Ədalətli İdman Günü - Fotolar

15:09 11-04-2018
Ədalətli İdman Günü - Fotolar

Azərbaycanda ilk dəfə 10 Aprel – Ədalətli İdman Günü qeyd olunub.
Sportmedia.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda keçirilən tədbirdə Ədalətli İdman Günündən bəhs edən videoçarx nümayiş olunub.
AMADA-nın direktoru Şəfəq Hüseynli idmanda bərabərliyin qorunmasının vacibliyini, ədalətli qələbənin və “təmiz idman”ın əhəmiyyətini yüksək qiymətləndirib. AMADA-nın fəaliyyəti haqqında məlumat verən Ş.Hüseynli istifadəsi qadağan olunmuş preparatlardan istifadəyə qarşı görülən işlər, idmançıların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və perspektivlər haqqında məlumat verib.
AMADA-nın fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev deyib ki, artıq neçə illərdir ölkəmiz Ədalətli Oyunlar Hərəkatının fəal üzvüdür. İdmançılarımız beynəlxalq arenada uğurla çıxış edərək qələbələri ilə xalqımızı sevindirirlər. Ədalət prinsipi idmanda ən önəmli amildir. Bundan əlavə, rəqibə hörmətlə yanaşmaq və bərabər şəraitdə idman yarışları Ədalətli İdman Hərəkatının bir parçasıdır.
Sonra AMADA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Müxtəlif idman növləri üzrə qeyri-bərabər şəraitdə yarışların əyani nümayişindən sonra MOK-un baş katibinin müavini Azər Əliyev, Olimpiya çempionları Zemfira Meftahətdinova, Fərid Mansurov, Namiq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder və digərləri ədalətli idman prinsiplərinin vacibliyi, istifadəsi qadağan olunmuş preparatların qəbulunun idmançıların karyerasındakı zərərləri barədə danışıb və bütün atletləri “təmiz idman”a səsləyiblər.
Sonda idman ictimaiyyətinin nümayəndələri və tanınmış idmançılar Ədalətli İdman Günü ilə əlaqədar hazırlanmış müxtəlif şüarlarla şəkillər çəkdiriblər.
Beynəlxalq Antidopinq Agentliyi (WADA) 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən WADA-nın təhsil konfransında ədalətli idman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya ölkələri qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşularaq silsilə tədbirlərə ev sahibliyi edirlər. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada “təmiz idmançılar”ın sayının artmasına, atletlərə rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hislərini aşılamağa böyük töhfə verir. (AZƏRTAC)


.
.
.
0.40893793106079