Yunis Hüseynov: "Kəpəz" Premyer Liqada olmasa, Gəncə futbolu heç olmayacaq"

16:36 14-05-2018
Yunis Hüseynov: "Kəpəz" Premyer Liqada olmasa, Gəncə futbolu heç olmayacaq"

"Kəpəz" futbol komandasının baş məşqçisi Yunis Hüseynov "Report"a müsahibə verib.
Sportmedia.az həmin müsahibəni təqdim edir:
- Premyer Liqanın son turunda "Neftçi" ilə keçirəcəyiniz oyuna hazırlıqlarınız nə zaman başlayacaq?
- Mayın 17-də Gəncəyə gedəcəyik. "Neftçi" ilə matça orada hazırlaşacağıq.
- Futbol ictimaiyyəti "Neftçi"nin bürünc medal qazanacağına şübhə etmir. Siz necə fikirləşirsiniz?
- Bu, mənə bir az təəccüblü gəldi. "Neftçi"ni indidən bürünc medalçı kimi təqdim etmək düzgün olmaz. Futboldur, hər şey ola bilər. Hələ qarşıda oyunumuz var. Unutmayaq ki, həmin komanda ilə son matçımız Gəncədədir.
- Bu, sizin üçün vaxtilə "Kəpəz"lə "Neftçi" arasında keçirilmiş barışmaz mübarizəni xatırladacaq, yoxsa adi bir oyun kimi baxacaqsınız?
- Mən hazırda "Kəpəz" komandasının baş məşqçisiyəm. Bizim son oyunumuz qalıb. Çalışmalıyıq ki, axırıncı oyunda yaxşı nəticə əldə edək. Qələbə üçün oynayacağıq. Meydana uduzmağa yox, qələbə üçün çıxırıq. Bunu komandanın futbolçuları da dərk edir. Bu oyuna tam ciddi hazırlaşacağıq. İnanıram ki, zədəli oyunçularımız da sıraya dönəcək. Komandamızda zədəli futbolçular həddindən artıq çoxdur. Onların müalicəsi davam edir. Ümid edirəm ki, "Neftçi" ilə oyuna qədər zədələrini bərpa edəcəklər.
- Zədəlilərdən hansıları "Neftçi" ilə görüşdə komandaya kömək etmək gücündədirlər?
- Müdafiəçimiz İqor Korotetski, Tural Cəlilov, Quli Mancqaladze zədəlidir. Bunların hamısı əsas heyət üzvləridir. "Zirə" ilə oyunda Şəhriyar Əıiyev iynə ilə çıxış etdi. Həmin qarşılaşmada demək olar ki, müdafiəçi yox idi. İnanıram ki, qarşıdakı oyuna kimi həmin futbolçular sıraya dönəcəklər və sonuncu qarşılaşmada da layiqli oyunla çempionatı başa vura biləcəyik.
- "Kəpəz" növbəti mövsüm üçün lisenziya alsa da, idman prinsiplərinə görə I Diviziona düşməlidir. Növbəti mövsüm bu komandada qalacaqsınız? Qalacaqsınızsa, bu heyətdən hansı futbolçuları saxlayacaqsınız?
- Hazırda biz bu məsələni müzakirə etmirik. Düzü, qarşıdakı oyunu fikirləşirik. Növbəti mövsüm Gəncə komandası Premyer Liqada olacaq və olmayacaq - bu, gələcəyin işidir. Düşünürəm ki, komanda Premyer Liqada olmasa, Gəncə futbolu heç olmayacaq.
- Komanda Premyer Liqada oynamırsa, bu o demək deyil ki, artıq orada futbol yoxdur...
- Ola bilsin ki, Premyer Liqada olaq. Hər şey ola bilər. Yaşayarıq görərik.
- Ola bilərmi ki, "Kəpəz" I Divizionda da olmasın?
- O barədə məlumatım yoxdur. Ola da bilər, olmaya da. Hər şey mümkündür. Mən onu demək istəyirəm ki, Premyer Liqada ola da bilərik. Bu, gələcəyin işidir. Gələcəkdə onu daha dəqiq biləcəyik ki, "Kəpəz" olacaq və ya olmayacaq. Siz mənə sual verdiniz ki, komandada qalacaqsınızmı? Mən də onu demək istəyirəm ki, komanda mümkündür ki, olmasın. Heç bir məlumatımız yoxdur. Onu gələcəkdə biləcəyik.
- Bəs siz I Divizion komandasının sükanı arxasında olacaqsınız?
- Ona hələ baxarıq. O da gələcəyin işidir.


.
.
.
0.37561321258545