Startda 2-ci böyükhesablı, Premyer Liqada 450-ci qol

14:19 13-08-2018
Startda 2-ci böyükhesablı, Premyer Liqada 450-ci qol

Azərbayacan Premyer Liqasının 2018/19 mövsümünə “Səbail”lə qarşılaşma ilə start verən “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.
Sportmedia.az xəbər verir ki, bu, klubun tarixinə 49-cu böyükhesablı qələbə kimi düşüb. “Qırmızı-qaralar” 28-ci dəfə Premyer Liqa matçında 3 və ya daha çox top fərqinə nail olub.

“Qəbələ” tarixində 2-ci dəfə Premyer Liqada mövsümə böyükhesablı qələbə ilə başlayıb. İlk belə hadisə 2008/09 mövsümündə qeydə alınmışdı. 10 il öncə bölgə təmsilçisi startda “Muğan”ı 4:1 hesabı ilə məğlub etmişdi.

“Səbail”lə matçda vurulan ilk top “Qəbələ”nin Premyer Liqada 450-ci qolu kimi tarixə düşüb. Yubiley qolunun müəllifi Asif Məmmədov olub. “Qırmızı-qaralar” 365-ci oyununda rəqib qapısına vurulan topların sayını 452-yə çatdıra bilib.

Asif həm də özünün “qırmızı-qara” forma ilə 10-cu çempionat qoluna imza atıb. Ümumilikdə isə yarımmüdafiəçi “Qəbələ”nin heyətində 13 dəfə rəqib qapısına yol tapıb. Bütün qollarını çempionatda vuran Ürfan Abbasov isə 3-cü dəfə fərqlənib.

“Qəbələ”də qol hesabını açan Ceyms Adeniyi klub tarixinə bunu bacaran 120-ci oyunçu kimi düşüb. O, “qırmızı-qaralar”ın Premyer Liqada qol vuran 92-ci futbolçusudur.

5 oyunçu isə Premyer Liqada ilk dəfə “Qəbələ” formasını geyinib. Sabien Lilay, Ceyms Adeniyi, Lalavele Atakora, Bəhlul Mustafazadə və Rauf Əliyev UEFA Avropa Liqasının ardından çempionatda da “qırmızı-qaralar”da debüt ediblər. Bununla da komandanın Premyer Liqada çıxış edən futbolçularının sayı 214-ə çatıb.


.
.
.
0.39460110664368