İsgəndər Cavadov: "...vurduğum qol mənim üçün unudulmazdır"

13:32 20-09-2018
İsgəndər Cavadov: "...vurduğum qol mənim üçün unudulmazdır"

Bu gün "Neftçi”nin veteran futbolçusu İsgəndər Cavadovun doğum günüdür.
Sportmedia.az xəbər verir ki, 1956-cı ildə dünyaya gəlmiş sabiq hücumçu 1977-1988-ci illər ərzində "Neftçi”nin heyətində 303 oyun keçirib, 61 qol vurub.

Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.

- Doğum gününüz mübarək, İsgəndər müəllim!
- Çox sağ olun! Təşəkkür edirəm ki, unutmursuz, yad eləyirsiz.

- Karyeranız boyu doğum gününüzdə meydana çıxmısızmı?
- Xeyr, doğum günümə təsadüf edən oyunum olmayıb.

- İndiyə qədər aldığınız ən gözlənilməz hədiyyə hansıdır?
- 50 yaşımda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə mükafatlandırılmağım və 60 yaşımda Prezident təqaüdünə layiq görülməyim mənim üçün ən gözlənilməz hədiyyələr olub.

- "Neftçi”nin heyətində 61 qol vurmaqla yanaşı, hər mövsüm çoxlu sayda məhsuldar ötürmənin müəllifi olmusuz və komandaya penaltilər qazandırmısız. Yəni komandanın qollarının bir çoxunda sizin böyük rolunuz olub. Bununla belə, məhz özünüzün vurduğunuz qollardan hansı sizin üçün unudulmazdır?
- 1986-cı ildə Bakıda "Çernomorets”in qapısına başım üzərindən qayçıvari zərbə ilə vurduğum qol mənim üçün unudulmazdır. Ümumiyyətlə, çox şadam ki, "Neftçi” kimi klubun tarixinə düşmüşəm. Həmişə çalışmışam öz oyunumla sübut edim ki, Azərbaycanda yaxşı futbolçular var. Arzu edirəm ki, Azərbaycanda Əbdülqəni Nurməmmədovdan, Maşallah Əhmədovdan, İqor Ponomaryovdan, Səməd Qurbanovdan, Səmədağa Şıxlarovdan, Asim Xudiyevdən, Asif Əliyevdən, məndən daha yaxşı futbolçular yetişsin. "Neftçi”yə uğurlar arzulayıram!


.
.
.
0.50562286376953