Şaban Donat: "Bütün çəkilərdə medallara iddialıyıq" - VİDEO

18:57 24-04-2018
Şaban Donat: "Bütün çəkilərdə medallara iddialıyıq" - VİDEO

Xəbər verdiyimiz kimi, 30 aprel - 6 may tarixlərində Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
Sportmedia.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Mətbuat nümayəndələrinin suallarını cavablandıran yığma komandanın baş məşqçisi Şaban Donat çempionata hazırlıqla bağlı fikirlərini bölüşüb:
- Qarşıdakı Avropa çempionatı yeni qaydalarla keçiriləcək. Yarışa yaxşı hazırlıq dövrü keçmişik. Yarış ərəfəsində Ukrayna və İranda iştirak etdiyimiz turnirlərdə uğurlu nəticələr göstərmişik. Məşqçilər heyətində dəyişiklik baş verib. Rövşən Bayramov bilik və təcrübəsini artıq gənc güləşçilərlə bölüşür. Onunla birgə Emin Əhmədov da məşqçi kimi çalışır. Hesab edirəm ki, yığmaya yeni qan gəlib. Çempionata iddialı yollanacağıq. Bütün çəkilərdə iddialı olacağıq. Avropa çempionatında Azərbaycanı ən yaxşı səviyyədə təmsil edəcək, ölkənin bayrağını ucaltmağa çalışacağıq. Təbii ki, güclü rəqiblərimiz var. Amma biz də güclüyük.
- Daha çox hansı çəkilərdə qızıl medal gözləmək olar?
- Heyətimizdə Rəsul Çunayev kimi təcrübəli isimlər var. Biz kiminsə üzərinə yük qoymaq istəmirik. Çünki bu, fərdi mübarizə olduğundan, hər kəs özünə cavabdehlik daşıyır. Azərbaycan güləşdə iddialı ölkədir. Bütün çəkilərdə medallara iddialıyıq. Əyarını isə bilmək olmaz. Uda da, uduza da bilərik. Yəni, hamı qızıl medala namizəd deyil.
- 130 kq çəki dərəcəsindəki dəyişiklik nə ilə əlaqədardır?
- Ukraynadakı turnirdə zədələndiyi üçün Sabah Şəriətini Türmən Eyyubovla dəyişdik. Əslində Eyyubov 97 kq çəkidə güləşir. O da bu mövsüm yaxşı irəliləyişə nail olub. İranda keçirilmiş turnirdə bürünc medal qazanıb. Gənc olmasına baxmayaraq, hazırkı formasına əsasən, Türmənin 130 kq-da çıxış etməsini qərara aldıq.
- Eyyubov bu çəkidə müvəqqətidir?
- Bəli, 97 kq-a qayıdacaq. Özünü göstərə bilsə, əsas heyətin daimi üzvünə çevriləcək.
- 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında mübarizə 6 çəki dərəcəsi üzrə gedəcək. Həmin çəkilərə xüsusi diqqət yetirilirmi?
- Təbii ki, bu çəkilər daha çox diqqət mərkəzindədir. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra bütün çəkilərdə dəyişikliklər baş verib. Olimpiya çəkilərində Murad Məmmədov, İslam Abbasov, Orxan Nuriyev kimi gənc güləşçilərimiz var. 2019-cu ildə Rəsul Çunayevin də olimpiya çəkisinə keçirilmə məsələsinə baxacağıq. Komandaya yeni cəlb olunan güləşçilərlə davam etməyi düşünürük. 2020-ci il olimpiadasına ad-sanlı, döyüşkən, qızıl medala namizəd yunan-Roma güləşçisi hazırlayırıq. Növbəti olimpiadada bu növdə olimpiya çempionumuz olacaq. Bu istiqamətdə yeni köməkçilərimin də təcrübəsindən yararlanacağıq.


.
.
.
0.39404392242432