçisi İtaliyadakı görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Turin klubu bu qarşılaşmada möcüzəni reallaşdırmağa çalışacaq.
Meydan sahibləri bu matça ciddi itki ilə çıxacaq. Komandanın əsas müdafiəçisi Serxio Ramos cəzalı olduğuna görə bu oyunda iştirak etməyəcək. Madrid klubunun digər müdafiəçisi Naço isə zədə səbəbindən görüşü buraxacaq. Lukas Vaskesin isə iştirakı hələ bilinmir
Qonaqlarda isə Paulo Dibala və Rodriqo Bentankur cəzalı, Andrea Barzaqli isə zədə səbəbindən bu matçda yaşıl meydana çıxa bilməyəcək.
Günün digər oyununda Almaniyanın "Bavariya” klubu İspaniyanın "Sevilya” komandasını qəbul edəcək. İlk görüşdə səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya təmsilçisi cavab matçına itkilərlə çıxacaq. Manuel Noyer, David Alaba, Arturo Vidal və Kinqsli Koman zədə səbəbindən bu matçda iştirak etməyəcək.
Qonaqların heyətində isə Simon Kyer bu oyunu buraxacaq. Qabriel Merkado, Xoakin Korrea və Sebastyan Korşyanın bu matçda iştirakı məlum deyil.
Çempionlar Liqası
1/4 final (cavab oyunları)
11 aprel
22:45. "Real Madrid” (İspaniya) – "Yuventus” (İtaliya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun – 0:3
22:45. "Bavariya” (Almaniya) – "Sevilya” (İspaniya)
Baş hakim: Villi Kollam (Şotlandiya)
İlk oyun – 2:1


.
.
.