"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

16:44 04-09-2018
"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
Sportmedia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə iki mərhələnin cütləri bəlli olub. Yarışa bu yolla qatılan komandalar arasında “Qəbələ” də yer alıb.
Ötən mövsüm Gənclər Liqasının qalibi olan “qırmızı-qaralar” qitəmiqyaslı turnirdə Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək. İlk oyun oktyabrın 3-də, cavab matçı 24-də baş tutacaq. Azərbaycanı ikinci dəfə bu turnirdə təmsil edəcək “Qəbələ” ilk görüşü evdə keçirəcək.
Bu cütün qalibinin ikinci raunddakı rəqibi “Herta” (Almaniya) – “Lex” (Polşa) duelində müəyyənləşəcək. Bu cütlərdə qalib gələn komandalar arasında matçlar noyabrın 7-də və 28-də üz-üzə gələcək. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk səddi adlasa, II mərhələyə evdə start verəcək.
Xatırladaq ki, bu iki mərhələni adlayan 8 komanda pley-offa vəsiqə qazanacaq. Onlar pley-offda Çempionlar Liqasında qrup ikincisi olan komandalarla 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq.


.
.
.
0.48973894119263