"Qəbələ”nin güclü tərəflərini bilirdik" - Yuri Maksimov

10:49 29-05-2018
"Qəbələ”nin güclü tərəflərini bilirdik" - Yuri Maksimov

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Kubokunun finalında "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib.
Sportmedia.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Oyun necə keçdi?
- "Qəbələ”nin güclü tərəflərini bilirdik. Əsas silahları irəlidə oynayan 3 legionerdi. Onların vasitəsilə hücuma çox sürətli çıxırdılar. Biz çalışdıq ki, öz yarım sahəmizdə onlara oynamağa imkan verməyək. Bunun üzərində çox çalışmışdıq.
- "Qəbələ”nin start heyəti sizin üçün sürpriz deyildi?
- Onlar sxemi dəyişmişdilər, "4-4-2” oynamadılar. Amma bu, elə də sürpriz olmadı. Baqali Dabo sol cinahda yarımmüdafiə-hücum qarışığı kimi oynayırdı. Filip Ozobiç də mərkəzdə yox idi. Onlar da bizim kimi 3-4-3 şərti düzülüşü ilə meydana çıxmışdılar.
- Güzgü sxemi...
- Bəli, biz onların 3 hücumçusunu mərkəzdə zərərsizləşdirməyə çalışdıq. Düşünürəm ki, şans da bizim yanımızda idi. Çünki futbolda şansın köməyi olmadan uğur qazanmaq çətindi. Biz də 0:1 hesabı ilə uduza bilərdik. Nəticədən razıyıq.
- Əsas sual. Sonra necə olacaq?
- Bu artıq bizim yox, AFFA-nın məsələsidi.
- Sizin karyeranızı soruşuruq...
- Bilmirəm, gözləyək, görək nə olacaq. Amma düşünürəm ki, yəqin Zaur Axundov da qalmağımı istəyir. Mən də bunun əleyhinə deyiləm. Lakin avrokuboklarda uğur qazanmaq istəyiriksə, ciddi dəyişikliklər etməli, güclənməliyik.
- Həmyerliniz Roman Qriqorçuk artıq istefasını elan etdi. Necə düşünürsüz: onun Azərbaycandakı karyerası alındı?
- Düşünürəm ki, o burada çox yaxşı işlər gördü. Ukraynada da haqqında yaxşı fikir formalaşıb.
- Qarşıda avrokuboklara çox az zaman qalıb. Komandadakı taleyiniz bəlli deyil...
- Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq. Konkret heç nə məlum deyil. Yeni müqavilə imzalayacağıqsa, bunların hamısını danışmalıyıq.(komanda.az)


.
.
.