"Qarabağ"ın zəif nöqtələri də var" – "Şerif"in baş məşqçisi

19:30 22-08-2018
"Qarabağ"ın zəif nöqtələri də var" – "Şerif"in baş məşqçisi

Moldovanın “Şerif” komandasının baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri ev oyunundan öncə mətbuat konfransında fikirlərini bildirib:
Sportmedia.az xəbər verir ki, Xorvatiyalı mütəxəssis onları çətin oyunun gözlədiyini söyləyib:
“Qarabağ” çox güclü, yaxşı komandadı. Rəqibimiz topa sahib olmağı və hücum etməyi xoşlayır. Bu komanda Avropada öz gücünü artıq ortaya qoyub. Buna görə də sabah bizim üçün çox çətin olacaq. Bütün komanda hazırdı, zədəlimiz yoxdu. Futbolçuların son vəziyyətinə baxacaq və start heyətini müəyyənləşdirəcəyik”.
Sabliç daha çox əks-hücumda oynayacaqlarını bildirib:
“Sabah taktiki cəhətdən kompromisə getməli olduğumuzu başa düşürük. İki gün əvvəl çətin oyunda qalib gəldik (yerli çempionatda “Milsami” ilə matçı (2:0) nəzərdə tutur – red.) və müxtəlif formalarda oynaya bildiyimizi göstərdik. Sabah da meydana yaxşı nəticə əldə etmək üçün çıxacağıq. Komandada atmosfer yaxşıdı. “Qarabağ”a qarşı “Milsami” ilə oyundakı modellə oynayacağıq. Rəqibi əks-hücumlarda yaxalamağa və müdafiədə etibarlı davranmağa çalışacağıq. Çünki “Qarabağ”da topa yaxşı sahib ola bilən texnikalı və sürətli futbolçular var. Onlarda oyun intizamı yüksək səviyyədədi. Amma zəif nöqtələr də var. Bunlardan istifadə etmək üçün ən yüksək keyfiyyətdə oynamalıyıq. Təbii ki, çətin olacaq. Ancaq ən yaxşı oyunumuzu göstərsək, qrup mərhələsinə yüksələ bilərik. Sabah əlimizdən gələni edəcəyik”.
“Şerif”in baş məşqçisi yerli azarkeşlərin də dəstəyi ilə sərfəli nəticə qazanmağa çalışacaqlarını söyləyib:
“Rəqibin hücum etdiyi anlar bizim üçün daha uyğundu. “Qarabağ” daha pozisiyalı və texnikalı futbol oynayır. Buna görə də meydanda iki fərqli fəlsəfə olacaq. Hər iki komandanın şansı var. Ev oyununda azarkeşlərimizin yaxşı dəstəyinə ümid edirik. Çalışacağıq elə bir nəticə əldə edək ki, bu, bizə daha irəli getməyə imkan versin”.


.
.
.
0.53026700019836