Ramin Musayev: "Bədavi Hüseynov 3 metr qabağa gedə bilməzdi?" - Müsahibə

17:27 15-08-2018
Ramin Musayev: "Bədavi Hüseynov 3 metr qabağa gedə bilməzdi?" - Müsahibə

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin "Report"a müsahibə verib.
Sportmedia.az həmin müsahibəni təqdim edir:
- "Qarabağ" səfərdə Belarusun BATE komandası ilə heç-heçə etsə də, iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasında mübarizəni dayandırdı. III təsnifat mərhələsindəki bu oyunları necə dəyərləndirirsiniz?
- Mən həmişə demişəm ki, klublarımız avrokuboklarda yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirlərsə, matçlara yayda yox, qışda hazırlaşmalıdırlar. Çünki futbolçular bir-birilərinin oyun sxemini başa düşməlidirlər. Klublarımız isə gözləyirlər ki, avrokuboklara vəsiqə qazansınlar və ondan sonra heyəti formalaşdırsınlar. Bu, təəssüfləndirici haldır. "Qarabağ"da da böyük dəyişikliklər oldu. Yeni oyunçuların komanda yoldaşlarına uyğunlaşmalarına bir neçə tur lazımdır. Bütün klublarımızın necə çıxış edəcəyini 4-5-ci turlardan sonra biləcəyik. Çünki futbolçuların 40-50 faizi yenidir. Bunların bir-birini başa düşmələri üçün oyunlar lazımdır. Fikrimcə, komandalarımız bu səbəbdən Avropa Liqası ilə vidalaşdılar.
- "Qarabağ"ın kapitanı Rəşad Sadıqov BATE ilə hər iki oyundan sonra tənqidlərə məruz qalıb. İstər bəzi media nümayəndələri, istərsə də azarkeşlər düşünürlər ki, o, karyerasını başa vurmalıdır. Siz necə düşünürsünüz, Sadıqovu günahlandırmaq olarmı?
- Bəlkə də oxucular fikirləşərlər ki, Ramin Musayev Rəşad Sadıqovla yaxın dostdur və bu sözü ona görə deyir. İstər dostum olsun, istərsə də qardaşım, həmişə nə varsa, düzünü danışmağı özümə borc bilmişəm. Tanıyanlar bilir ki, mən hər zaman haqqı deyirəm. Rəşadı bu oyunlara görə günahlandırsaq, onun haqqına girmiş olarıq. Həmin epizodlarda onu günahkar biliriksə, gərək etdiyi bəzi səhvlərə görə qapıçını qovaq. BATE-nin vurduğu qoldan öncə İnnosent Emeqara topu başı ilə 30-40 sm kənara vurdu. Həmin epizod qolla nəticələnsəydi, bu hadisələr olmayacaqdı. Komanda birinci oyunda 0:1 hesabı ilə uduzdu. Burada Rəşadı günahlandırmaq düzgün deyil. Bəlkə də Sadıqov olmasaydı, 0:4 hesabı ilə uduzardıq. Rəşadın futbolda gördüyü praktika ona oynamasa da, bəsdir. Mən komandanın onun səhvindən uduzması fikri ilə razı deyiləm.
- "Qarabağ"ın kapitanı iki oyunda da eyni səhvi etdi. Azarkeşlər daha çox bunu əsas gətirirlər...
- Belarusdakı oyunda Bədavi Hüseynov 3 metr qabağa gedə bilməzdi? Gərək top qucağına gəlsin? Qapıçı da çıxa bilərdi. O fikri deyənlər azarkeş baxışı ilə deyirlər. Mən azarkeşlərin fikri ilə razı deyiləm.
- Sizcə, "Qarabağ"ı Avropa Liqasının qrup mərhələsində görə biləcəyik?
- Avroliqanın "pley-off" mərhələsində Moldovanın "Şerif" və ya İslandiyanın "Valür" komandası ilə qarşılaşacağıq. İslandiya futbolu zəif deyil. Baxmayaraq ki, kiçik ölkədir. Onların futbolunun güclü olması yığma komandalarından bəllidir. İnanıram ki, "Şerif"lə düşsək də onları keçə bilərik. Rəqibin kimliyini hələ bilmirik. Ona görə danışmaq bir az çətindir. O vaxta qədər komanda Premyer Liqada oyun da keçirəcək. Düşünürəm ki, "Qarabağ" bu il də bizi sevindirəcək.
- Ardıcıl ikinci mövsüm üz-üzə gəlmə şansının daha böyük olduğu "Şerif"i keçə bilməsə, demək olarmı ki, "Qarabağ" zəifləyib? Çünki Ağdam təmsilçisi bu rəqibi ötən il mübarizədən kənarlaşdırmağı bacarmışdı...
- Bizim onları qınamağımızda günahkar özləridir. Çünki gözləmədiyimiz addımları atıblar. Qələbələrlə bizi sevindiriblər. Bizi "Qarabağ"ın qələbələrini görməyə öyrəşdiriblər. Ona görə də bu uğuru davam etdirmək borclarıdır. Sizinlə razıyam, qrup mərhələsinə vəsiqə qazana bilməsələr, onları günahlandırmağa haqqımız var. Loru dildə desək, özləri bizi pis öyrətdilər. Qrup mərhələsinə vəsiqə qazanmalıdırlar. İnanıram ki, "pley-off" səddini keçəcəklər. Uduzmaqdan danışmayaq, çünki buna inanmıram.
- Azərbaycan Premyer Liqasının ilk turunda baş tutan 3 oyunda sizdə necə təsir bağışladı?
- İlk turumuz pis keçmədi. Adətən, açılış turundakı matçlar o qədər də gərgin olmur. Ancaq 3 oyunun hamısı maraqlı alındı. Udan və uduzan tərəflər də razı qaldı.
- İlk turda "Qəbələ" klubunun bəzi futbolçularının formalarında soyadları Azərbaycan dilində yazılmamışdı. Bu barədə PFL kluba xəbardarlıq da edib. Bu məsələ ilə bağlı dəqiq bir qayda mövcuddur?
- Hamısı eyni şəkildə Azərbaycan dilində yazılmalıdır. Bilirik ki, klub Avropa Liqasında çıxış edirdi. Formalar həmin turnirin reqlamentinə görə yazılıb. Ancaq bizim çempionatın öz yazısı var. Klubu artıq xərcə salmaq istmədik. Gərək onda formaların hamısı dəyişiləydi. Ancaq bu məsələ ilə bağlı xəbərdarlığımızı bildirmişik.
- Bir qayda olaraq, futbolçunun soyadı, yoxsa adı yazılmalıdır?
- Bunun heç bir fərqi yoxdur. Əsas odur ki, Azərbaycan dilində, əlifbasında yazılsın.


.
.
.
0.38591599464417