“İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq”

20:35 16-11-2018
“İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq”

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Bakı Olimpiya Stadionunda Azərbaycan - Farer adaları matçı keçiriləcək.
Sportmedia.az yığmamızın baş məşqçisi Qurban Qurbanovun və komandanın üzvü Rüfət Dadaşovun oyundən əvvəl keçirilmiş mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Qurban Qurbanov: “Oyunla bağlı çox danışmağa ehtiyac yoxdur. Sabahkı qarşılaşmaya komandanı pis hazırlamamışıq. Oyunu düzgün qurub, uğurlu nəticə qazanmağa çalışacağıq. Rəqibi də yaxından tanıyırıq, onlara qarşı oynamışıq. İddialı danışırlar, biz də iddialıyıq. Futbolçularımız ən yaxşı oyununu göstərməyə çalışacaq və rəqibin sürprizlərinə hazır olmalıyıq. Kosovo ilə oyunlarını izləmişik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq. Təbii ki, oyunun gedişində müəyyən dəyişikliyə əl atacağıq.
Futbolçulardan əsas tələblərimdən biri oyun zamanı hücumda sayımızın çoxalmasıyla bağlıdı. Mütləq deyil ki, meydana iki hücumçu ilə çıxaq. Ön xətdə yer alan futbolçulara hər zaman hücumçu kimi yanaşmışam. Məqsədimiz oyun üslubumuzu yaxşılaşdırmaqdır. Buna nail olmaq üçün dəyişikliyə ehtiyac olsa, edəcəyik. İstənilən halda, sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”.

Rüfət Dadaşov: “Komandamız üçün vacib oyun olduğunu bilirik. Əlbəttə, çalışmalıyıq ki, yekunda sevinən tərəf biz olaq. Öz oyunumuzu oynamalıyıq. Rəqibin heyətində ucaboylu futbolçular yer alıb, amma bizim də bu cür oyunçularımız var. Hücumçuyam, qol vurmalıyam. Ancaq Farer adaları və Kosovo ilə oyunlarda kimin fərqlənməsi yox, Azərbaycan milli komandasının qələbə qazanmağı vacibdir”.


.
.
.
0.39954996109009