Zaur Axundov: "Keşlə" klubu hər zaman bu prosesə öz töhfəsini verməyə çalışacaq"

16:32 07-08-2018
Zaur Axundov: "Keşlə" klubu hər zaman bu prosesə öz töhfəsini verməyə çalışacaq"

“Keşlə” FK-nın müşahidə şurasının sədri Zaur Axundov klubun rəsmi saytına açıqlama verib.
Sportmedia.az həmin açıqlamanı diqqətinizə çatdırır:
“Son günlər bəzi mətbu orqanlarda “Keşlə” klubunun Avropa Liqası turniri çərçivəsində Maltanın “Baltsan” komandasına qarşı səfərdə keçirdiyi oyunun guya ki, UEFA tərəfindən şübhəli oyunlar siyahısına salınması ilə bağlı əsassız, absurd və düşünürəm ki, qərəzli məlumatlar yer almaqdadır. Burada vurğulanması vacib olan bir sıra məqamlar var. Əvvəla, Avropa Liqası hansısa milli assosiasiyanın və ya digər təşkilatın deyil, UEFA-nın təşkil etdiyi turnirdir. UEFA-ya məxsus turnirlərdə şəffaflığın təmin olunması birbaşa qaydada Avropa futbol təşkilatının diqqətində olan məsələdir. “Keşlə” klubunun Müşahidə Şurasının sədri, eyni zamanda, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olaraq hər hansı oyunun nəticəsinin danışılmış olması barədə hətta hər hansı kiçik ehtimala, azacıq şübhəyə belə etinasız yanaşmayacağım heç kimdə şübhə doğurmasın. Azərbaycan futbolunda şəffaflığın qorunub-saxlanması üçün ötən mövsüm “Keşlə” klubun iştirakı ilə görülən tədbirlər yəqin ki, çoxlarının yadındadır. Klubun və şəxsən mənim bu məsələ ilə bağlı mövqeyim heç bir halda dəyişə bilməz.

Lakin bəzi mətbu orqanlarda artıq ittiham xarakterli məlumatların yer alması məsələyə reaksiya verməyimizi zəruri edir. “Baltsan” – “Keşlə” oyunu ilə bağlı “Keşlə” klubunun ünvanına səsləndirilən ittihamların heç bir məntiqi əsası yoxdur, kiminsə təxəyyülünün məhsulu olan həmin məlumatlar həqiqəti əks etdirmir. Bir daha qeyd edirəm ki, UEFA-nın təşkilatçılığı ilə keçirilən turnirlərdə nəticəsi şübhəli sayıla bilən qarşılaşmalar olduqda araşdırma dərhal UEFA tərəfindən aparılır və yerli futbol federasiyalarına dərhal məlumat verilir.

Bununla bağlı AFFA ilə əlaqə saxlamışam. “Baltsan” – “Keşlə” qarşılaşmasının nəticəsinin şübhəli olması barədə UEFA-dan AFFA-ya heç bir məlumat daxil olmayıb. Həmin oyunun şübhəli qarşılaşmaların siyahısına daxil olunması barədə bəzi saytlarda verilmiş məlumat doğru deyil. Bu cür əsassız yazıların dərc olunması təkcə bir şəxsin, bir klubun deyil, bütövlükdə ölkə futbolunun imicinə xələl gətirə bilər. Heç kim öz fantaziyasının məhsulunu ictimaiyyətə fakt kimi təqdim etməyə cəhd göstərməməlidir. Azərbaycan futbolunun şəffaf, hər cür danışılmış oyunlardan uzaq olması üçün fəaliyyətimizi və mübarizəmizi bundan sonra da davam etdirəcəyik. “Keşlə” klubu da hər zaman bu prosesə öz töhfəsini verməyə çalışacaq”.


.
.
.
0.45755290985107