Ayxan Abbasov: "İstefadan qorxmuram"

23:06 15-04-2018
Ayxan Abbasov: "İstefadan qorxmuram"

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə” evdə “Neftçi”yə 0:3 hesabıyla uduzdu. Matçdan sonrakı mətbuat konfransında meydan sahiblərinin baş məşqisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportmedia.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Məğlub olmaq istəməzdik. Gözləmədiyimiz yenilgi oldu. Oyuna yaxşı başlasaq da, penalti, daha sonra isə qırmızı vərəqə bütün planlarımızı pozdu. İrəli atıldıq və bunun acısını çəkdik. Fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Bu klub mənə doğmadı. Birinci Diviziondan bu klubda çalışıram. Klub rəhbərliyi ilə görüşəcəm. Bundan sonra gələcək planlarımızı müəyyənləşdirəcəyik.
- Azarkeşlərlə nə baş verdi?
- Azarkeşləri də başa düşürəm. Qırmızı vərəqə aldıq, bundan sonra hücumları davam etdirdik. Hər dəfə gəlirlər, 70-ci dəqiqədən sonra “istefa” qışqırırlar. Sadəcə, onlara dedim ki, uşaqlara dəstək lazımdı. Mən istefadan qorxmuram. Dediyim kimi, bu klub mənə doğmadı. Klubun gələcəyi üçün nə xeyirlidisə, o da olmalıdı.
- Məğlubiyyətdə qırmızı vərəqə nə dərəcədə rol oynadı?
- Əlbəttə, müəyyən rolu oldu. Fasilədə sarı vərəqəsi olan futbolçulara ehtiyatlı olmağı tövsiyə etmişdim. Ola bilsin, Urdinovu əvəzləməli idim.
- İkinci hissədə “Neftçi”nin qapısı qarşısında qarışıqlıq oldu. Orada “Zirə”nin futbolçusu yerdə qaldı. Penalti olması şübhəsi yarandı. Həmin epizod barədə nə deyə bilərsiz?
- Mənə də penalti kimi göründü. Hətta həmin epizoddan öncə sanki top rəqib müdafiəçinin əlinə dəymişdi, Lakin indi təkrara baxmadan dəqiq bir şey deyə bilmərəm.
- “Zirə”nin 7 futbolçusu zədəlidi. Bunun komandanın nəticələrinə təsiri nə qədərdi? Zədələr komandanın süni örtükdə oynaması ilə bağlı deyil ki?
- Bu gün “Zirə”də 7 futbolçunun olmaması böyük itkidi. Lakin mən deyəndə, bu, bəraət kimi görünür. Siz sual verdiz deyə bu barədə danışıram. Bu oyunçulardan heç də hamısının zədəsi ot örtüyü ilə bağlı deyil. Ancaq meydança amili də müəyyən rol oynayır. Lakin bu, əsas səbəb deyil. (komanda.az)


.
.
.
0.42264699935913