Samir Abasov: "Yaxşı ki, bu oyunda başımız daşa dəydi"

18:47 12-04-2018
Samir Abasov: "Yaxşı ki, bu oyunda başımız daşa dəydi"

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Keşlə”yə uduzan (0:1) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportmedia.az xəbər verir ki, Abasov öncə oyunla bağlı fikirlərini bildirib:
- Kubok oyunudu, iki matçdan ibarətdi. Bəlkə də, bizim bu gün uduzmağımız daha yaxşı oldu. Hara baxırdın, “Sumqayıt”dan danışırdılar. Futbolçular göyə qalxmışdılar. Yaxşı ki, bu gün rəqib bizi göydən yerə saldı. Yaxşı ki, böyük hesabla uduzmadıq. Komanda bərbad oyun sərgilədi. Bəlkə də, bu cür oyunumuzun səbəbi əsas futbolçularımızdan bəzilərinin olmaması idi. Ancaq bu, bəhanə olmamalıdı. Avroliqaya haqq edən komanda getməlidi.
- Sanki “Neftçi” ilə matçdan sonra komandada yorğunluq var idi...
- “Neftçi” ilə oyundan sonra istirahət üçün yetərincə vaxt olub. Futbolçulara istirahət vermişik. Hansısa futbolçu özünü ulduz hesab edirsə... Bir də deyirəm, yaxşı ki, bu oyunda başımız daşa dəydi. İndi ikinci oyuna yaxşı hazırlaşacağıq.
- Hakim sizi texniki zonadan kənarlaşdırdıqdan sonra tribunada görünmədiz. Oyunu harda izləyirdiz?
- Matçı tribunadan izlədim. Rəqib oyunçuya sarı vərəqə verilməsini tələb edirdim. Rəqib komandanın 6-7 futbolçusu sarı vərəqə limitindədi. Bu oyunda sarı vərəqə alsalar, cavab oyununu buraxmalı olacaqdılar. 4-cü hakimdən tələb etdim ki, sarı vərəqə verilsin. Ancaq o məni qovdu. Sanki, hakimlərə tapşırıq olub ki, bizi cəzalandırsın. Oyunun əvvəlindən Seymur Rəhimovu və məni cəzalandırmağa çalışırdılar. Dediyim kimi, qovulmağım hakimlərin səhvi idi. Mən heç kimi təhqir etmədim. Sadəcə, qışqıraraq, etirazımı bildirdim.
- Tapşırığı kim verib?
- Bilmirəm, verən verib. Yəqin yuxarıdan olar. Deyirlər, səsinizi çıxarmayın, səbrli olun. Lakin mən məşqçiyəm, oyun vaxtı qışqırmalı, etirazımı bildirməliyəm.
- Əlinizdə şans olsa, Fərhad Vəliyevə nə qədər şans verərdiz?
- Mövsümün sonuna kimi.
- Bəzi oyunçularınızın başqa yerdə olduğunu dediz. Yəni başqa klubda?
- Saytları açırsan, gündə bir oyunçumuzu bir kluba calayırlar. İstər istəməz fikir yayına bilər. Oyunçularla danışacam. İnşallah, bu söhbət xeyrimizə olar... (komanda.az)


.
.
.
0.42919588088989